Xəbər lenti
"Doğulan hər bir uşağa birdəfəlik 1000 manat yardım ödənilsin"
Natiq Cəfərli: “Bizim təklifimiz olacaq ki, doğulan hər bir uşağa birdəfəlik yardım kimi 1000 manat ödənilsin”
Uşaqpulu mövzusu son günlər ən çox müzakirə olunan məsələlərdən biridir. Xüsusən də REAL Partiyasının sədri İlqar Məmmədovun birinci uşağa uşaqpulu verilməməsi ilə bağlı fikri müzakirəyə və etirazlara səbəb oldu. Daha sonra TV Müsavatın efirində mövzu müzakirə edilərkən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, partiya sədri fikrini yanlış səsləndirib. O, əslində birinci uşağa uşaqpulu verilməsin deyərkən, körpə dünyaya gələrkən verilən birdəfəlik müavinəti yox, aybaay verilməsi müzakirə edilən uşaqpulunu nəzərdə tutub. Hər nə qədər izah verilmiş olsa da, bu fikir ən müxtəlif formalarda müzakirəyə qoyularaq tənqid olunub.
Lakin uşaqlara hər ay uşaqpulunun verilməsi məsələsi ətrafında fikir səsləndirən müstəqil iqtisadçı ekspertlər də ilkin mərhələdə ikinci uşaqlara uşaqpulunun verilməsini təklif ediblər. Çünki bu zaman uşaqpulu adlı sosial müdafiə mexanizminin işə salınması üçün dövlətdən tələb olunan məbləğ də optimallaşdırıla bilər.
İqtisadçı ekspert Natiq Cəfərli də mövzu ilə bağlı açıqlamasında qeyd edib ki, partiyanın uşaqpulu ilə bağlı təkliflər paketi hazırlanır: “Bizim bu məsələ ilə bağlı təkliflər paketimiz hazırlanır, parlament təmsilçimiz vasitəsilə büdcə komissiyasına təqdim ediləcək. Əgər may ayının sonu, iyunun əvvəli üçün büdcəyə dəyişikliklərlə bağlı hökumətdən təklif gəlsə, o zaman müzakirəyə çıxarılacaq. Büdcəyə dəyişikliklə bağlı belə bir ehtimal var, Azərbaycanda belə bir ənənə formalaşıb. Büdcə hər il ilin ortasında müəyyən dəyişikliklərə məruz qalır. Bu zaman uşaqpulu ilə bağlı təkliflər paketimiz müzakirəyə qoyulacaq. Əgər dəyişiklik olmasa, növbəti ilin büdcə müzakirələri başlayarkən, uşaqpulu məsələsinin 2022-ci ilin büdcəsinə salınması üçün təkliflər paketi təqdim ediləcək. Burada çox sadə və əsaslandırılmış bir mexanizm irəli sürülüb”.
N.Cəfərli vurğuladı burada insanların qarışdırdığı məsələ doğularkən uşaqlara verilən birdəfəlik müavinətlə aylıq uşaqpulunun fərqidir:
“Azərbaycanda indi doğulan hər bir uşağa dövlət 200 manat yardım edir. Bu çox az bir məbləğdir və insanları qane etmir. 200 manat heç uşağın xəstəxana xərclərini belə ödəmir. Bu səbəbdən bizim təklifimiz o olacaq ki, doğulan hər bir uşağa birdəfəlik yardım kimi 1000 manat ödənilməsi qanuni olaraq təsdiqlənsin. 2022-ci ilin büdcəsində isə uşaqpulunun verilməsinə başlanılması üçün mənbələr və onun alqoritmi hazırlanmalıdır. Gələn ildən isə ikinci uşaqlara, 917 minə yaxın uşağa ayda 100 manat verilsin. Rəsmi statistikaya görə, ölkəmizdə ailələrdə ikinci uşaqların sayı 917 minə yaxındır. Bu da təxminən illik 1 milyard manata yaxın vəsait edir”. İqtisadçı hesab edir ki, ilkin mərhələdə belə məhdud bir başlanğıc olsa, Azərbaycanın büdcəsi bunu qaldıra bilər: “Bugünkü büdcənin belə parametrlərində bunun əsaslandırılması mümkündür. Belə ki, büdcənin sosial xərcləmələrində effektsiz xərclənən vəsaitlər çoxdur. Sosial xərclərin ünvana çatdırılması ilə bağlı məsələni həll etsək, təxminən 400 milyon manata yaxın vəsaitin mənbəyinin olduğunu görəcəyik. Azərbaycanda 0-18 yaş arası 2,8 milyon uşağın 917 min nəfərinə ödənişlərin 2022-ci ilin büdcəsindən verilməsinə nail ola bilsək, 2023-cü ilin büdcəsində bu məbləğlərin artırılması, üçüncü uşağa şamil edilməsi mümkündür. Bununla da proqram ölkədəki uşaqların təqribən 2 milyon nəfərini əhatə edəcək. Bu isə o deməkdir ki, uşaqpulu məsələsi öz həllini tapacaq”.
Ekspert bildirdi ki, hazırda uşaqpulundan əlavə aztəminatlı ailələr üçün ən vacib məsələ mənzil problemidir:
“Bizim təklif etdiyimiz paketdə maddi yardım nəzərdə tutulmur. Təkliflərimizdən biri də sosial mənzillərlə bağlıdır. Yəni təkcə ödənişlərin olunması yetərli deyil. Bu həm də effektiv deyil. Çoxuşaqlı və aztəminatlı ailələrin sosial mənzillərə çıxışının asanlaşdırılması ilə bağlı da təklifimiz olacaq. Bu çoxuşaqlı və imkansız ailələrin ən böyük problemlərindən biridir. Onlar arasında bir sorğu keçirsək, əsas mənzili seçərlər, nəinki ödənişləri. Bizim təkliflərimiz 2022-ci ilin büdcəsinə aiddir, bu, ömürlük bir qanun deyil. 2022-ci ilin sonunda isə 2023-cü illə bağlı əlavə təkliflər etmək mümkündür”.(yeni müsavat)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar