Xəbər lenti
BBC bu gün İLK DƏFƏ Yaqub Zurufçunun timsalında Azərbaycan musiqisinə bir saat vaxt ayıracaq
Bəli, məşhur BBC yaranışından bəri özünün və Azərbaycanın tarixində ilk dəfə olaraq bu gün – aprelin 2-də dünya şöhrətli sənətkarımız Yaqub Zurufçunun timsalında Azərbaycan musiqisinə düz 1 saat vaxt ayıracaq.
On illərlə həsrətində olduğu Azərbaycana özünün qəlbləri titrədən məşhur “Ayrılıq” mahnısı ilə əbədi olaraq qovuşan Yaqub Zurufçü ulu Təbrizdən başlayan sənət uğurunu sonralar Almaniyada və Amerikada davam etdirərək bütün dünyada, xüsusilə müsəlman aləmində, Şərq dünyasında böyük şöhrət qazanmışdır. Onun Latın Amerikası və Avropa ölkələrində təşkil olunan ənənəvi konsertləri millətindən asılı olmayaraq, bütün dinləyicilər tərəfindən həmişə sevilərək, rəğbətlə qarşılanır.
Bir vaxt Almaniyada konsert turu keçirən dünya şöhrətli, korifey sənətkarımız, milyonların sevimlisi Rəşid Behbudovun xeyir-duasını alan Yaqub Zurufçu bir müddət sonra sənət-musiqi sərrafı, xalqın çox sevilən müğənnisi Gülağa Məmmədovun dəvəti ilə Azərbaycana gələrək, Azadlıq meydanında tüğyan edən, “Azadlıq, Qarabağ!” deyə hayqıran milyonların qarşısında özünün mübariz ruhlu mahnılarını oxumuş, xalqın müstəqillik, üsyankar ruhunu daha da coşdurmuş, Vətən eşqini daha da gücləndirmişdi. 1988-ci ildən başlayaraq ölkəmizin hər bir şəhərində, kəndində, hər bir evində sevə-sevə səsləndirilən “Ayrılıq” mahnısı xalqımızı bütün ayrılıqlara son qoymağa, müqəddəs Qarabağımızı, bütün Azərbaycanın ürəyi, mədəniyyət, musiqi beşiyi olan Şuşamızı yağı düşməndən xilas etməyə ruhlandırırdı. Təsadüfi deyildi ki, Azərbaycanı həmişə müstəqil, suveren, xoşbəxt və qüdrətli bir ölkə kimi görmək istəyən, bütün həyatı və fəaliyyəti ilə bu müqəddəs amal uğrunda çarpışan və sonda buna nail olan Ulu öndər Heydər Əliyev də Yaqub Zurufçu yaradıcılığının böyük vurğunu, məftunu idi.
Və o da təsadüfi deyil ki, Qarabağ məsələsində çox zaman – on illərlə qərəzli mövqe tutaraq, bir növ erməni şovinistlərinin ruporu kimi dünyaya səs salan BBC, nəhayət, üzünü qismən də olsa haqqa – Azərbaycana çevirmiş və öz çoxillik tarixində ilk dəfə olarq xalqımızın musiqi mədəniyyətindən söhbət açmağa qərar vermişdir. Belə bir gözlənilməz qərarın əsasında isə, əlbəttə ki, ölkə Prezidenti İlham Əliyevin müdrik, balanslaşdırılmış daxili və xarici siyasəti, Ali Baş komandan kimi onun Milli Ordumuzun xalqla birgə düşmənin başı üzərində “dəmir yumruğ”a, misri qılınca çevrilməsinə nail olması, Vətən müharibəsində böyük tarixi Qələbəmiz, Qarabağ həqiqətlərinin ucalığı dayanır.
Hər halda daha çox qalmaqallı, qeyri-obyektiv mövqeyi ilə tanınan BBC-nin öz proqramında Azərbaycan mədəniyyətinə, onun dünyalarca məşhur sənətkarı Yaqub Zurufçunun mahnı yaradıcılığna kifayət qədər – bir saat vaxt ayırması gözlənilməzliyi ilə yanaşı həm də sevindirici haldır.
Onu da qeyd edək ki, görkəmli müğənnini BBC-nin verilişində onun yaxın sənət dostu, respublikanın Xalq artisti, Beynəlxalq “Qran-pri” mükafatı laureatı Ağaverdi Paşayevin rəhbəri olduğu, onun böyük ilhamla, ustalıqla dirijorluq etdiyi Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin 150 nəfərlik kollektivi müşayiət edəcək. Proqrama Yaqub Zurufçunun ən populyar mahnıları salınmışdır.
Sözsüz ki, bu möhtəşəm konsert proqramı həm də düşmənlərimizə daha bir sarsıdıcı zərbə, onların üzərində növbəti qələbəmiz, çox böyük bir uğur, onlar üçün mənəvi "nokayut" olacaq!
Odur ki, bu gün – aprelin 2-də Bakı vaxtı ilə saat 17-30-da bütün dünyanın maraqla izlədiyi BBC kanalında Azərbaycanın böyük azadlıq sevdalısının, görkəmli müğənnimiz Yaqub Zurufçunun ifasında təkrarsız gözəlliyi, ürəyəyatımlılığı ilə seçilən, qəlb oxşayan melodik Azərbaycan mahnılarının təqdimatını diqqətlə izləmək bizə - qaIib ölkənin musiqisevərlərinə böyük sevinc bəxş edəcək.
Rəhman ORXAN
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar