Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

50 il əvvəl kimyaçı alimlərlə 1 aprel zarafatı:“Bəxtiyar Vahabzadə ilə görüş”

Tarix: 01-04-2021 22:56     Baxış: 3185 A- / A+
50 il əvvəl kimyaçı alimlərlə 1 aprel zarafatı:“Bəxtiyar Vahabzadə ilə görüş”

Bu, 1971-ci ilin aprelində olmuşdu. Bir gün əvvəl işin sonuna yaxın “partizanlıq” edərək, qabaqcadan rəhbərliklə razılaşdırmadan (o vaxtlar “qoruq-qadağa”nın, subordinasiyanın nə olduğunu bilmirdim), elm adamlarına xoş bir sürpriz etmək istəyi ilə sabah – yəni aprelin 1-də görkəmli şair Bəxtiyar Vahabzadə ilə görüş keçiriləcəyi barədə işlədiyim institutun - akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialının (indiki Polimer Materialları İnstitutunun) foyesində tuşla yazdığım kiçik bir elan asmışdım. Sabahın nə vəd edəcəyini qabaqcadan bilməsəm də, istəyim baş tutmadıqda böyük bir elmi-tədqiqat institutunun elm adamları ilə “1 aprel zarafatı”nın heç də yaxşı sonluqla bitməyəcəyinə əmin idim.

Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyasının) axşam şöbəsinin tələbəsi olaraq laborant kimi çalışdığım bu elm ocağında ciddi elmi axtarışlarla məşğul olan yüzlərlə adamı işindən ayırıb, onları poeziya aləminə cəlb etməyin nə dərəcədə məsuliyyətli olduğunu dərk etməyin özü belə narahatlıq doğurmaya bilməzdi. Ancaq onu da yaxşı bilirdim ki, sumqayıtlılar yalnız işlə, əməklə, “qazovka” ilə deyil, həm də yeri düşəndə poeziya ilə də nəfəs almağı xoşlayırlar. İnstitutda da kimyaçıların çoxu şeiri, ədəbiyyatı sevir, hətta yeri gələndə Nizami, Füzuli, Aşıq Ələsgər, S.Vurğun, M.Müşfiq, B.Vahabzadə yaradıcılığından söhbət açır, onların poeziyasından nümunələr söyləyir, hətta hərdən ədəbiyyat, şeir-sənət biliciliyi, “mənəmliyi” ilə mübahisəli müzakirələr də aparırdılar. Bir sözlə, elm adamları arasında şeir həvəskarları az deyildi.

O dövrdə Sumqayıt həqiqətən poeziya ilə nəfəs alırdı. Təsadüfi deyil ki, SSRİ-də ilk nümunə olaraq məhz bu şəhərdə o zaman hələ gənc şair olan Vaqif İbrahimin təşəbbüsü ilə unudulmaz şair Əli Kərimin adını daşıyan Poeziya klubu yaradılmışdı və Moskvanın, Leninqradın, hətta uzaq Novosibirskin tanınmış şair və yazıçıları bu şeir-sənət ocağının fəaliyyəti ilə yaxından tanış olmaq üçün Azərbaycana təşrif gətirərək, 25 yaşı yenicə tamam olmuş, lakin öz istedadı ilə Rəsul Rza, Əli Kərim, Bəxtiyar Vahabzadə kimi poeziya korifeylərinin diqqətini cəlb etmiş Vaqif İbrahimin rəhbərlik etdiyi klub üzvləri ilə görüşür, onların seir məclislərində, mədəniyyət evlərində, müəssisələrdə keçirilən ədəbi tədbirlərdə həvəslə iştirak edirdilər.

İnstitutun nüfuzlu alimlərindən sayılan kimya elmləri doktoru, professor Mustafa Salahov və şeir-sənət vurğunu olan bəzi elmi işçilər də Poeziya klubunun təşkil etdiyi ədəbi məclislərin fəal iştirakçıları idilər. Bəxtiyar müəllimlə keçiriləcək görüş barədə ilkin olaraq məlumatı olan yalnız onlar idi. Çoxlarının arzuladığı bu görüş barədə elan ortalığa “qəfil” çıxsa da, onun təşkilinə artıq neçə gün idi ki hazırlıq görürdüm – mənim təklifimlə bir-neçə gənc laborant görkəmli şairimizin şeirlərini söyləmək üçün əzbərləyir, ondan avtoqraf almaq ümidilə kitablarını toplayır, şairin Vətən və məhəbbət mövzusunda yaradıcılığı ilə bağlı ona suallar verməyə hazırlaşırdılar. Ən mühüm məsələ isə, əlbəttə ki, belə bir görüş üçün B.Vahabzadənin özünün razılığını almaq idi. Axı, o zaman heç yerdə dərc olunmamış, lakin gizli şəkildə əl-əl gəzən, vətən, el-oba haraylı “Gülüstan” poeması, həmçinin “Etiraf”, “Dörd yüz on altı”, “Qiymət “ poemaları,“Azərbaycan oğluyam”, “Ana dili”, “Barmaqlar”, “Özümdən narazıyam”, “Yadındamı?”, “Bir salama dəymədi?” və s. şeirləri dillər əzbəri olan, şeirlərinə bu gün də xalq arasında populyar olan, sevilən
mahnılar bəstələnmiş, bununla belə “Bir ondan razıyam ki, özümdən narazıyam” deyən, zamanla, dövranla barışa bilməyən, tarixin haqsızlıqlarına qarşı üsyan edən, bu səbəbdən dissident hesab olunan, hər addımı izlənilən şairin oxucularla görüşünün keçirilməsi o vaxtlar ilk növbədə onun özü üçün heç də asan başa gəlmirdi. Təsadüfi deyil ki, uzun illər Sovet DTK-sında çalışmış və şairin həbsdən xilasında müstəsna rol oynamış ulu öndər Heydər Əliyev çıxışlarının birində bunu gizlətmədən, etiraf edib demişdi ki, “Azərbaycanda ən böyük dissident Bəxtiyar Vahabzadə idi, onun həbs olunması məsələsi qoyulmuşdu. O vaxt mən onu xilas etdim, qoymadım həbs olunsun”.

Odur ki, belə bir mübariz, üsyankar, vətənpərvər şairin görüşünün şəhər rəhbərliyi ilə də razılaşdırılmadan keçirilməsi də risqlı idi. Lakin, gənc olmasına baxmayaraq, belə məsələlərdə tədbirli, səriştəli olan, mənim xahişimlə görüşlə bağlı Bəxtiyar müəllımin razılığını alan Vaqif İbrahim (o, istedadlı bir şair kimi sonralar Respublika Ədəbi bBirliyinin rəhbəri olmuş, M.Qorki adına Ümumittifaq və Azərbaycan Komsomolu mükafatlarına layiq görülmüş, 1983-cü ilin oktyabrında işdən qayıdarkən Bakı-Sumqayıt yolunda erməni sürücü tərəfindən vurulmuş maşında faciəli şəkildə 37 yaşında həlak olmuşdu) Poeziya klubunun sədri kimi bu məsuliyyəti öz üzərinə götürmüşdü.

Geniş məlumat yaymadan görüş üçün müəyyən hazırlıq aparmağıma baxmayaraq, aprelin 1-də səhər işə gələrkən çox həyəcanlı idim. Səbrsizliklə şairi qarşılamağa hazırlaşırdım. Lakin günortaya təyin olunmuş görüş vaxtına çox az qalsa da, Bəxtiyar Vahabzadə və Vaqif İbrahim gəlib çıxmamışdılar. Narahatlıqla 4-cü mərtəbəyə - görüşün keçiriləcəyı akt zalına qalxanda heyrətdən çaşıb qaldım. İynə atsan da, yerə düşməzdi – nəinki azərbaycanlı, hətta rus, yəhudi, erməni əməkdaşlar belə şairi görmək, onu dinləmək istəyi ilə salonu doldurmuşdular, ayaq üstə də xeyli adam var idi. Həmin anda mən Bəxtiyar Vahabzadənin xalq tərəfindən necə sevildiyinin, onun poeziyasına necə böyük maraq göstərildiyinin şahidi olmaqla yanaşı, öz üzərimə nə dərəcədə böyük məsuliyyət götürdüyümü də daha aydın və bütün ağırlığı ilə hiss etdim. İnstitut əməkdaşlarının sevimli şairi necə böyük intizarla gözlədiklərini görüb, dərhal aşağı düşdüm, taksi saxlayaraq, Vaqif İbrahimin Bəxtiyar Vahabzadəni qarşılayacağı yerə - şəhər Partiya Komitəsinin qarşısındakı Lenin meydanına tələsdim. Yol boyu düşünürdüm ki, əgər birdən Bəxtiyar müəllim müəyyən səbəbdən (o vaxtlar keçirdiyi əsəbiliklərin nəticəsi olaraq tez-tez səhhətində nasazlıqlar da olurdu) gələ bilməsə, onda institut kollektivindən üzr istəyib, deyəcəyəm ki, bu “1 aprel zarafatı” idi. Təbii ki, əslində bütöv bir kollektivlə belə bir “zarafat” qətiyyən yolverilməz idi və bununla mən hamının gözündən düşə bilərdim, həm də... haqlı olaraq işdən çıxarılardım.

Bunları düşünərək, meydana yaxınlaşanda Vaqif İbrahimin intizarla Bəxtiyar müəllimi gözləyərək, nigarançılıqla saatına baxdığını gördüm. Şair gecikirdi - görüş vaxtından artıq 15 dəqiqə keçmişdi. Düşünü ki, bəlkə, Allah eləməmiş, xəstələnmişdi, gəlməyəcəkdi? Nigarançılıqla başa verdiyimiz bir-neçə dəqiqə də ötdü. Birdən meydanda “Volqa” maşını göründü. “QAZ-24”-dəkinin Bəxtiyar müəllim olduğunu görüb, sevinclə ikimiz də maşına tərəf qaçdıq. MiIyonların sevimlisi olan görkəmli şairin gəlişinə çox sevinərək, onunla böyük ehtiramla görüşdük. O isə böyüklərə xas bir sadəliklə gecikdiyi üçün üzrxahlıq edərək, bizi maşınına dəvət etdi. Artıq nigarançılığım aradan qalxmışdı, sevinc və rahatlıq içindəydim. İnstitut kollektivi qarşısında ömürlük üzqaralığından qurtarmışdım...

Bəxtiyar müəllim hələ də - dağılışmadan yarım saata qədər intizarla onun gəlişini gözləyənlərin alqışları altında institutun 4-cü mərtəbəsindəki zala daxil oldu və hamını mehribanlıqla salamlayıb, gecikdiyi üçün üzrxahlıq etdi.

İnstitutun o zamankı partiya təşkilatı katibi Bəxtiyar Vahabzadəni və Vaqif İbrahimi yuxarı – “rəyasət masası” arxasına dəvət etdi. Mən zalda əyləşmək üçün yer axtarırdım ki, birdən Bəxtiyar müəllimin məni səslədiyini eşitdim. Tamamilə gözləmədiyim və buna qətiyyən iddialı olmadığım halda şair məni də yuxarı dəvət edirdi (o, Poeziya klubunun Sumqayıtda təşkil etdiyi görüşlərdə mənim də ilk qələm təcrübələrimi dinləmiş və hətta 19-20 yaşlı bir gənc üçün çox gözlənilməz, xoş olan fikirlər də söyləmişdi). Xalqımızın sevilən bu böyük şairi ilə eyni masa arxasında oturacağımı heç zaman xəyalıma belə gətirməsəm də və özümü buna layiq bilməsəm də, Bəxtiyar müəllim, yəqin ki, daha çox institutun gənc bir nümayəndəsi kimi mənim də “yuxarıya” çıxmağımı istəyirdi. Buna razı olmayaraq, boyun qaçırmağa çalışsam da, şairin təkidli dəvətinə (Vaqif İbrahim də “Rəhman, qalx, Bəxtiyar müəllim çağırır” deyirdi) etinasızlıq, hörmətsizlik olmaması üçün, həm də “özümüzünkülər”in “ürək-dirək” verdiklərini görüb, sıxıla-sıxıla da olsa “səhnə”yə qalxmalı oldum.

İnstitutun “partiya katibi” görkəmli şairi bir daha elm kollektivi adından ehtiramla salamlayaraq, onun özü və yaradıcılığı haqqında xoş sözlər söylədikdən sonra gənc kimyaçıların ifasında şairin şeirlərindən nümunələr səsləndi. Mən də şairin ən çox sevdiyim “Ana dili” şeirini oxudum. Ancaq şairin diqqətinə daha çox gənc erməni qızı Nelyanın xüsusi intonasiya ilə əzbər söylədiyi iki lirik şeir səbəb oldu. Bəxtiyar müəllimə xoş gələn həm də o olmuşdu ki, rusdilli oxucular da onun poeziyasına diqqət və maraq göstərirdilər. Vaqif İbrahim də çıxış edərək, şeir-sənət ustadı hesab etdiyi Bəxtiyar Vahabzadə yaradıcılığı haqqında fikirləruini söylədi və şairin bir şeirini oxudu.

Sonda salondakıların gurultulu alqışları altında Bəxtiyar Vahabzadəyə söz verildi. O, yeni yazdığı şeirlərdən nümunələr səsləndirdi və oxucularını illərdən bəri narahat edən suallara gah birbaşa, gah da dolayısı, “arifə bir işarə” prinsipi ilə cavab verərək, institut kollektivinə səmimi görüş üçün minnətdarlığını ifadə etdi. Lakin elm adamları belə bir fürsətin bir də çətin ki ələ düşəcəyini bildiklərindən onunla vidalaşmağa tələsməyərək, şairə xoş arzularını bildirir, zaldan buraxmaq istəməyib, ayağa qalxaraq alqışlayırdılar.

İnstitutun direktoru, nüfuzlu elm xadimi, kimya elmləri doktoru, professor Sadıq Sadıqzadənin kabinetində çay süfrəsi arxasında qısa, lakin maraqlı söhbətdən sonra xalqımızın sevimli şairi dəhlizə çıxdıqda gözlərinə inanmadı – elmi işçilər onu yola salmaq istəyi ilə hələ də dağılışmamışdılar. Bəxtiyar müəllim onların müşayiəti ilə aşağı enib, bir daha mehribanlıqla xudahafizləşərək, Bakıya yola düşdü - onu kimyaçıların böyük rəğbət və məhəbbət dolu baxışları yola saldı.

Mən ğeri – gənc alim Vəfa Mustafayevin rəhbərlik etdiyi 10 №-li laboratoriyamıza qayıdarkən diqqətimi dünən axşama yaxın birinci mərtəbədə divara xəlvət vurduğum elan cəlb etdi: “...aprelin 1-də Bəxtiyar Vahabzadə ilə görüş keçiriləcək”. Düşündüm ki, nə yaxşı ki, bu 1 aprel zarafatı yox, heç zaman unudulmayacaq 1 aprel həqiqəti oldu. Elə bir həqiqət ki, həmin gün institutun elmi işçiləri kimya ilə yox, ilk dəfə olaraq, həm də kollektiv surətdə poeziya ilə “məşğul” oldular və bunun böyük, unudulmaz sevincini yaşadılar...

Rəhman ORXAN.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar