Xəbər lenti
Xüsusi təyinatlı və xüsusi istedadlı qazimiz Səbuhi
Səbuhi həm xüsusi təyinatlı, həm də xüsusi istedadlı qazilərimizdəndir. Vətən müharibəsinin qəhrəman iştirakçılarından olan Səbuhi əslən Füzulidəndir. Elə onun uğrunda döyüşdüyü bölgələrimizdən biri də Füzulidir, aldığı medallardan biri də Füzulinin adı ilə bağlıdır.
Xüsusi Təyinatlı Qüvvələrin giziri olan Qurbanov Səbuhi Mais oğlu 12 oktyabr 1995-ci ildə Sabirabad rayonunda anadan olmuş, orta təhsillidir. 04 aprel 2018-ci ildən hərbiçi kimi fəaliyyətdə olub. Vətən müharibəsinin ilk günündən vuruşanlardan olmuş, Cəbrayıl, Füzuli, Xocavənd istiqamətində gedən döyüşlərdə can qoymuşdur. Oktyabrın 5-də ağır yaralandığına görə döyüşü davam etdirə bilməyib.
Sağ ayağından qəlpə yarası alan Səbuhi sağ budun üçdə birini dəlib keçən qəlpə yarası, toxuma defekti və sağ ayağın postravmatik ağır sinir zədələnməsi diaqnozu ilə beş dəfə əməliyyat olunaraq uzun müddət müalicə olunub. Hazırda sağ ayağında hissiyat yoxdur. Ümid edirik ki, çəliklə yeriməyi müvəqqəti olacaq. Bununla belə, bəzi problemləri təəssüf ki, qalıcıdır. Bu səbəblərdən artıq hərbiçi kimi xidmətini davam etdirə bilməsə də, bir yazar olaraq özünü təsdiqləyə bilər. Əvvəllər yazdığı şeirləri gizli saxlayan qazi gənc yazarımız artıq ciddi yaradıcılıq haqqında düşünür.
Ali Baş Komandanımız tərəfindən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına layiq görülən qazimiz həm də orijinal şeirlər müəllifidir. Belə döyüşçülərimizi hərtərəfli tanımaq, onların yaratdıqları bədii nümunələrlə tanış olmaq xüsusilə qürurvericidir. Nümunə üçün onun iki qəzəli və heca vəznində bir şeiri ilə tanış olaq:
Gecələr qəlbini bu dərddən üzərsən, gözəlim,
Dərd çəkib yoxdur ölən, məncə, dözərsən, gözəlim.
Daha mən olmayacam gəlsə, xəyalım qonaq et,
Oturarsız o içər, sənsə süzərsən, gözəlim.
Sənə verdikdə ürək öncə xəbərdar elədim,
Dedim, o etdi, onu birdən əzərsən, gözəlim.
Paralanmış ürəyin hər tikəsi bir boyda,
Böyüyündən kiçiyə önünə düzərsən, gözəlim.
Unudulmaz olan o köhnə görüş yerlərini,
Təzə aşiqinlə birlikdə gəzərsən, gözəlim.
Nə qədər nifrətimin sahibi olsan da belə,
Gözə görsənsə gözün gözümü bəzərsən, gözəlim.
Məni fərz et gedirəm intihara dalğalara,
Sən isə dalğalanan mavi Xəzərsən, gözəlim.
*****
Ey gözəllər gözəli, nazını çəkmək nə gözəl!
Sən dəli, mən də dəli, nazını çəkmək nə gözəl!
Aşiqin şair olub, dərdi varaqlarda gəzir,
Sən onun gül qəzəli, nazını çəkmək nə gözəl.
Mənə Leyla olanım, sən mənim ol, mən yaşaram,
Dəli Məcnun məsəli nazını çəkmək nə gözəl.
Sən mənə can deginən, mən sənə candan keçərəm,
Budur eşqin təməli nazını çəkmək nə gözəl.
O gözəl nazını vallah elə vəsf eyləyərəm,
Quruyar rəssam əli nazını çəkmək nə gözəl.
Mənə zülm eyləmə gəl, ey gözü cənnət qapısı,
Mənəm o eşqə zəli nazını çəkmək nə gözəl.
****
Qram-qram vurar səni,
Heç vaxt birdən-birə yıxmaz.
Sevgi elə azardır ki,
Canın çıxar, səsin çıxmaz.
Kim daha çox sevdi demə,
Qalan mənəm, gedən sənsən.
Bakı adi bir şəhərdir,
Onu gözəl edən sənsən.
Çox şeyləri unutmuşam,
Olmasın gəl, mənlə işin.
İki şeyi unutmadım.
Bir gülüşün, bir gedişin.
Bəxtim elə pisdir mənim,
Ən pis nə var, onu seçər.
Yanımdaydın düşünürdüm,
Çox xoşbəxtəm, bu da keçər.
Mən səninlə dəyərliydim,
Uzaqdasan, mən sənsizəm.
Məsafələr önəmsizdir,
Hardan baxsan dəyərsizəm.
Getmək üçün əlləşirsən?
Sonra peşman olarsan sən.
Getdikcə gözəlləşirsən,
Çirkinləşsən qalarsan sən?
İllər keçsin, fərq eyləməz,
Fikirləşmə yox olansan.
Bu istedad hardan gəlir,
Yoxkən belə çox olansan.
Həyat çəkir bizlə film,
Son bölümdü var nöqtəsi.
Sənin rolun xoşbəxt qadın,
Məndə intihar səhnəsi.
Səndə günah görməzdim mən,
Dəyməz bizə nəzər sandım.
Bağışla ki, dəyər verdim,
Səhv eylədim, dəyər sandım.
Asandır, ayrılaq - demək?
Sonrası var, gerisi var.
Sənə yazmır ya unudub,
Ya yanında birisi var.
Başqasına baxmaz dedim,
Heyf sənə inandım mən.
Sən onunla yatan vaxtı,
Yenə sənə oyandım mən.
Təkcə sevgi istəmişdim,
Demirdim ki, əyil mənə.
Nə çəkdiyin maraqlıdır,
Lakin vacib deyil mənə.
Gülnar Səma
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar