Xəbər lenti
Sirr adamının sirrindən
Sevdiklərimizə, yaxınlarımıza arzu etdiyimiz, özümüz isə hətta o, əlimizin içində olanda belə görmədiyimiz və daim sorağında olub bizə bəxş edilən hər günü onun ən önəmli bir hissəsi hesab etməyi bacarmağımızın bir nəsnədir xoşbəxtlik.
Təranə Məmməd
Təranə Məmmədin yazılarında gizli bir yanğı var. Bilənlərin biləcəyi, duyanların duyacağı yanğı.
Daha çox gizlətmək istədiyi, hərdən ip ucu verdiyi məqamlar yazılara xüsusi bir gözəllik, cazibədarlıq gətirir.
Yazıları özü kimi duyğuludu, kövrəkdi.
Doğru deyirlər, insan yazdığına oxşayır.
Yazar gördükləri ilə bərabər, görmək istədiklərini də yazır. Yaşadıqları qarışıq.
Təranə xanım incə məqamlara hisslərin köməyi ilə toxunur.
Hekayələrində qadın incəliyinin, zərifliyinin təsirediciliyi, anın insan həyatında yarada bildiyi dəyişiklik, yaddaşdan silinməyən izlərin təsviri və bunların fövqündə dəniz kimi təmizlik...
Onun hekayələrində təsvirlər qədər də ifadələr çox gözəl və dolğundu. Təranə xanımın yazısı olduğu elə ilk cümlədən hiss olunur.
“İlk baxışdan rənglər burulğanını xatırladan bu rəsmin içində diqqəti əl-ələ tutub üzlərinə vuran küləyə müqavımət göstərərək irəliləyən insan şəkli çəkirdi. Onlardan biri qadın, digəri isə kişi idi.
Şehli çiçəklərin arasında dümağ paltarda Şahnuru gördüm. O, elə gözəl görünürdü ki, sanki göydən gəlmiş mələk idi. Ağ libas və başına bağladığı ağ örpək ona çox yaraşırdı. Cəmi iki gün öncə tanıdığım qadını bağrıma basıb üzündən, gözlərindən, sonda isə dodaqlarından öpdüm.
O müqavimət göstərmirdi. İncə əllərini mənim ağ saçlarımda gəzdirərək:
- Xəyal, səni çox gözlədim. Düz on il –dedi”.
Təranə xanım gülün, çiçəyin ətrini yazıya hopdura bilir. Bu da onun özünəməxsus rəssamlığından irəli gəlir.
Onun təsvir etdiyi çiçəklər də, sevgi də təbiidir. Özüdür.
Sən bir oxucu olaraq çiçəyi görürsən, sevgini yaşayırsan.
Bu az-az yazıçıya nəsib olur. Və bu yazıçı üçün çox böyük uğurdu. Xoşbəxtlikdi. Sən özünü əsərdə görə bilirsən. “Bu mənəm” deyirsən.
Bu onun ağrı, həsrət, itki dolu yazılarda da belədir.
Təranə Məmmədin yazdıqları xəyalların, istəklərin, xatirələrin tablosudur. Sonu bəzən gizli saxlanılaraq oxucunun ixtiyarına buraxılan, bəzən vermək istənilməyən bir tablo.
Uzaqda bir kənd, odun sobalı, rəsmlərlə dolu, çiçəkli Qarabağ evi. Narahat Qarabağın arzu sakitliyi. Yaşamaq istədiyi həyat...
Əsərlərin müəyyən bir yerində ancaq hisslərdi. Sözlər gəzən, dolaşan, sənə görsənən filmin altındakı titrlər kimi gedir.
“Zahirən adi bir kənd evi olsa da, bu daxilən tam fərqli idi. Divarlarda asılan rəsm əsərləri, qeyri-adi formada stol, divanın üstündə pərakəndə şəkildə sərilmiş butalı parça. Bütün bu əşyalar qəribə bir rənglər qarışığı əmələ gətirsə də, dəqiq tünd rənglər gözə daha tez çarpırdı. Yəni otaqda rəssam əli gəzdiyi o saat hiss olunurdu.
Bu ev mənim arzumdur...” (“Xəyala doğru”)
Başqa bir əsərdə:
“Otaqlar xəz, xalça və kilimlərlə döşənmişdi. Yerdə pərakəndə şəkildə düzülmüş bir neçə rəngbərəng mütəkkə otaqda xüsusi şərq abu-havası yaradırdı.
Otağın bir küncündə qoyulmuş yellənən kreslo onun daha çox xoşuna gəldi. O, ayaqlarını yığıb kresloda pişik kimi oturdu. Mən yaxınlaşıb onun ayaqlarını yorğana bükdüm. Sonra əllərini ovcumda isitməyə başladım. Dizlərimi yerə qoyub onun gözlərinə baxırdım. O gözlərin dərinliyindəki kədəri parçalayıb yerinə xoşbəxtlik yerləşdirmək istəyirdim. O, gözlərini məndən gizlətməyə çalışırdı. Mən ona baxdıqca "bu qədər məsum, bu qədər incə qadın yalnız sevib, sevilmək üçün gəlməliydi bu dünyaya", -deyə düşünürdüm”. (“Qış nağılı”)
Təranə xanım çox həssasdır və həssas olduğu qədər də hissiyyatlıdır. Ağrıları əsərlərinə də sirayət edir. İtkiləri unuda bilmir. Ən çox da doğma Qarabağ ağrısını, itkisini. Söhbətlərində də o mövzuya yana-yana toxunur. Unudulmayan vətən, yurd sevgisi onun istər şeirlərində, istərsə də nəsrində qabarıq şəkildə nəzərə çarpır. Başqa səpkili yazılarında da gizli bir eyhamla da olsa, mütləq ona bir işarə vurur.
Həsrət adamı daha kövrək edir. Adamın sözündən qabaq özündən asılı olmayaraq bir “Ah” gəlir. Səni uzaqlara aparan “Ah”.
İstənilən gülü, çiçəyi görəndə, hətta təqdim ediləndə də ona xüsusi bir baxış edərək, Qarabağın gülü, çiçəyi, bənövşəsi ilə ani müqayisə edir. Bunların o olmadığını bilsə də, çox nəzakətlə, kübarcasına təbəssümlə minnətdarlığını bildirir.
Çıdır düzündəki al lalələrdən,
Bülbüllər məskəni qızılgüllərdən,
Xarı bülbül adlı tər çiçəklərdən,
Gərək götürəydim özümə bir az
- söyləyərək, sevgili vətənin ən xırda, amma özü üçün çox dəyərli olan nemətlərindən uzaq olduğuna heyfslənir. Və kədərini özünü qınaq formasında ifadə edir:
O cənnət məkandan ayrıldım bir gün,
Öz doğma elimdən edildim sürgün,
Vətən torpağından son mənzilimçün,
Gərək götürəydim özümə bir az...
Mehriban, nəzakətli, səmimi olduğu qədər də qürurlu olan Təranə xanım, bunun gendən, “Ağdamın qürurlu özəlliyindən” gəldiyini deyir.
Təranə xanım Vətənə, elə, obaya çox bağlıdır. Ağdamın Poladlı kəndindəki baba evi haqqında xatirələrini dönə-dönə xatırlayır. Həyətdəki tut ağacının altında açılan süfrəni, dadlı xörəkləri, tutun çırpılmasını...
O xatirələrin içində Şərqşünaslıq fakultəsini bitirən gənc qızın savadı olmayan, kənddən kənara çıxmayan, ancaq müdrik olan nənəsindən eşitdiyi və indi də sevə-sevə təkrarladığı sətiraltı ifadələr də var.
“Nənəmdən aldığım öyüd-nəsihət indi də yadımdadır:
Bala, həyətdən çıxanda səs-küy salmayın, qonşuda yaşlı kişi var, yanına gəlib- gedəni yoxdu.
Bizə haram pul düşmür.
Kasıblara həmişə əl tutun ki, çörəyinizi rahat yeyə biləsiniz...
Məncə insani keyfiyyətlər həmişə qiymətləndiriləcək. Hər yerdə tərbiyəli, xoşxasiyyət qıza və mərd, vətənpərvər oğlana ehtiyac olacaq.
Kim nə deyir desin, mən nənəmin dediklərini, öyrətdiklərini nəvələrimə deyirəm. Qoy, insan olsunlar!”
Arzu və istəklərini yazılarda elə ustalıqla və incəliklə verir ki, oxucu cümlənin sonunu, hekayənin necə bitəcəyini səbirsizliklə gözləyir.
Ərköyün Təranənin formalaşmasında qürurlu, ötkəmli, məğrur, ağayana atasının –Məmməd əminin rolu çox böyükdür.
“İlk növbədə cinsindən asılı olmayaraq qorxmazlıq, heç kimə əyilməmək, vətəni, dili, eli, obanı, qohumları sevmək, ailəyə sadiqlik, işində məsuliyyətli olmaq, muğam və ümumiyyətlə, musiqini sevmək və bütün bunlarla yanaşı insan olmaq; əl tutmaq, yaxşılıq etmək”.
Atasının öyüd və nəsihətlər, ağsaqqal gedişləri gənc qızı püxtələşdirir.
Atası ilə bağlı bir hadisəni isə unuda bilmir.
Mühüm vəzifələrdə çalışmış Məmməd kişi rayonlardan birində rəhbər vəzifədə çalışanda, təsadüfən maşın yoldan keçən oğlunu vurur. Sürücünün tutulmasına icazə verməyən ata, oğlunun qırxından sonra ərizə yazıb iş yerini başqa yerə dəyişir.
Bu hadisəni hekayələrinin birində başqa formada verir.
Təranə xanıma anasından keçənlər də var: xoş xasiyyət, mülayımlık, incəlik.
Təranə xanımda təkcə insanın könlünü oxşayan təxəyyüllər deyil, real olan, görüb-eşitdiyi, yaşadığı reallıqları çox sakitcə, başqasınınkı kimi eyni incəliklə təqdim olunur.
Onun əsərlərində ağrıları uzaqlaşdırıb ona uzaqdan baxmaq da var, əsərdəki baxış bucağını oxucunun özünə buraxmaq da.
Mənə elə gəlir ki, Təranə xanım yazılarını çox həssas və güclü hissiyyata sahib insanlar üçün yazır.
“Əynində açıq mavi paltar, barmağında həmin paltarın rənginə uyğun iri üzük var idi. Paltarının yaxası düyməli idi. Yuxarıdan üç açıq düymənin yaratdığı boşluqdan qadının mərmər kimi ağappaq sinəsinin cüzi bir hissəsi görünürdü. Lakin bu vulqar deyil, əksinə çox incə bir detal idi. Klassik geyim ona çox yaraşırdı. Çiyninə tökülmüş xurmayı saçları ipək parça kimi hərdən onun üzünə tökülürdü.
Sobanın istisi onu məst etmişdi. Mən onun üstünü bir az da örtub kənara çəkildim. Yarıqaranlıq otaqda o çox gözəl görünürdü. Uzun kiprikləri yanaqlarına dəyirdi. Saçları sinəsindən də aşağı tökülmüşdü. Dodaqlarının rəngi solğun olsa da gül ləçəkləritək üzünə yaraşıq verirdi. O elə rahat və sakit yatmışdı ki, onu oyadıb narahat etmək cinayət olardı”. (“Qış nağılı”)
Əsərlərdəki təsvirlər dramatik epizodları, həyacanı yumşalda bilir. Axarı dəyişir.
“Zala sakitlik çökdü. Paqanini bu gün o qədər yaraşıqlı görünürdü ki, toya gələn qadınlar ona diqqət yetirir və ifasını gözləyirdilər. O, skripkasını çiyninə söykəyib möhtəşəm bir vals ifa etdi. Zalda bəylə gəlin həmin vals sədaları altında süzürdü. Paqanini tez-tez üzünü arxaya çevirirdi ki, gözlərindən süzülən yaşı görən olmasın. Bu həm cevinc, həm də kədər göz yaşları idi. Çünki Paqanini xoşbəxt olduğu qədər də bədbəxt idi...” (“Gülsatan Paqanini”)
Təranə xanım müharibə başlayanda bu yaşda çinli paltarını geyib döyüşə getmək istəyirdi.
Şuşa işğaldan azad olunan gün sevincdən ağlayırdı. Həlim səsli xanımın hönkürtüsünü eşidirdim. İkimiz də telefonda biri-birimizi təbrik edə-edə ağlayırdıq.
Ellilərini (Təranə xanım başqa ağdamlılar kimi “elli” sözünü çox sevir), qohumlarını və bir də yaxşı insanları görəndə az qalır sevincdən qanad açsın.
Dəyərli insanlara dəyər verir. “Dəyərimə dəyər qatırlar” –deyir.
Təranə Məmməd təkcə şeir, hekayə, povest yazmır. Onun gözəl rəsmləri, əl işləri var. Özünün müsbət keyfiyyətləri kimi, yaradıcılığı da çoxşaxəlidir.
Qarabağın torpağını, gülünü, çiçəyini sevdiyi kimi onun muğamını da sevir. Özünü muğamsız təsəvvür etmir.
Leyli-Məcnun operasının bütün ariyaları əzbər bilir.
Həzin mahnıları xoşlayır.
Təranə xanım dənizi də çox sevir. Saatlarla dənizə baxmaqdan doymur. Onunla danışa bilir. Mavi dənizin sakitliyi ruhunu təzələyir. Sakitləşdirir. Dənizlə söhbətdən sonra ağrılarını unudur. Bu qarışıq dünyanın mənfi yükündən azad olur.
“Mən insana baxan kimi onun daxilini görürəm. Siz pis insan deyilsiniz. Oğru deyilsiniz. Qatil deyilsiniz.
Təbiəti sevməyi bacaran insan heç vaxt pis ola bilməz”. “Xəyala doğru”
Bu incə, zərif insanın çox ciddi orqanda işlədiyini, ali məktəbdə dərs dediyini eşidəndə ilk anda təəccüblənirsən. Tanıdıqca, yerinə görə davranışını gördükcə düşüncələrindən çəkinirsən.
Dövlət öz təhlükəsizliyini etibar etdiyi insana sirlərini etibar edirsən. Çünki etibarlı dostdur, sirdaşdır.
Təranə Məmməd çatdırmaq istədiklərini çatdıra bilir. Çünki yazılarında da səmimidi, təbiidi. Yazı, əsər səmimi olanda ürəyə yatımlı, oxunaqlı olur.
“Həyat sürprizlərlə doludur. Sənə nəyin nə zaman təklif olunacağını heç vaxt bilmirsən. Bəzən sən artıq həyatdan əlini üzüb qocalığa doğru addımladığın zaman həyat sakitcə qulağına pıçıldayır:
"Hələ son deyil"...” “Xəyala doğru”
Rəfail Tağızadə
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar