Xəbər lenti
Bu rayonda 1800 müəllimdən 1000-nin ali təhsili yoxdur - Sensasion AÇIQLAMA
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, ötən il I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 40.2 faizi imtahandan “2” alıb.
2018-ci ildə bu göstərici 46.4 faiz təşkil edib. Ümumilikdə ötən il Ağsu, Göygöl, Samux, Sabirabad, Kürdəmir, Saatlı, Ucar, Şabran, Goranboy, Astara, Ağdaş, Daşkəsən və Şamaxı rayonlarında abituriyentlərin 20 faizdən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.
Təhsil eksperti Elşən Qafarov yenisabah.az-a açıqlamasında mövcud vəziyyətin iki səbəbinin olduğunu vurğulayıb:
“Əvvəla, Qazax və Şəki kimi bölgələr Azərbaycanın təhsil tarixində həmişə pedaqoji ənənələri ilə seçilib. Hətta Sovet dövrünün ilk 20-30 ilinə nəzər salsaq, görərik ki, Azərbaycanın digər bölgələrinə məhz Qazax və Şəki bölgəsinin müəllimləri gedirdi. Mən bunu pedaqoji ənənələrin digər bölgələrə nisbətən daha üstün olması ilə bağlayardım”.
Ekspert ikinci və əsas səbəb kimi nəticələrin aşağı olduğu rayonlarda müəllimlər arasında orta ixtisas müəllimlərinin sayının çox olmağını göstərib:
“Məsələn, Astarada orta hesabla 1 700 - 1 800 müəllim var, onlardan 1000-i orta ixtisas müəllimidir. Lerik, Sabirabad kimi bölgələrdə də vəziyyət belədir. Sabirabadda təqriban 2 min civarında müəllim var və onların yarıdan çoxu Salyan və Şirvan Pedaqoji Kollecinə müxtəlif yollarla daxil olan müəllimlərdir ki, zorla 36-37 bal toplayıb işləyirlər. Biz təhsil qanunvericiliyində 12 iyun 2018-ci ildə çox kobud bir dəyişiklik etdik. Bu gün biz dünya təhsil sisteminə inteqrasiyadan danışırıqsa, dünyanın aparıcı ölkələrini, məsələn, Yaponiya, Finlandiya, Böyük Britaniyanı nəzərdən keçirməliyik. Əslində, 1 nömrəli təhsil sistemi Böyük Britaniyada, daha sonra isə Yaponiyadadır. Həmin ölkələrdə bakalavriat yox, artıq magistratura bitirənlərin təhsil verən kimi işə götürülməsi şərti qoyulur. Amma bizdə belə deyil. 3 iyul 2010-cu ildə Nazirlər Kabinetinin 103 nömrəli qərarı ilə “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları” sənədi qəbul olunub. Orada 6-cı maddədə konkret olaraq göstərilir ki, ümumtəhsil pilləsində yalnız pedaqoji sahədə ali təhsili olan müəllimlər işləyə bilər. Amma biz bunu dəyişdik və keçən 10 il ərzində qanunvericiliyin tələblərini pozaraq kollec bitirənləri müəllimliyə qəbul etdik. Adını da qoyduq ki, bizim ali təhsili bitirən şəxslər bir çox hallarda orta ixtisası bitirənlərdən aşağı nəticə göstərir. Əgər ali təhsil müəssisələrində tələbə uyğun olan təhsil verilmirsə, bu, o demək deyil ki, biz orta ixtisaslı müəllimləri ümumtəhsil pilləsinə doldurmalıyıq. Nəticə bu gün onu göstərir ki, illərdir, müəllimlərin mərkəz şəhərlər üzrə balları 48, regionlar üzrə isə 30 bal idi”.
Həmsöhbətimiz vurğulayıb ki, daha aşağı nəticə göstərən müəllimlər rayonlara göndərilirdi. Amma bu il həmin məsələ aradan qalxıb:
“Vəziyyətdən çıxmaq üçün artıq bir neçə ildir ki, elə mən özüm də təklif edirəm ki, kolleclər birmənalı şəkildə bağlanmalıdır. Təhsili inkişaf etmiş ölkələrdə olduğu kimi, bizdə də subbakalavr təhsili ali təhsilin birinci səviyyəsinə keçməlidir. Kolleclər büdcədən böyük maliyyə vəsaiti alırlar, amma onlar korrupsiya mənbəyidirlər və kolleclərin verdiyi təhsil bu gün ümumtəhsil məktəblərində işləyən müəllimlərin simasında açıq-aydın görünür. Hazırda sistemdə işləyən orta ixtisaslı müəllimlər üçün dövlət proqramı təyin olunmalıdır. Yalnız onlar üçün qiyabi təhsil bərpa olunaraq onların subbakalavrdan bakalavra keçirilməsi təmin edilməlidir. Məsələ bu qədər bəsitdir. Aşağı nəticə göstərən rayonların Təhsil Şöbəsinə zəng vurub orada neçə nəfərin orta ixtisaslı müəllim olduğunu soruşsanız, hər şey aydın olar. Əsas düyün nöqtəsi budur. Düşünürəm ki, 2021-ci ildəki sertifikasiyadan sonra bir çox məsələlərə aydınlıq gətiriləcək və bu kimi müəllimlər sistemdən uzaqlaşdırılacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar