Xəbər lenti
İnsanın daxilindəki ən güclü, ən fitri hiss
Bismilləhir-Rahmənir-Rahim!
İnsanın həqiq mənada iradəvi təkamül keçməsi üçün səy və çalışması lazımdır. İnsan bir varlıqdır ki, müəyyən kamallara malikdir və iradəvi olaraq təkamül keçə bilir.
Uca Allahdan duamız budur ki, bizləri düzgün seçim edənlərdən qərar versin!
Kamil olmaq üçün mühərriklərin mövcudluğu
Bizim mövzumuz insanın kamil olmaq imkanına malik olan varlıq kimi araşdırılmasıdır. Biz gərək insanın içərisində o kamal qəbuledici mühərrikləri tanıyaq. İnsanın təkamülünü irəli aparan, içərisində olan qüvvələri, istedadları tanıyaq.
İkinci mövzu - o qüvvələri necə işə salmağı öyrənməkdir. Bu mühərrikləri necə işə salaq ki, insan tam potensialını ortalığa qoya bilsin? Bundan sonra edəcəyimiz mövzu insandan kənarda olan amil və faktorları araşdırmaqdır.
Onlardan hansı ilə birləşəndə bu təkamül prosesi daha səmərəli və doğru keçir?
İnsanın daxilində olan mühərriklər hansı kənar amillərin təsirində, hansı kənar şəraitlərin mövcudluğunda daha yaxşı işə düşür?
İnsanın bu kamal mühərriklərinin işə düşməsinə mane olan kənar amillər hansılardır?
Bütün bunların hamısını toparlasaq, deyə bilərik ki, bizim araşdırma mövzumuz - insanın kamal qəbul edən bir varlıq kimi araşdırılmasıdır. Biz bu araşdırmanı edirik ki, insanın içərisində olan kamal mühərrikləri işə düşsünlər, insan iradəvi təkamül prosesinə gəlib çata bilsin, kamil insan istiqamətində hərəkət edə bilsin və bu istiqamətdə bütün köməkçi amilləri də işə sala bilsin.
Potensial inkişafın yol xəritəsi
Biz bu işi bütün istiqamətlərdə görürük. Təəssüflər olsun ki, özümüzlə bağlı bu mövzularda yetərincə qəflət edirik. Misal üçün, bir şagird dördüncü qrup üzrə abituriyent olacaq. Nələr edilir? Dərhal dördüncü qrupun imtahanlarını ideal şəkildə vermək üçün hansı standart vəziyyətin lazım olduğu müəyyən edilir. Bunun üçün nə qədər araşdırmalar edilir, götür-qoy olunur.
Nəticədə gəlib çatırıq ki, dördüncü qrupda uğur qazanmaq üçün bəlli fənlər üzrə bilgilər işə düşməlidir. Nəticəyə çatılır ki, dördüncü qrup üçün biologiya, kimya, fizika - əsas mühərriklərdir. Anlayırıq ki, yekun nəticəyə çatmaq üçün bu mühərrikləri tam işə salmaq lazımdır. Bunun yanında da ana dili, riyaziyyat fənlərinin də lazım olduğunu başa düşürük. Anlayırıq ki, dördüncü qrupda ən ali hədəfə çatmaq üçün bütün bu predmetlər üzrə istedadlarımızı ən yüksək şəkildə üzə çıxarmalıyıq.
Buna kömək olan bütün faktorları işə salırıq. Müəllimlər axtaranda bu bilgiləri artıran müəllimlər axtarırıq, şərait axtaranda bu ruhiyyəni inkişaf etdirən şərait istəyirik. Buna mane olan hər bir amili də kənarlaşdırırıq. Heç kəs də təəccüblənmir, çox təbii bir mövzu kimi qəbul edilir.
Amma biz bir insanın özünü düzəltməsi mövzularına gəldikdə, insanı tanınmadan, insanın potensialı, istedadları, kamalları öyrənilmədən, insan adına varlıq üçün nələrsə müəyyən edilir, nəticələr də təbii ki, çox bərbad olur. Biz necə davranmağı öyrənməkdən, özümüz üçün yol xəritəsini müəyyən etməzdən öncə anlamalıyıq ki, biz kimik, bizim potensial ola biləcəyimiz inkişafımız hara qədər ola bilər və içimizdə ora çatdıra biləcək kamal mühərrikləri hansılardır? Bunu müəyyən etmədən edilənlər təqribi və bəzən də cəfəngiyyat olur.
Tanımaq üçün lazım olan metod
Biz qəbul edirik ki, bir keyfiyyətli ssenaristin olması üçün onun kamal halı bu olmalıdır ki, nəticə etibarilə katarsis yaratmalıdır. Bunun üçün onda əvvəla hekayə danışma, danışdığı hekayələri yazıya gətirmək imkanları işə salınmalıdır. Ondan əlavə, dramaturgiyanı duymaq imkanları olmalıdır. Qəhrəmanların təqdimatında elə etməyi bacarmalıdır ki, buna baxan tamaşaçı ona uyğunlaşa bilsin. Yekun hədəf bu olmalıdır ki, buna baxan tamaşaçı daxilində bir katarsis yaşamalıdır. Bütün bunları bir ssenarist, ssenari yazmazdan öncə özündə işə salır. Hətta rejissorla ssenaristin oxuduqlarını fərqləndirirlər. Ssenaristin hədəfi gözəl ssenari qurmaqdır və onun üçün buna uyğun yol xəritəsi cizilir, buna uyğun mühərriklər müəyyən edilir.
Bütün bu misalları ona görə çəkirik ki, biz insantanımanın mahiyyətini anlayaq. Çünki, biz insanı tanımasaq, onun üçün heç bir şey edə bilməyəcəyik. Biz özümüzü tanımasaq, kəşf etməsək, özümüzün hansı potensiala malik olduğumuzun fərqinə varmasaq, heç bir nəticəyə gedib çıxa bilməyəcəyik. Ona görə də insanşünaslıq bəhsi insanın kamil varlıq olmaq istiqamətində kamal qəbul edən varlıq olaraq araşdırılmasına həsr olunub. Buna özümüzü düzəltmək üçün özünü tanımaq deyilir.
Burada ciddi bir sual meydana gələ bilər ki, biz hansı üslubdan istifadə edəcəyik? Fitri, aksiomatik, bədihi - yəni özü-özünə aydın olan həqiqətlərə söykənmə və üstəlik əqli metod. Bizim bəhslərimizdə bu ikisi istifadə olunacaq. Əgər bu və ya digər mərhələdə hansısa mütəxəssisin fikrini deyiriksə və yaxud hansısa mövzu ilə bağlı ayəyə, hədisə söykəniriksə - bunlar bəhsi gücləndirmək məqsədi daşıyacaq. Bunlar mövzunun arqumentasiya hissəsi ilə bağlı deyil. Bizim üslubumuz - fitrətimiz, fitri bilgilərimiz, daxilimizdə olan aksiomatik bilgilər və ağıldır.
İnsanın daxilindəki özünə dəyər vermə hissi
Təbii olaraq sual meydana gələ bilər ki, ümumiyyətlə özümüzü nə üçün tanımalıyıq? Əlbəttə, vurğuladıq ki, nə etməlimizi bilmək üçün özümüzü tanımalıyıq. Amma, bundan da daha əsaslı, köklü mövzu var. Hər bir insanın içərisində özünə dəyər vermə adında fitri bir hiss var. Hər bir insanın daxilində "hubbu zat" adlandırılan bir fitri hiss var. İnsanın öz zatına dəyər verməsi var. Hər bir insan özü üçün dəyərlidir, qiymətlidir.
Burada söhbət eqoizmdən getmir. Eqoizm və buna oxşar məsələlər bu hissin yanlış istifadəsindən sonra meydana gəlir. Amma, bizim hər birimizin insan olaraq fitrətən içimizdə özümüzə, varlığımıza, kimliyimizə məhəbbətimiz var. Biz özümüz üçün dəyərliyik. Deyə bilərik ki, bunun nümunələri fərqlənir. Ona görə də fərqli-fərqli nəticələrə gedilib çıxılır. Özümüzü nə biliriksə, kim biliriksə - o cür cəhətlərimizin üzərində çox həssas oluruq.
Ona görə də içimizdə özümüzə olan sevgimiz, dəyər verməmizin realizə olunması baxımından özümüzü tanıma - ən təbii, ən ilk, ən özü-özünə aydın olan mövzuya çevrilir. Yəni, hər nə mövzu varsa, öyrənirik ki, özümüzə fayda versin. Çünki, özümüzü çox istəyirik, özümüzə dəyər veririk. Amma, əslində özümüzü öyrənməkdən başqa.
Bəli, özümüzü çox istədiyimiz üçün özümüzə fayda və xeyir verən işlərin ardınca gedirik və ya özümüzə zərər verən işlərdən uzaq dururuq. Bizim bütün etdiklərimizin, bütün davranışlarımızın bünövrəsində özümüzə olan məhəbbətimiz dayanır. Biz özümüzə verdiyimiz dəyərdən irəli gələrək, bu və ya digər işləri görürük. Bütün marketoloqlar, bütün insana yönəlik təbliğatlar, təşviqatlar insanın içərisində olan bu qüvvəni nəzərə alır və inandırmaq istəyirlər ki, ona fayda vermək niyyəti güdürlər. İnsan da özünə dəyər verdiyi üçün ona fayda verə biləcək hər şeyə can atır. Bu mənada bizim fitrətimizdə, yaradılışımızda qoyulmuş özümüzü dəyərləndirmə, özümüzü sevmə qüvvəsi mövcuddur. Bu mənada özümüzü tanımaqdan daha təbii bir mövzu yoxdur.
Faydalı olan bir şeyi etməkdən öncə...
Əgər insan özünü tanımaya can atmırsa və yaxud insan özünə faydalı olmaq üçün bir iş görmürsə, nə qədər təəccüb doğurar? Bir insan özünə fayda və xeyir əldə etmək üçün bir şey etməsə, ona qəribə baxarlar. Misal üçün, bir xəstəlik yayılır və sən qorunmursansa, sənə başqa cür baxırlar və ya haradasa böyük bir mənfəət var və sən ondan çəkinirsənsə, eyni yanaşmanı görürsən. Bu zaman deyirlər ki, sən özünü düşünmürsən. Amma, elə bil ki, bu hissədə insanın özünü düşünməsinə qədər bir mövzu irəli gəlir. İlk olaraq, insan kimdir ki, özü üçün faydalı və zərərli olanı düşünsün? İnsan tanınmalıdır ki, onun üçün faydalı olan da bilinsin. Sanki, bu hissə söndürülüb. Elə bil ki, çox qiymətli bir cihazın əsas funksiyalarından biri söndürülüb.
Bunu məktəb, universitet, təbliğat vasitələri təhrik etmir. Bu mənada insanın özünü tanımasından daha təbii, daha fitri bir mövzu ola bilərmi? Təbii ki, yox və bu, o qədər aydındır ki, heç bir əlavə sübuta da ehtiyac yoxdur. Əgər insan özünü tanımağa can atmırsa, demək ki, qəflətdədir, bunun fərqində deyil.
Bəzən dəqiqələrlə eynəyimiz axtararıq, amma eynək gözümüzdə olar. O cür də bəzən insan özü ilə bağlı guya hər şeyi fikirləşir və düşünür, amma qəflətin ən böyüyünü yaşayır. Özünü axtarmır, kəşf etmir və nəticə etibarilə də, özü üçün faydalı olanı tapa bilmir.
Etdiklərimizin həqiqi motivasiyası
Bizim bütün etdiklərimiz - əslində ləzzətlərimizin təmini üçündür. Ləzzətlərin forması, nümunələri fərqli-fərqlidir. İnsanın hisslərinin tərbiyəsinə görə, duyğularının tərbiyəsinə görə, kimliyinin necə formalaşmasına görə ləzzət anlayışları fərqlənə bilər. Birisi üçün ləzzət anlayışı yalnızca qidadan o tərəfə qalxa bilməz. Həmin insanın zövqləri ondan yuxarı qalxa bilməz. Adam var ki, onun üçün ləzzət anlayışı çox genişdir və bunun palitrası da çox böyükdür. Ümumiyyətlə isə insan hər nə edirsə, ləzzətinin təmini üçün, ağrıdan qaçmaq üçün, xeyir əldə etmək üçün və zərərdən qaçmaq üçün edir.
Bundan təbiisi ola bilməz ki, insan əvvəlcə özünü tanımalıdır ki, özünün həqiqi ləzzətlərini, həqiqi xeyir və zərərlərini bilsin.
Allahın Kitabı olan Qurani-Kərim bizə özümüzlə məşğul olmağı, özümüzü tanımağı, özümüzə yönəlməyi öyrədir: "Özünüzə baş vurun". Biz hər şeyə baş vururuq, özümüzdən başqa. Özümüzə baş vurub özümüzü kəşf etməli, özümüzü tanımalıyıq.
Həzrət Rəsulallah (s) buyurur: "Hər kim özünü tanısa, Rəbbini tanıyar". Özümüzü tanımasaq, Rəbbimizi tanıya bilməyəcəyik. Özümüzü tanıyarkən, kəşf edərkən Rəbbimiz də tanımağa doğru addım atırıq.
Həzrət Əmirəlmöminin (ə) buyurur: "Özünü tanıma - tanımaların ən xeyirlisidir". İnsanın özünü tanıması - tanımaların ən üstünüdür. Çox təssüflər olsun ki, insan tərbiyəsi mövzusundan bu hissə çıxarılıb. Sanki, ən mühüm hissə dondurulub.
Həzrət Əli (ə) buyurur: "Təəccüb edirəm o insana ki, itirdiyini axtarır, bir halda ki, özünü itirib və axtarmır". Bir sevimli qələmizi itiririk - kefimiz pozulur, hər yeri, hər tərəfi, bucağı axtarırıq, tapmayana qədər rahatlaşa bilmirik. Bu cür də hər nə itiririksə, axtarırıq. Amma özümüzü itiririk, amma axtarmırıq. Həzrət Əli (ə) belə bir insana təəccüb edir.
Həzrət Əmirəlmöminin (ə) digər bir yerdə buyurur: "Tanımanın zirvəsi - insanın özünü tanımasıdır". İnsan mühəndis, psixoloq, həkim - cürbəcür sahələr üzrə zirvəyə çata bilər, amma özünü tanımasa, tanımanın zirvəsinə gəlib çata bilməyəcəkdir. Bütün tanımalar hamısı müqəddimədir ki, insan özünü tanısın.
Yenə də Həzrət Əli (ə) buyurur: "Ən böyük uğura o kəs çatmışdır ki, özünü tanımağa nail olmuşdur".
Əgər biz həyatımızda özümüzü tanımağa gəlib çatmışıqsa, ən böyük uğura gəlib çatmışıq. Əgər bu tanımadan kənar düşmüşüksə, demək ki, zillətdəyik, amma bundan xəbərimiz yoxdur. Necə ki, bu gün bəşəriyyət qlobal olaraq hər şeydə nəticəyə çatıb, amma insan tanımada heç bir ciddi nəticəyə çata bilməyib. Ona görə də bu gün bəşəriyyətin hər hansı uğurundan söhbət gedə bilməz. Ortada olan uğurlar da yalnızca illüzor uğurlardır.
Bir qədər o tərəf-bu tərəf olan kimi, həyat öz axarını itirmiş olur. Amma biz özümüzü tanıya bilsək, gerçək faydalarımızı və zərərlərimizi bilsək və özümüzün çata biləcəyimiz ən ali halımızı bilsək - ona doğru yönələrik.
Allah Təala bu işdə bizləri müvəffəq olanlardan qərar versin! Amin!
Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar