Xəbər lenti
MİDA-nın Yasamalda tikdirdiyi binalardan mənzil alanlar aldadılıb - Fərhad Təhməzovun da vədi yalan çıxıb
Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində bazar qiymətinə yeni mənzil almış bir qrup şəxs ciddi problemlə üzləşib. Onlar 2018-2019-cu illərdə nəğd pula və daxili kredit hesabına əldə etdikləri mənzillərə köçə bilmirlər. Koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiq edildiyi bu çətin vaxtda bir yandan da tikinti şirkətinin məsuliyyətsizliyi ilə üzləşmiş vətəndaşlar hələ də kirayədə yaşamaq məcburiyyətində qalıblar.
Manevr.az xəbər verir ki, bu barədə “haqqın.az” məlumat yayıb. Bildirilir ki, MİDA Yasamal Yaşayış Kompleksində üç binanın (27,28, 29 nömrəli yaşayış binaları) tikintisi üzrə keçirdiyi investisiya müsabiqəsində “KAT Holding” MMC-ni qalib elan edib. Müsabiqənin şərtlərinə görə, bu şirkət özəl investor kimi inşa edəcəyi 12 mərtəbəli 60 mənzilli bir binanı MİDA-nın sərəncamına verməli, həmin binadakı yaşayış sahələri isə “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılmalı idi. Digər iki binanın mənzillərini investor özü bazar qiymətləri ilə satacaqdı. Üç binanın tikintisi 18 ay ərzində başa çatdırılmalı idi...
Bu sövdələşmə düz üç il əvvəl - 2017-ci ilin iyulunda baş tutub. Amma “KAT Holding” ilyarıma tikintisini başa çatdırmalı olduğu yaşayış sahələrini indiyədək öz sahiblərinə təhvil verməyib. Söhbət, əlbəttə, bazar qiyməti ilə mənzil alanlardan gedir. Şirkət qarşı onlarla bağladığı müqavilələrdə binaların istismara veriləcəyi vaxtı dəqiq göstərsə də, öz öhdəliyinə əməl etməyib. Nəhayət, 2019-cu ilin martında mənzilləri tam təmirli vəziyyətdə sahiblərinə təhvil veriləcəyi vəd olunub. Bu da boş sözdən başqa bir şey olmayıb. Canı boğaza yığılmış vətəndaşlar ötən ilin sentyabrında yığışaraq onları aldadan “KAT Holding” MMC-nin ofisinə gediblər. Orada şirkətin təsisçisi Elçin Ələkbərovla görüşüblər. Bu dəfə 2019-cu ilin dekabrı son müddət kimi göstərilib. Amma bu dəfə də sakinlərə verilən vəd yalan çıxıb. Mənzillər təmir olunmayıb, elektrik xətləri çəkilməyib, lift quraşdırılmayıb.
Dəfələrlə aldadılan vətəndaşlar, nəhayət, bu ilin əvvəlində MİDA MMC-nin rəhbəri Fərhad Təhməzova müraciət etməli olublar. O isə söz verib ki, mənzillərin Novruz bayramınadək sahiblərinə təhvil verilməsini Elçin Ələkbərovdan tələb edəcək. Novruz bayramı da gəlib keçib. Mənzillərdə çöpü-çöp üstünə qoyan olmayıb.
Haqq-ədalətə inamı itən adamlarıın başı üzərini bir yandan da pandemiya və karantin rejimi alıb. Onlar martın 18-də yeni MİDA-ya gediblər. Şirkətin adından onlarla görkəmindən sanballı adama oxşayan bir nəfər söhbət edib və hamını inandırmağa çalışıb ki, mayın sonunadək mənzillər istifadəyə hazır olacaq. Sonradan məlum olub ki, bu şəxs Müasir İncəsənət Muzeyinin direktoru Xəyyam Abdinovmuş... Bu adamın “KAT Holding”ə nə dəxli var, başa düşülmür. Hər halda, binalarda işlər yarımmçıq qalıb, başa çatdırılmadan dayandırılıb.
Üstəlik, mənzilləri daxili kreditlə alanlara, əsassız olaraq, krediti bağlamaq və mənzili öz adına sənədləşdirmək qadağan olunub. Şirkət yarımçıq qalmış mənzilləri onların qanuni sahiblərinin əlindən alacağı barədə hədə-qorxu da gəlir.
Mənzil alanlardan biri get-gəldən cana doyaraq, hətta özünə qəsd etmək istəyib.
Vətəndaşlar ombudsmana, Baş Prokurorluq yanında Korrupsiya ilə mübarizə Baş idarəsinə, birbaşa Baş Prokurorluğun özünə, Dövlət Təhlükəsizliyi Xidmətinə, Yasamal Rayon Polis İdarəsinə şikayət ediblər. Bütün müraciətlər cavabsız qalıb. Hətta kütləvi informasiya vasitələri, hansı səbəbdənsə, onların müraciətlərinin dərcindən imtina ediblər.
Beləcə, iki ildir ki, 132 ailə pulunu tam ödədiyi mənzillərə köçə bilmir. Buna görə də dövlət başçısının koronaviris pandemiyası ilə əlaqədar “evdəqal” çağırışına qoşulmağa çətinlik çəkirlər. Çünki qalmağa evləri yoxdur. Çünki “KAT Holding” tikinti işlərini yekunlaşdırmır.
Aldadılmış vətəndaşlar ölkəmizdə tikintiyə və insan hüquqlarına cavabdehlik daşıyan hərə kəsə müraciət edərək deyiblər: “Əksəriyyətimiz hazırda kirayədə yaşayırıq. “KAT Holding” tikintini gecikdirdiyinə görə bizə nə kompensasiya verir, nə də kirayəmizi ödəyir. Biz dövlət orqanlarından xahiş edirik ki, dövlət başçısının layihəsinin reallaşmasındakı özbaşınalığa və öz öhdəliyinə məsuliyyətsiz yanaşan tikinti şirkəti tərəfindən hüquqlarımızın pozulmasına son qoysunlar”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar