Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Uşaqları "Maşa və ayı" cizgi filmindən uzaq tutun" – Loqopeddən valideynlərə

Tarix: 02-07-2020 16:16     Baxış: 2283 A- / A+
"Uşaqları "Maşa və ayı" cizgi filmindən uzaq tutun" – Loqopeddən valideynlərə


Son vaxtlar nitq inkişafında problemləri olan uşaqların sayının artdığını daha çox müşahidə edirik. Valideynlər mərkəzlərə müraciət edir və uşaqlarının kəkələməsindən, az danışmasından və ya az söz deməsindən şikayət edirlər. Bu kimi problemlərin isə müxtəlif səbəbləri ola bilər.
Ancaq valideynlər bilməlidirlər ki, uşaqlarda erkən yaşda nitqin inkişafı doğma dilin formalaşmasında və mənimsənilməsində mühüm rol oynayır. Buna görə də, onlar uşaqlarda dilin inkişafına xüsusi diqqət yetirməlidirlər. Çünki vaxtında qoyulmayan diaqnoz onlarda ciddi nitq problemlərinə gətirib çıxara bilər.
Mövzu ilə bağlı deffektoloq-loqoped Esmira Qafarova "Ailəm" jurnalının suallarına cavab verib.

- Uşaqlarda nitq qüsurları hansı səbəbdən yaranır?
- Uşaqlarda ümumi olaraq nitq qüsurlarının yaranma səbəbi iki istiqamətdə özünü göstərir. Biri anadangəlmə, digəri isə sonradan qazanılma. Yəni, orqanik və funksional mənşəli. Anadangəlmə yaranan nitq qüsurları ən çox ananın prenatal (hamiləlik) dövründə rast gəlinir. Hamiləliyin 4 həftəsindən 4 ayına qədərki dövr dölün inkişaf dövrüdür. Bu dövrdə ana qrip, qızılca, suçiçəyi, məxmərək və s. kimi infeksion xəstəliklər keçirərsə və hamiləlik dövründə uşağın düşmə ehtimalı olarsa, bu zaman ananın istifadə etdiyi dərmanlar uşağın inkişafına mane olur. Tutaq ki, uşaq 4 aylığında 400-450 qram olmalıdırsa, belə halda olur 250 qram. Yəni, inkişaf haradasa, yarı-yarıya düşür. Bu da gələcəkdə uşağın psixi və fiziki inkişafının ləngiməsinə səbəb olur. Digər səbəblərdən biri isə ananın hamiləlik dövründə keçirdiyi stress, həmçinin, psixonevroz problemləri ilə bağlı döldə gedən tonusların ağırlaşmasıdır. Bunlar da uşaqların serebral iflic və kəkələmə riskini artırır. Sonrakı dövr natal dövr, yəni doğuş dövrüdür. Doğuşda travmalar zamanı yaranan müəyyən patoloji problemlər, doğuş zamanı uşağın baş beyninin ənsə payının zədələnməsi də nitqin inkişafına mənfi təsir göstərir. Üçüncü dövr isə postnatal dövrdür. Yəni, doğuşdan sonrakı dövr. Burada uşağın erkən inkişaf dövrü, yəni, 1 yaşa qədərki dövrü nəzərdə tutulur. Əgər uşaqda mədə-bağırsaq pozuntusu olarsa, bu ən çox psixi inkişafa, həmçinin, nitq inkişafına mane olur. Çünki bağırsaq beyinlə əlaqədardır və ikisi də bir-birinə bağlı olaraq funksiya icra edir. Prenatal, natal, postnatal dövrün problemləri uşağın nitq inkişafına mane olan ən böyük səbəblər kimi götürülür.

- Kompüterdən, telefondan istifadə etmək və ya televizora baxmaq nitqin ikişafına təsir edirmi?
- Bu artıq postnatal dövrün problemidir. Uşaqlar bir yaşından etibarən ilk sözləri deməyə başlayırlar. Onlar ilk olaraq 10-15 söz, 1 yaş 6 aylığından 2 yaşına qədər 30-40 söz deməyə başlayırlar. 2 yaşdan 3 yaşa qədər isə 250-300 söz və sadə söz birləşmələri deyirlər. Məsələn, "ana", "ata", "su" və s. 2 yaşına qədər uşaqlarda situativ nitq olur, yəni situasiyaya uyğun olan nitq. Bu zaman uşaq atasını istəyəndə, "Ata, ata, ata" deyir. Ancaq əgər bu 5 yaşında uşaqda da varsa, deməli, inkişaf ləngiməsi gedir. Mən 2 yaşında uşaqda adını çağıranda reaksiya görmürəmsə, uşaq deyilən əmrləri yerinə yetirmirsə, həmçinin uşaq ən azı 250-300 söz demirsə, bu artıq onun inkişafında ləngimə deməkdir. 3-4 yaşındakı uşaq isə artıq 750-1500 söz deməli və 2-3 sadə sözdən sadə cümlə qurmalıdır. Bu zaman artıq frazalı nitq dövrü başlayır. Yəni, 3 yaşa qədər ifadəli nitqlə ifadə edirsən, 3 yaşdan sonra isə onları əlaqələndirirsən. Valideynlər bilməlidirlər ki, əgər 3-4 yaşındakı uşaq cümlə qurmursa, əlaqələndirə bilmirsə, bu artıq problemin göstəricisidir. 4 yaşındakı uşağın söz bazası 2000-2500, 5 yaşındakı uşağın söz bazası isə 5000 olmalıdır.
Ümumiyyətlə, 2 cür nitq var, passiv və aktiv. Əgər uşaq başa düşür, ancaq danışmırsa, bu passiv nitqdir. Yox, əgər uşaq həm başa düşür, həm də danışırsa, bu artıq aktiv nitqdir. Uşağın passiv nitqi olmasa, aktiv nitqi də olmaz. Bunun üçün də valideynlər uşağı kompüter, televizor və telefondan uzaq tutmalıdırlar. Onlar isə əksinə uşağı telefonla oynamağa məcbur edirlər ki, mən buna məişət zorakılığı deyirəm. Yəni, dolayısı ilə onlar öz uşaqlarını zombiləşdirirlər. Valideynə deyirəm ki, sizin uşağınız niyə danışmır? Deyir ki, danışır, sadəcə olaraq, başı telefona qarışıb. Valideynlər özləri də telefonla rahat oynamaq üçün uşaqlarının qarşısına bir planşet atırlar. Ancaq düşünmürlər ki, sabah ciddi fəsadlarla qarşılaşacaqlar və uşaqlarını cəmiyyətə adaptasiya etməkdə problem yaşayacaqlar. Bir sözlə, uşaq dünyaya normal gəlir, sadəcə olaraq, belə hallarla anormal yetişdirilir. İlk növbədə, uşaqların sosiallaşması vacibdir. Bir uşağın nitqində problem varsa, o uşağın sosiallaşmasında (xüsusilə də, ünsiyyətində) problem var deməkdir. Eyni zamanda uşaqda özünə inamsızlıq yaranır. Özünə inamsızlıq isə valideynin ünsiyyət qurmamasından irəli gəlir. Bundan başqa, valideynlərin əksəriyyəti uşaqlarına "Sən bacarmazsan" və ya "Sən bilməzsən" kimi sözlər deyirlər. Nəticədə, təbii olaraq, uşaqda özünə inamsızlıq yaranır və uşaq mənəvi olaraq sınır. Bir sözlə, valideynlər uşaqlarını cəmiyyətə adaptasiya etmək metodlarını bilməlidirlər və uşaqlar arasında ayrı-seçkilik etməməlidirlər.

- Valideynlər neçə yaşından uşaqları ilə ünsiyyətə başlamalıdırlar?
- Ananın hamliləlik dövründən. Ana bətnindən valideynlər artıq uşaqları ilə ünsiyyətdə olmalıdırlar. Hətta, uşaq dünyaya gələndə qığıldadığı zaman düşünməsinlər ki, uşaqdır, heç nə istəmir, heç nə başa düşmür. Uşaqlarla o gündən etibarən tam aydın şəkildə səlis danışmalıdırlar. "Su istəyirsən?" və ya "Həyətə gedək?" kimi söz birləşmələri deməlidirlər. Yoxsa, "Pəpəş istisən?", "Qakka istisən?" deyərək guya uşağa nəyisə öyrədirlər. Valideyn uşaq dilində niyə danışmalıdır axı? Çörəyə "Pəpəş" deyirlər. Amma "çörək" və "pəpəş" sözlərindəki səslərin, hərflərin sayı eynidir. Ondansa çörək desinlər. Uşaqlarda nitqin inkişafına mane olan birinci səbəb uşağın artikulyasiya aparatında orqanik problemlərin olması, ikinci səbəb uşaqla uşaq dilində danışılması, üçüncüsü isə uşağa bir neçə dilin yüklənməsidir.

- Hansı hallarda və neçə yaşdan loqopedə müraciət edilməlidir?
- Normal uşaqlarda 3 yaşına qədər gözləmək olar. Əgər 3 yaşına qədər uşaq bütün əmrləri təxəyyülü, təfəkkürü ilə başa düşürsə, sadəcə olaraq, nitqində gecikmə varsa, 3 yaşdan sonra müraciət edilməlidir. Bu vəziyyət autizm, daun sindromu, serabral iflic, ağız suyu axan, həmçinin, udma-çeynəmə problemi olan uşaqlara aid deyil. Daun sindromlu uşaqlar 2 ayından, autizmli uşaqlar isə 2 yaşından loqopedik, psixoloji, pedaqoji korreksiyaya cəlb olunmalıdırlar. Əgər uşağın 5 yaşı varsa və heç nə danışmırsa, bu artıq loqopedik müalicənin gecikdirilməsindən xəbər verir.

- Nitq qüsurlarını aradan qaldırmaq üçün hansı üsullardan istifadə edirsiniz?
- İlk növbədə uşağa diaqnoz qoyulur. Daha sonra isə onlara fərdi yanaşılaraq müalicə yazılır. Məsələn, autizm mərkəzində 10 uşaq var və onların terapiya növü fərqlidir. Bundan başqa, 5 dislaliya xəstəliyi olan uşaq var (dislaliya - bir neçə hərfin səhv tələffüzü deməkdir) onlara da özlərinə uyğun olaraq ayrı-ayrılıqda proqram tərtib olunur. Bizdə ABA, Pecs, Portech, Floortime, Sunrise, Binaural terapiya, Dens, Monoloq aparatlarımız var. Mən Azərbaycana ilk dəfə olaraq kinezio lentini gətirmişəm. Daun sindromlu, ağız suyu axan uşaqların müalicəsi bu lentlər vasitəsilə aparılır. Bəzi uşaqların əlləri və ayaqları işləməyəndə bu lentlərdən istifadə edilir. Ancaq loqopediya sahəsində ilk dəfə bunu Azərbaycanda mən tətbiq etmişəm. Bu da sırf uşaqlarda nitiqin inkişafını təmin etmək üçündür. Məsələn, uşağın ağız suyu axırsa, bu lentlərlə düzəltmək mümkündür. Daha sonra xüsusi loqopedik masajlarımız var. Dens aparatı var ki, ölmüş hüceyrələr bu aparat vasitəsilə bərpa edilir. Həmçinin, bu aparat auitizmlilərin alınlarında inkişaf ləngiməsini də aktivləşdirir. Digər tərəfdən, orqanizmimizin bütün sinirləri ayağımızın altında yeləşir. Refleksoloji masaj deyilən bir masaj var ki, bu masaj bu sinirlərə çox müsbət təsir göstərir. Təbii ki, bu proseslərdə də uşaqlara fərdi yanaşılır. Yəni, hər tətbiq edilən proses uşaqdan asılı olaraq dəyişir.

- Cizgi filmlərinə müxtəlif dillərdə baxan uşaqlarda hansı nitq problemləri yarana bilər?
- Ümumiyyətlə, cizgi filmi seçilərkən orada qorxulu obrazların olmamasına diqqət yetirilməlidir. Məsələn, "Spiderman" uşaqda normal psixoloji vəziyyət yaratmayan cizgi filmidir. Çünki, hiperaktivliyin başlanğıcıdır. Bəzən görürsünüz ki, uşaq cizgi filmi qəhrəmanının paltarını geyinir və divara çıxır ki, mən "Spiderman"əm. Bu cür şeylərin hamısı uşaqlarımızın inkişafına mane olur. Buna görə də, valideynlər cizgi filmi seçərkən çox diqqətli olmalıdırlar. Məsələn, "Maşa və ayı" yaxşı cizgi filmdir, ancaq onun şüuraltında aqressiya tipli o qədər mənfi obrazlar var ki… Uşaqlar yemək istəyəndə cizgi film qəhrəmanı “Maşa” kimi əlini stola vuraraq, yemək istəyirlər. "Spiderman" də həmçinin. Məsələn, uşağa deyirsən ki, "Sənə nə alım?", cavabında deyir ki, "Spiderman çantası", "Spiderman tortu", "Spiderman paltarı". Uşağın həyatı olur bu cizgi filminin qəhrəmanı. Uşaqlar anlamasalar da, bu onlara mənfi təsir göstərir. Başqa bir problem isə cizgi filminə baxan uşaqda spontan nitqin formalaşmasıdır. Yəni, uşaq məlumatı alır, amma həmin məlumatı verə bilmir. Bu da müəyyən müddətdən sonra ünsiyyətsizlik, aqressiya, kəkələmə, loqofobiya, nitqdən imtina etmək və mutizmlə nəticələnir. Digər tərəfdən, fərqli dildə cizgi filmlərinə baxmaq uşaqda öz dilini unutmağa gətirib çıxarır. Məsələn, uşaqlar o qədər türk dilində cizgi filmlərinə baxırlar ki, Azərbaycan dilində heç bir söz bilmirlər. Bir sözlə, cizgi filmi seçərkən oradakı obrazlara diqqət yetirilməli, aqressiv obrazlı cizgi filmlərdən uzaq tutmalı və uşaqlara maksimum yarım saat cizgi filmi izləməyə icazə verilməlidir.

- Son olaraq valideynlərə məsləhətləriniz...
- Ən vacib məsləhətim odur ki, valideynlər uşaqları ilə çox vaxt keçirsinlər. Uşaqdır deyib keçməsinlər. Sizin uşaq hesab etdiyiniz uşaq əslində sevgiyə, qayğıya ehtiyacı olan bir varlıqdır. İşləyən analardan ən çox ricam budur ki, heç olmasa həftə sonlarını uşaqları ilə ünsiyyətdə olsunlar. Ən çox şəkillər üzərindən maraqlı oyunlar oynasınlar, nağıllar danışsınlar. Birmənalı şəkildə telefon, televizor, internet uşağın həyat rasionundan çıxmalıdır. Ancaq və ancaq həftə sonları icazə vermək olar. Əgər valideynlər uşaqlarında hər hansı bir nitq problemi müşahidə etsələr, davranışlarında problemlər görsələr, buna erkən müdaxilə etməlidirlər. Çünki erkən müdaxilə böyük uğur qazanmaq deməkdir. Gecikdirdikdə isə biz mütəxəssislər belə nə isə etməkdə çətinlik çəkirik. Yeniavaz.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar