Xəbər lenti
Baş epidemioloq: "Nəyə deyirsiniz and içim ki, Azərbaycanda koronavirus yoxdur"
“Bu gün Azərbaycanda koronavirusa yoluxan insan yoxdur. Səhiyyə Nazirliyi bu kimi hallardan qorunmaq üçün hər zaman qabaqlayıcı tədbirləri yüksək səviyyədə görür. Hazırda ölkədə epidemioloji həddi aşan heç bir yoluxucu xəstəlik qeydə alınmayıb. Buna tam əmin ola bilərsiniz”.
Manevr.az xəbər verir ki, bunu report-a açıqlamasında Səhiyyə Nazirliyinin Baş epidemioloqu İbadulla Ağayev deyib.
O, Azərbaycanda koronavirus epidemiyasının olduğunu iddia edənləri insaflı olmağa çağırıb: “Bəziləri əllərində dəqiq məlumat olmadığı halda, yalan informasiyalarla camaatı qorxudub xofa salırlar. Əmin ola bilərsiniz ki, ölkədə koronavirusa yoluxma faktı aşkarlansa, bunu hamıdan əvvəl nazirliyin rəsmisi kimi özüm xəbər verəcəm. Allah o virusu bizdən kənar eləsin”.
Baş epidemioloq qeyd edib ki, koronavirusa görə qabaqlayıcı tədbirlər çərçivəsində ayrılan xəstəxanalarda şübhəli şəxs qismində heç kim saxlanılmır: “Onlar sadəcə respirator qrip virusuna görə müraciət edənlərdir. Həmin xəstəxanalarda müalicə olunanlara koronavirus diaqnozunu kim qoyub?! Təşviş üçün heç bir əsas yoxdur. Olmayan bir halın mövcudluğunu necə təsdiqləyə bilərik?! Əgər belə bir təhlükə olsa, onu gizlədən deyilik. Biz xalqımızın düşməni deyilik ki?!”
Mütəxəssis tibbi maskaların və spirtin koronavirusdan qorunmaq üçün effektiv olub-olmaması məsələsinə də toxunub: “Əgər bu virus ölkədə varsa, maska taxılsa da insana keçəcək. Əgər mən xəstələnməmişəmsə, niyə qoruyucu maska taxım?! Yəni bu gün insanları narahat edəcək hal yoxdur. Nəyə deyirsiniz and içim ki, ölkədə sabitlikdir və koronavirus yoxdur. Gigiyenik normativlərə riayət etmək daha yaxşı olar. Hətta məsləhət görərdim ki, üzü sabunla yuduqda burun dəliklərini də həmin məhlulla təmizləsinlər”.
İ.Ağayev deyib ki, hər bir şəxs özünün həkimi olmalıdır: “Əgər bazardan meyvə alıb onu yumadan yeyirlərsə, burada həkimin nə günahı var?! Virus törədən xəstəliklərin hamısı bir-birinə oxşayır. Xəstələnən zaman mütləq həkimə müraciət edilməlidir. Göstəriş olmadan heç bir dərman vasitəsi içilmək olmaz”.
Qeyd edək ki, Azərbaycanda koronavirusla bağlı Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq infeksion xəstəxanasında xüsusi palatalar ayrılıb.
Xatırladaq ki, dünyada 79 331 nəfər koronavirusa yoluxub. Həmin faktlardan 77 262 Çində qeydə alınıb. Epidemiya 2 704 nəfərin ölümünə səbəb olub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar