Xəbər lenti
Sənədsiz evlərin sahiblərinə şad xəbər - problem həll olunur
Azərbaycanda sənədsiz evlərə çıxarış verilməsi məsələsi haqda illərdir danışılır. Bu problem son illərdə daha çox problemlər yaratmağa başlayıb. Bir neçə amil evlərin sənədləşdirilməsini zəruri edir. Bu istiqamətdə tədbirlərin həyata keçirilməsi Nazirlər Kabinetinin “Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər Tədbirlər Planı”nda əks olunsa da, hələ ki ciddi irəliləyişlərin əldə olunduğunu söyləmək mümkün deyil. Məlumat üçün bildirək ki, Nazirlər Kabineti 2019-2021-ci illərdə yaşayış və qeyri-yaşayış sahələrinin sığortalanması üçün Əmlak Komitəsinə sənədsiz evlərin sənədləşmə prosesini tamamlamağı tapşırıb. Həmçinin Fövqəladə Hallar Nazirliyinə də tikintinin standartlara uyğun aparılmasının təmin edilməsi tapşırılıb.
Manevr.az musavat.com-a istinadən xəbər verir ki, bir çox Mənzil Tikinti Kooperativlərə (MTK) dövlət tərəfindən prezidentin sərəncamını yerinə yetirmək üçün tikdikləri binalardakı mənzilləri sənədləşdirmək tapşırılıb. Buna uyğun olaraq ötən ilin son aylarından etibarən MTK-lar bu işə cəlb olunub. Artıq xeyli sayda binadakı mənzillər sənədləşdirilib. Belə mənzillərin əksəriyyəti Bakının mərkəzində yerləşir. Əsas məsələ isə Bakı və Bakıətrafı qəsəbələrdə, Abşeron rayonundakı 100 minlərlə sənədsiz həyət evləri ilə bağlıdır.
Əmlak Ekspert Mərkəzinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Ramil Osmanlı problemlə bağlı ümidli danışdı: “Bu istiqamətdə konsepsiya hazırlanıb və hökumətə təqdim olunub. Müzakirələr də gedib və artıq ortalıqda ilkin qərar da var. Düşünürəm ki, ilin ilk yarısında məsələ ilə bağlı rəsmi qərar olacaq. Bilirsiniz ki, bu məsələdə şaxələnmiş formada problemlər mövcuddur. Bu problemlərin aradan qaldırılması üçün ciddi işlər görülür. Cənab prezidentin fərmanı və Nazirlər Kabinetinin qərarı elan olunmalıdır. Yəqin ki, belə bir qərar ilin birinci yarısında olacaq. Belə başa düşürəm ki, ilin sonuna qədər problemlər öz həllini tapmalıdır”.
R.Osmanlı sənədsiz evlərin nə qədər olmasına da toxundu: “Bununla bağlı konkret monitorinq aparılmayıb. Amma ilkin hesablamalara görə, Bakı və Abşeron ərazisində təqribən 500-600 min arası sənədi olmayan evlər var. Digər regionları da götürsək, mənə elə gəlir ki, bu rəqəm 150-200 min artar”.
Ekspert kompensasiya məsələsindən söz açdı: “Burada məsələ belədir ki, mühafizə zolağına düşən aktiv mədən ərazisindəki evlər istisna olmaqla, digər obyektlər sənədləşdiriləcək. Mühafizə zolağına düşənlərə kompensasiya ödənilməklə onların başqa ərazilərə köçürülmə prosesi aparılacaq. Burada məsələlərə müxtəlif cür yanaşmalar ola bilər. İlkin rəy bundan ibarətdir ki, harada magistral xəttin dəyişdirilməsi, köçürülmə daha ucuz başa gəlirsə, orada magistral xəttin istiqaməti dəyişdirilə bilər. İstənilən halda sakinlərə kompensasiya ödəniləcək”.
Müsahibimiz bəzi evlərə qanunsuz sənədlərin verildiyi barədə sualımıza belə cavab verdi: “Bu artıq başqa söhbətin mövzusudur. Burada yerli icra hakimiyyəti orqanlarının, yaxud bələdiyyələrin qanunsuz fəaliyyəti ilə bağlı məsələlərə hüquqi qiymətin verilməsi də müzakirə oluna bilər. Xeyli sayda bu cür hallar var ki, bələdiyyələr öz torpaqlarını qanunun tələblərinə uyğun olmayan formada satıblar”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar