Xəbər lenti
Ziya Məmmədovun viran qoyduğu “intellektual dayanacaqlar”
Dəyəri 10 min manat olan monitorlar işləmir; bütün avtobuslarda ilin sonunadək kart sistemi tətbiq olunacaq
Bakıda 10 ildən çoxdur ki, nəqliyyatın intellektual idarəetməsinə keçilib. Lakin buna baxmayaraq, bu gün də dayanacaqlarda əlində elektron saat tutub, vərəqdə qeydlər aparan dispetçerlərə rast gəlirik. Ekspert bunun səbəbini onda görürlər ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun zamanından həyata keçirilən nəqliyyatın intellektual idarəetməsi baş tutmayıb.
Məmmədovun zamanında yeni dayanacaqlar gətirilib, hər birinə dəyəri o dövr üçün 10 min manat olduğu bildirilən monitorlar quraşdırıldı. Məqsəd o idi ki, sərnişin monitorlar vasitəsilə avtobusun harada olduğundan xəbər tutub, operativ məlumat alacaq. Bundan əlavə, avtobuslara GPS sistemi, kameralar da quraşdırıldı ki, mərkəzdən nəzarət, monitorlara ötürülən informasiya real şəkildə təmin edilsin. Ancaq bütün bunların heç biri baş vermədi. Bəzi dayanacaqlarda monitorlar işlədi, ancaq avtobusun gəlmə vaxtı monitorlarda göstərilən rəqəmlərlə üst-üstə düşmədi. Nəticədə yenə də köhnə qaydaya-əlində elektron saat, avtobusları qovan dispetçerlər dövrünə qayıdıldı.
Bəs monitorlara çəkilən xərclər necə oldu? Hələ ki bu sualın cavabını vermək istəyən rəsmi şəxs yoxdur. Monitorların bugünkü halı məlum olsa da, gələcək aqibəti bəlli deyil.
Bu barədə danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, yaxın gələcəkdə avtobuslarla bağlı yeniliklər tətbiq ediləcək. Qurum sözçüsünün sözlərinə görə, bu yeniliklər nəticəsində sərnişinlər avtobusları izləyə, rahat qaydada istifadə edə biləcəklər. Onu da bildirək ki, hazırda Bakıda dispetçerlərin tənzimlədikləri avtobuslarda ciddi gecikmə halları da müşahidə olunur. Xüsusilə də Bakı kəndlərinə işləyən avtobuslar bəzən 40-45 dəqiqə gecikir. Dispetçerlə sürücü arasında qəpik davası düşdüyü zaman bu gecikmə bir qədər də artır. Ona görə də əksər sərnişinlər tezliklə müasir sistemin quraşdırılmasını arzu edirlər.
Mais Ağayev bildirdi ki, avtobusların kart sisteminə keçirilməsi fonunda bu problem də öz həllini tapacaq:
“Hazırda Bakı Nəqliyyat Agentliyi avtobusların kart sisteminə keçidini təmin etmək üçün işlər aparır. Plana görə ilin axırına qədər kart sisteminə keçid təmin olunacaq. Yəni məqsəd odur ki, qarşıdakı 2-3 ay ərzində bu proses reallaşsın. Kart sisteminə keçid təmin edildikdən sonra biz avtobuslara nəzarət edə biləcəyik. Bu gün, məsələn, ”Bakubus"ın avtobuslarında belə bir nümunə var. Artıq avtobusları real vaxt rejimində izləyə bilərik. Onların olduqları məkan, hərəkət sürətləri, gəlmə dəqiqələri və digər bu kimi məlumatlar əldə edilə biləcək. Belə olduğu halda isə həmin məlumatların xüsusi proqramlar vasitəsilə əhaliyə çatdırılması da təşkil olunacaq. Burada söhbət həm də mobil telefonlar vasitəsilə informasiya almaqdan gedir. İnsanlar mobil tətbiqlər vasitəsilə bunu edə biləcəklər. Eyni zamanda sərnişinlər dayanacaqda olduqları zaman da məlumat ala biləcəklər ki, oradan hansı xətlər keçir, ən yaxın avtobus hansı ərazidədir, neçə dəqiqəyə yaxınlaşacaq. Bütün bunların hamısının həyata keçirilməsi kart sisteminin təşkilindən bilavasitə asılı olan proseslərdir. Kart sistemə keçidlə avtomatik olaraq problemlər öz həllini tapacaq".
Monitorlara gəlincə isə M. Ağayev aşağıdakıları söylədi:
“Hələ ki monitorların aqibəti ilə bağlı fikir söyləmək tez olar. Əsas məsələ sərnişinləri maarifləndirməkdir. Biz çalışırıq ki, sərnişindaşımadakı bu kimi problemlər öz həllini tapsın və insanlar rahat şəkildə mənzil başına çata bilsinlər. Ona görə də yeni sistemləri tətbiq edir, yeniliklər edirik. Kart sisteminin tətbiqi də onlardan biridir. Bakı kəndlərinə işləyən avtobuslardan edilən şikayətlərə gəlincə isə bu məsələ də öz həllini tapacaq. Bütün xətlərdə dəyişiklik edilir. İndi gətirilən 300 avtobusla nəyi dəyişə biliriksə, onu da dəyişəcəyik. Lakin bununla da bitmir. Növbəti il də ölkəyə avtobuslar gətiriləcək. Bu zaman da xətlərdə olan köhnə avtobusları yeniləri ilə əvəzləyəcəyik. Kart sisteminə keçdikdən sonra isə vaxt və digər bu kimi məsələlər də qaydasına düşəcək. O zaman şəhərin mərkəzi və ya kənarları fərqi olmayacaq. Bütün yerlərdə sərnişindaşımanın yüksək səviyyədə təşkili üçün işlər aparılır və yaxın zamanlarda da aparılan işlərin əyani şahidi olacaqsınız”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar