Xəbər lenti
Ağsu məhkəməsi korrupsiya cinayətinə xitam verib: 2 illik cinayət müddətinin bitməsi “əsası” ilə...
8 aydır Ağsu rayon məhkəməsinin hakimsizliyindən elə 8 aya yaxındır yazırıq. Hələ də rayon məhkəməsinə hakim təyin edilməyib. Şamaxı rayon məhkəməsinin hakimi Etibar Hümbətovun Ağsuda iş həftəsonunda hakim mantiyasını geyinib hakim əvəzi statusunda qərarlar qəbul etməsi də 8 ay olar. Di gəl, bu qərarların haqq-ədalətdən daha çox, qeyri-prosessual münasibətlərdən qaynaqlandığını , bu qeyri-prosessual münasibətdən ittiham tərəfinə də pay düşdüyünü demək olar.
Ağsu rayon Yenilik bələdiyyəsinin sədri Süleyman Məmmədov Pirhəsənli kənd sakini, fərdi sahibkar Bədəlov Firuzun kənd təsərrüfatı sahibkarlığı üçün alqı-satqı müqaviləsi ilə aldığı 100 hektar torpaq sahəsinin bir hissəsini ələ keçirmək amacı ilə vəzifəsindən sui-istifadə edərək saxta icarə müqaviləsi və müvafiq rəylər, sənədlər tərtib edib. Özü də 10 il qabağa. Yəni bu bələdiyyə sədri 2017-ci ildə 10 il qabaqkı sələfi Sədaqət İbişovun imzasını saxtalaşdırmaqla “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 12 oktyabr 2007 -ci il tarixli 09 saylı müqavilə, S. İbişovun və Ə. Məmmədovun ( Süleyman Məmmədovun qardaşı və özgənin torpağını ələ keçirməkdə cinayət ortağı-M.A.) imzalarını saxtalaşdırmaqla Yenilik bələdiyyəsinin 12 oktyabr 2007-ci il tarixli 10 saylı protokolundan çıxarış , Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsinin müdiri Tofiq Ağayevin (hazırda Ağsu RİH -in torpaq şöbəsinin müdiridir -M. A.) imzasını saxtalaşdırmaqla eyni tarixli 209 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” rəy tərtib edib və müqavilə və çıxarışa özündə olan möhürü, rəyə isə möhür əksini relyef klişe vasitəsilə vurub. Bu cinayətkar saxtalığı zərərçəkmiş Firuz Bədəlovun şikayəti əsasında Ağsu rayon prokurorluğunda başlanılmış cinayət işi üzrə təyin edilmiş 22 iyul 2019 tarixli sənədlərin texniki ekspertizası və məhkəmə -xətşünaslıq ekspertizasının rəyləri müəyyən edib . 20 sentyabr 2019 tarixli məhkəmə iclasında təqsirləndirilən şəxs Süleyman Məmmədov cinayətini boynuna almış, lakin bu cinayəti maddi maraq üçün yox, Ağsu RİH başçısının Yenilik icra nümayəndəsi Asif Mürşüdov vasitəsi ilə çatdırılan xahişi ilə guya başçının hörmətini qazanmaq üçün etdiyini bildirib. . Məhkəmə də, ittiham tərəfi də bu nağıla inanıb! (?) Qəribə inanc və məntiqdir, başçının hörmətini qazanmaq üçün başçının xahişi ilə saxta sənəd, icarə müqaviləsi tərtib etmək? ! Məhkəmə başçının təqsirləndirilən şəxsə saxta sənəd tərtib etmək haqqında sifarişini -xahişini araşdırmağa borclu olduğu halda, heç bir hərəkət etməyib. Eyni zamanda sifarişdə -xahişdə və rüşvətdə vasitəçi kimi işdə adı keçən Ağsu rayonu Yenilik kənd icra nümayəndəsi Asif Mürşüdova da məhkəmə ədalət mühakiməsinin gücünü göstərməyib. Fikir verin, həm təqsirləndirilən bələdiyyə sədri Süleyman Məmmədov , həm də şahid icra nümayəndəsi Asif Mürşüdov zərərçəkmiş Firuz Bədəlovdan 500 manat pul aldıqlarını boyunlarına alıb. Özü də prokurorluqda və məhkəmədə dindirilmə zamanı! Məhkəmə isə buna qiymət vermək əvəzinə, nağıla inanıb ki, guya zərərçəkmiş pulu icra nümayəndəsi vasitəsilə bələdiyyə sədrinə verib ki, sədr zərərçəkmiş sahibkarın adından (??) poçt vasitəsilə bələdiyyəyə torpaq vergisi ödəsin? Belə nağıla yalnız və yalnız qeyri-prosessual münasibəti özünə konstitusiya sayan məhkəmə və prokurorluq inana bilər. Gerçək isə budur ki, təqsirləndirilən Süleyman Məmmədov, qardaşı Əli Məmmədov, icra nümayəndəsi Asif Mürşüdov zərərçəkmiş sahibkarın 15 il qabaq 20 min dollara aldığı torpaq sahəsini , ən azı, onun bir hissəsini ələ keçirmək amacı ilə saxta sənəd tərtib ediblər. Elə bu cinayətin üstü də torpaq zəbt edilməsi çabasında üzə çıxıb. Torpağına soxulan bu vəzifəli şəxslərə özlərinin verdiyi müqaviləni göstərən Firuz Bədəlova utanmadan “sənəd saxtadır” deyiləndən sonra hüquq – mühafizə orqanlarına şikayət edilib və bu da sonuc. Ağsu rayon məhkəməsi 20.09.2019 tarixli , 1 (016)-29/2019 saylı qərarla təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 313-cü maddəsi (“Vəzifə saxtakarlığl”) ilə cinayətinin tam sübuta yetirilildiyi qənaətinə gəlib, amma “cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən” təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən azad edib və iş üzrə icraata xitam verib . Təqsirləndirilən şəxs məhkəməyə necə nağıl danışıbsa, sədrlik edən hakim əvəzi Etibar Hümbətov, dövlət ittihamçısı Aqil Əlizadə hələ
də bu nağılın yetkisi altında özləri də nağıl kimi qərar qəbul ediblər. Maraqlıdır, bu vəzifə-korrupsiya cinayətinin başlanğıcı və sonu necə müəyyən edilib? Axı, cinayət hələ davam edir. Nə zərərçəkmişin torpağından çıxırlar, nə də icarə müqaviləsinin vaxtını uzadırlar. Yəqin məhkəmə cinayətin baş verməsini saxta sənədin tərtib olunması tarixindən hesablayıb. Axı, belə hesablama mümkün deyil, nədən saxta sənədin tərtib olunması tarixinin özü, 10 il qabağa getdiyindən , saxtadır və hələ də bu saxtalıq davam edir. Məhkəmə bitsə də, cinayət hələ də davam edir.
Ağsu rayon məhkəməsinin və ittiham tərəfinin təqsirləndirilən şəxslə qeyri -prosessual münasibətə girərək cinayət əməlinə cəlb etməni keçmiş sayması və cinayətkara cəza istəməkdən imtinasından apellyasiya şikayəti verilməsinə də prosessual qadağa qoyulub. Hələ də məhkəmə qərarı zərərçəkmişə verilməyib. Belə qərarlardan şikayət və ya protest verilməsi müddəti isə qərarın elan edildiyi andan 20 gündür . Cinayətin baş verməsi və başa çatmasını nağıl əsasında hesablayan məhkəmə, görəsən, nağıl-qərardan şikayətvermə müddətini necə hesablayır?
Məğrur Bədəlsoy
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar