Xəbər lenti
ABŞ İranı bombalamağa hazırlaşır – İlk olaraq nüvə mərkəzləri vurulacaq
İran-Amerika münasibətləri sürətlə pisləşir, Vaşinqtonda mümkün savaş ssenariləri müzakirə olunur.
ABŞ İranın nüvə obyektlərinə taktiki hava zərbələri hazırlayır. Bu barədə İsrailin “Maariv” qəzetinə BMT-nin adı açıqlanmayan mənbələri məlumat verib. Məlumata görə, Ağ Evin yüksək rütbəli komandirləri, Müdafiə Nazirliyi təmsilçiləri və prezident Trampın müşavirləri arasında bir neçə gündür İran mövzusunda müzakirələr davam edir.
Yazıda qeyd olunur ki, ABŞ ötən həftə Oman körfəzində neft tankerlərinə hücuma görə İranı ittiham edir. Buna cavab olaraq Vaşinqton İrana hərbi əməliyyat düşünür. Plana əsasən, ABŞ hərbi qüvvələri İranın nüvə fəaliyyətləri ilə əlaqədar olan bir neçə mərkəz bombalanacaq.
Qərb diplomatlarından biri isə deyib ki, “böyük bombardman” olacaq, ancaq zərbələr müəyyən hədəflərə qarşı həyata keçiriləcək. Mətbuat onu da yazıb ki, ABŞ prezidenti Donald Tramp İrana zərbələr mövzusunda o qədər də könüllü deyil. Lakin artıq səbri tükənib və İran mövzusunu dövlət katibi və İranın vurulmasının alovlu tərəfdarı olan Mayk Pompeoya həvalə edəcək.
Qeyd edək ki, bir qədər əvvəl Tramp yazıb ki, şəxsən o, İranla yeni anlaşma üçün tez olduğunu hiss edir. Prezidentin fikrincə, nə İran, nə də ABŞ tərəfi buna hazır deyil. ABŞ prezidentinin İranla bağlı mövqeyi ötən həftə Yaponiya baş nazirinin Tehran səfəri və ondan sonra baş verənlər olub. Xatırladaq ki, baş nazir Şinzo Abe Tehrana səfər edərək İran-ABŞ danışıqlarını yenidən bərpa etmək təklifi ilə çıxış edib. Ancaq İran rəhbərliyi bu təklifi rədd edib. İran islam inqilabının lideri Ayətullah Əli Xameneyi bildirib ki, ABŞ-la yenidən danışıqlar başlamağa lüzum görmür. Bu görüşdən saatlar sonra isə Oman körfəzində Yaponiyaya neft daşıyan tankerlər Tayvan və Norveçə məxsus olub. Tankerlərdən biri batıb.
Ümumilikdə hər iki tankerdə olan 44 heyət üzvü isə İran gəmiləri tərəfindən xilas edilib. Bu hadisədən dərhal sonra ABŞ, ardınca isə Böyük Britaniya hücuma görə İranı ittiham edib. Ancaq bu ittiham daha çox ehtimala əsaslanıb və Yaponiya tərəfinin etirazı ilə üzləşib. ABŞ dövlət katibi Maykl Pompeo tankerlərə hücumla bağlı bildirib ki, “əlimizdə olan kəşfiyyat məlumatları, hücumu həyata keçirmək üçün istifadə olunan silahlar və peşəkarlığa baxdıqda İranın cavabdeh olduğunu görürük”.
Pompeo deyib ki, İran daha əvvəl də Hörmüz boğazından neft daşınmasının qarşısını ala biləcəyi ilə hədələyib, indi isə hər nöqtədə buna bənzər hücumlar həyata keçirir. Xatırladaq ki, mayın 12-də Norveç, BƏƏ və Səudiyyə Ərəbistanına məxsus 4 tanker hücuma məruz qalmışdı. ABŞ prezidentinin müşaviri Bolton bu hücuma görə İranı ittiham etsə də, rəsmi təhqiqatda İranın adı qeyd olunmayıb. Tehran isə bu hadisənin təxribat olduğunu bəyan edib. İran və ABŞ arasında gərginliyə Çin də münasibət bildirib. Xarici işlər naziri Vanq Yi bildirib ki, Vaşinqton İran mövzusunda “həddən artıq” təzyiq edir. Tərəfləri rasional davranmağa, təmkinli olmağa çağıran XİN rəhbəri regional gərginliyi artıracaq hərəkətlər etməməyə, “Pandoranın qapağını” açmamağa çağırıb.
Bu arada ABŞ hökuməti son gərginlikdən sonra Oman körfəzinə əlavə olaraq 1000 nəfər hərbi qulluqçu göndərəcəyini açıqlayıb. ABŞ müdafiə naziri səlahiyyətlərini icra edən Patrik Şanahan hərbi qüvvə göndərmək qərarının “İranın düşmən hərəkətlərinə” cavab olaraq verildiyini bildirib. Rəsmi Tehran isə bütün bu ittihamları rədd edir. İran rəsmiləri tankerlərə hücumların provokasiya olduğunu bildirirlər. Eyni zamanda bazar ertəsi İran Atom Enerjisi Təşkilatı bəyan edib ki, uranın zənginləşdirilməsi həcmini 4 dəfə artırır. Qurumun sözçüsü Bəhruz Kamalvənd deyib ki, iyunun 27-də İran 2015-ci ildə müəyyən olunmuş zənginləşdirilmiş uran həcmini keçəcək. Qeyd edək ki, son həftələrdə ABŞ-ın İrana müdaxiləsi amerikalı analitiklərin diqqət mərkəzindədir. Ekspertlər hazırda Yaxın Şərqdə mümkün ABŞ-İran qarşıdurması ilə bağlı analiz və təhlillər hazırlayır. Məlum olduğu kimi, ötən ayın əvvəlində Fars körfəzində artan gərginlik fonunda ABŞ bölgəyə hərbi gəmilər, nüvə bombası daşıyan taktik B-52 bombardmançıları və əlavə olaraq 1500 hərbi qulluqçu göndərib. Qeyd edək ki, müxtəlif mənbələrə görə, hazırda ABŞ-ın regionda 70-120 min arası hərbi qüvvəsi var. ABŞ Mərkəzi Qüvvələr Komandanlığına (SENTCOM) daxil olan bölgədə ABŞ-ın 5-ci donanması, eləcə də Qətərdə əl-Udeyd hərbi hava bazası yerləşir. Lakin bir sıra ekspertlərə görə, hər nə qədər gərginlik yüksək olsa da, bir neçə amilə görə hazırda müharibə riski azdır. Birincisi, bölgədə ABŞ hərbi qüvvələrinin sayı İranla müharibə etmək üçün azdır və müharibə hazırlığı hiss olunmur. İkincisi, ABŞ prezidenti hər nə qədər hövsələdən çıxdığını desə də, müharibəyə həvəsli görünmür. Üçüncüsü isə iki ölkə arasında gərginlik müharibəyə səbəb olacaq həddə deyil, vəziyyət tezliklə sabitləşə bilər. Oxşar nümunə daha əvvəl Şimali Koreya ilə olub, ABŞ regiona savaş gəmiləri göndərsə də, toqquşma olmayıb, əksinə, sülh danışıqları başlayıb.
Bundan başqa, Vaşinqton İranın Yaxın Şərqin digər ölkələrində ABŞ-a qarşı partizan müharibəsi başladacağından ehtiyat edir. Ancaq son məlumatlar onu göstərir ki, Tehran və Vaşinqton qarşıdurmaya doğru gedir. Yüksələn gərginliyin hərbi əməliyyatlara çevrilib-çevrilməyəcəyi isə liderlərin qərarından asılı olacaq. /Yeni Müsavat
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar