Xəbər lenti
Uşaqlar oruc tuta bilərmi?
İslam dininin beş fərzindən biri olan oruc tutma böyüklər üçün riayət edilməsi gərəkən qayda olsa da, uşaqlar üçün fərqli şəkildə izah edilməlidir.
Türkiyənin uşaq psixoloqlarının tövsiyələrinə əsasən, uşaqların ailələrində və ətraflarında gördükləri bu dini ənənəyə maraq göstərib sahur və iftara hazırlıq vaxtı xoş təlaşa qapılaraq oruc tutmaq istəmələri təbiidir. Oruc tutmaq istəyi və buna bənzər böyükləri yamsılama hissləri ailələri ilə eyni hissləri paylaşaraq tez böyüyüb ailə üzvlərinin yaşadığı həyəcana ortaq olma duyğusu ilə əlaqəlidir.
Həvəslərini qırmadan, ancaq sağlamlıqlarını qoruyaraq orucun nə olduğunu izah etmək və oruc tutmalarına icazə vermək daha sağlam davranış biçimidir. Ailə ilə birlikdə qalxa bilsə, sahura qalxması, iftar saatında azanın oxunmasını həyəcanla gözləməsi uşağın İslam dini ilə bağlı adət-ənənələri yaşayaraq, gələcəkdə ailəsi ilə bağlı xoş duyğu və xatirələrin yaddaşına həkk olunması deməkdir.
Məlum olduğu kimi, İslam dinində yeniyetmə yaşına çatmamış uşaqların oruc tutması məcburi deyil. Uşaqlardan Ramazan ayında həqiqi mənada oruc tutmalarını gözləmək, ya da buna icazə vermək, xüsusilə də yay aylarında sağlamlıqları baxımından təhlükəlidir. Bütün gün uzun müddət ac və susuz qalmalarına icazə verilməməlidir. Bu səbəblə, uşaqlara günün ortasında yemək verilməlidir.
Uşaqlar böyüyüb inkişaflarını tamamlayana qədər günorta saatlarında yemək yemələrinin vacib olduğunu, ancaq bu yeməyin orucu pozmadığını, böyüdüyü zaman bütün gün ərzində yemək yemədən, səbr edərək oruc tutmasının mümkün olduğunu izah edə bilərsiniz. Uşaqlar normal şərtlərdə gündə ən az üç dəfə yemək yeməlidirsə, oruc tutarkən bir fərqlilik yaşamasını və hiss etməsini təmin etmək məqsədilə yemək sayını ən azından bir neçə günlük müddətdə gündə iki dəfəyə azalda bilərsiniz. Bu, uşağın sağlamlığında böyük narahatlıq yaratmaz.
İstanbulun “Florans Nightingale” Xəstəxanasının tövsiyələrinə əsasən, Ramazan ayında uşaqlarının mütləq şəkildə oruc tutmağını istəyən ailələrin bəzi nüanslara diqqət yetirmələri vacibdir.
Yay aylarında iqlimi isti olan bölgələrdə 17 saata qədər oruc tutmaq uşaqların sağlamlığına mənfi təsir göstərə bilər. Uşaqların maddələr mübadiləsi və böyüməsi sürətli olduğundan, əsas qida elementlərindən olan zülal, yağ, karbohidrat və vitaminlərin balanslı alınması tələb edilir.
Xüsusilə yay aylarında məktəblər bağlandıqdan sonra vaxtlarının çox hissəsini oyun oynayaraq keçirməkdə olan uşaqların qida, vitamin, mineral və xüsusilə su ehtiyacları əhəmiyyətli ölçüdə artmaqdadır. Əlavə olaraq qeyd etməliyik ki, yay aylarında kurslara gedən uşaqların zehni fəaliyyətləri və dərsdə aktiv iştirak etməsi üçün su və enerji ehtiyaclarının qarşılanması mütləq şərtdir. Bu şərtlərin diqqətə alınmaması uşaqların dərsdə müvəffəqiyyətlərinin azalmasına səbəb ola bilər. Diqqət əskikliyi, əsəbilik, unutqanlıq, baş gicəllənməsi, göz qaralması, sidik azalması, ürək döyünməsi və həddindən artıq mürgüləmə şikayətləri də inkişaf edə bilər.
Qidaya diqqət!
İlk günlər uşaq sahura mütləq qaldırılmalıdır, lakin iftara qədər gözləmədən günorta, ya da günortadan sonra bir pay ətli tərəvəz yeməyi, yarma, ayran, kərə yağı, paxla kimi tox tutacaq yemək yeməli, mütləq su içməli və bu şəkildə bədənin alışmasına fürsət verilməlidir.
Loxmaları çeynəmədən udmaq və iftarda çox yemək yemək həzm problemlərinə səbəb ola bilər. Şəkər ehtiyaclarınızı şaftalı, qarpız, ərik, üzüm kimi sulu meyvələrlə qarşılayaraq vitamin və mineral tarazlığının qorunmasını təmin edin.
Susuzluğa diqqət!
Uşaq uzun müddət oyun oynayacaqsa, həddindən artıq tərləyərək bədəninin susuz qalmamasına və su ehtiyacının aradan qaldırılmasına diqqət edilməsi gərəkdir. Ard-arda hər gün oruc tutulması yerinə əvvəlcə yarım gün oruc, digər gün orucsuz, bir gün daha sonra bədənin verəcəyi cavaba görə qərar verib, ardıcıl yarım gün şəklində oruc tuta bilərlər.
Çəkiyə diqqət!
Uşaqların hər gün çəkilərinə nəzarət edərək sürətli və təhlükəli zəifləmə riskini nəzərə alıb çəkisinin azalıb-azalmadığına diqqət edin. Gün ərzində kifayət qədər su içilmədiyi təqdirdə, sidik rənginin tündləşməsi idrar yolları infeksiyası və böyrək çatışmazlığı riskini artıra bilər.
Uşaqlarınızı sahurda çox şəkərli qidalarla bəslənmənin susuzluğu artıraraq daha tez acmalarına yol açacağı, oruc tutmalarını çətinləşdirəcəyi barədə mütləq xəbərdar edin.
Protein və yağ əsaslı pəhriz isə uzun müddət tox saxlayaraq oruc tutmalarını daha da asanlaşdıracaq. Yumurta, süd, qatıq, kərə yağı və pendir mütləq süfrədə olmalıdır, bəkməz və az miqdarda bal da əlavə edilə bilər. Menyuda qarpız kimi sulu meyvələr üstünlük təşkil etməlidir. Sahurda kolbasa, sosiska kimi duzlu yeməklərin istifadəsi qısa müddətdə susuzluğa səbəb olacaq.
Yuxusuzluğa diqqət!
Qeyd etmək lazımdır ki, uşaqların yuxu ehtiyacları böyüklərdən daha uzundur. Ramazanda uşaqları mümkün qədər erkən yatırıb yuxularını almaları təmin edilməli və ayrıca oruc tutduqları dövrdə günorta yuxusuna təşviq edilməlidir.
Günəşə diqqət!
Günəşdə uzun müddət qalan oruclu uşaqlarda susuzluğun artması ilə əlaqədar günvurma riski artır. Gün vurması şüurunu itirməsinə səbəb olacağından, bu uşaqlar uzun müddət ailələrindən kənarda qalmamalı və nəzarət altında saxlanılmalıdırlar.
Yuxarıda sadalanan amillərə diqqət edildiyi halda, uşaqların oruc tutmaqları risksizdir. Onların dini ənənəyə qarşı maraqlarını və özlərini sınamaq istəmələrinə maneə yaratmaq yerinə, onlar üçün vəziyyəti asanlaşdıracaq bir neçə kiçik tədbirlə həm dini, həm də mənəvi mənada orucun məqsədini və gərəklərini öyrənmələrini təmin etmək mümkündür.
Orucun nə qədər çətin bir şey olduğunu, bütün gün nə qədər çətinlik çəkəcəyini, susuz və ac qalmağın nə qədər çətin olduğunu şişirdərək izah etmək uşağı dindən uzaqlaşdırmaq deməkdir. İslam dinini öyrətmək məqsədilə sərt olub uşaqlardan orucun bütün qaydalarına riayət etməklərini tələb etməyinizin mənası yoxdur.
Məqsəd uşaqları qorxutmaq, ya da oruc tutaraq nə qədər böyük savablar qazandığını izah edərək mücərrəd anlayışlarla düşüncələrini qarışdırmaq olmamalıdır. Əsl məqsəd İslam dininin uşaqlara oruc tutmaqla vermək istədiyi mesajı doğru izah etmək və oruc tutmaq istəyən uşağın bu marağına dəstək olmaqdır. Kiçik yaşda bu tip təşviqedici və istiqamətləndirici davranışlar uşaqlar üçün rol model olaraq nümunəvi olur./oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar