Belə ki, ötən gün Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzindən verilən məlumatda da Böyük və Kiçik Qafqaz, eləcə də Şərqi Zəngəzur bölgələrinin ərazisindən axan çaylarda sululuq artdığı, Şəki rayonu ərazisindən axan Kiş çayından və Goranboy rayonu ərazisindən axan Goran çayından sel keçdiyi vurğulanıb.
Belə olan halda ortaya belə bir sual çıxır – görəsən sel sularından səmərəli istifadə ilə bağlı hansı işlər görülür?
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sorğu ünvanladıq.
Agentliyin baş məsləhətçisi Sarvan Ağayev Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, Kür çayı üzərində 4 ədəd, Araz çayı üzərində 2 ədəd böyük su anbarları mövcuddur.
"İlk növbədə onu bildirim ki, bizim çaylar üzərində yerləşən su anbarlarının məqsədi yaz aylarında gələn sel-daşqın sularının tənzimlənməsi və su anbarlarına su ehtiyatlarının toplanmasıdır.
Əsasən yaz aylarında gələn sel-daşqın suları su anbarlarında toplanır və sonra suvarma mövsümündə magistral kanallar vasitəsi ilə təsərrüfatlara verilir.
Əsas su arteriyalarımız olan Kür çayı üzərində 4 ədəd (Şəmkir, Mingəçevir, Yenikənd, Varvara), Araz çayı üzərində 2 ədəd (Araz və Xudafərin) böyük su anbarları mövcuddur.
Bununla yanaşı kiçik çaylar üzərində də su anbarlarımız mövcuddur ki, bunlarda sel-daşqın suları toplanaraq təmizlənir və daşqın təhlükəsini aradan qaldırır.
Əvvəlki illər quraqlıq illəri olduğu üçün su anbarlarımızda su ehtiyatının toplanmasında çətinlik yaşanırdı. Son iki ildə havaların yağmurlu keçməsi nəticəsində çaylarımızda suyun səviyyəsi artıb ki, bu da su anbarlarımıza kifayət qədər su ehtiyatı toplanmasına səbəb olub. Bu isə onu deməyə əsas verir ki, növbəti aylarda təsərrüfatların su təminatında çətinlik gözlənilmir", - deyə S.Ağayev qeyd edib.
Manevr.az