Xəbər lenti
Vüsalsız həsrət
Ayrılmaq nə qədər çətin -
sənə doğma səsdən, sözdən,
üzdən.
Ayrılmaq nə qədər çətin -
səni axtaracaq baxışlardan,
gözdən.
Ayrılmaq nə qədər çətin -
günəşindən, ayından,
qışından, baharından...
Ayrılmaq nə qədər çətin -
özündən ayrılan kimi.
Rəfail Tağızadə
(Unudulmaz ömür-gün yoldaşım Aidə xanımın əziz xatirəsinə)
Əzizim Aidə, təqvimdəki 21 aprel həyatımın üzücü, əzablı günüdür. Axı sən məni bu gündə tərk edib getdin. O gündən mənimçün əsrlər keçib, bəli əsrlər. Gün, ay, il var ki, əsrdən uzundur. Getdin, gedərkən sevincinə, kədərinə, şirin sözlərinə, qayğına, səfərə gedəndə dalımca atdığın suya, evə gələndə üzündəki təbəssümə həsrət qoydun məni. Mən evə gələndə evin zənginə qapını açardın. İndi zəng çalanda qapını sən açmırsan. Ayrılığın üzü dönsün. Kaş vüsalsız ayrılıq olmayaydı. Bu vüsalsız həsrət mənim üçün mənən boşluqda yaşamaqdır.
Əzizim Aidə, həsrət acısı necə ağır olurmuş. Həsrətin nə olduğunu ayrılıq oduna yananlar bilər. Elə ülvi sevginin böyüklüyü həsrətin ağrısı qədərmiş. Deyirlər həsrətə alışırsan, yalanmış. Hər yerdə, hər dəqiqə tənhayam. Bu dünyada səninlə vüsal gününün olmadığını nə qədər əzablı olsa da bilirəm. Bilirəm ki, bu ayrılıq bu dünyada həmişəlikdir. Bunun nə qədər ağır olduğunu, yəqin sən də bilirsən.
İndi mən virtual aləmdə, xatirələrdə yaşayıram, sənli xatirələrimdə. Əzizim, sənin və mənim doğulduğumuz, boya-başa çatdığımız, əhdi-peyman etdiyimiz doğma vətənə - Ağdama getmişdim. Sənli günlərimi bir də yaşamaq üçün. Sənin oxuduğun 5 nömrəli məktəbi, mənim sevimli 1 nömrəli məktəbimi, sənin böyüdüyün Sərdarov küçəsindəki evi, gəlin gəldiyin Xudu Məmmədov küçəsindəki evimizi bir daha görmək, sənli günlərimi bir daha yaşamaq istədim. O da qismət olmadı. Acı təəsüratlarımı mətbuatda “Xatirələrim zədələndi” yazıma yüklədim. Əzizim, bu dünyada səninlə birgə yaşamağı Tanrı bizə çox gördü, bəs xatirələr dünyamız nədən belə zədələndi.
Əzizim Aidə, mən zədələnmiş ovqatımla sənin mələk ruhunu yormaq istəmirəm. Ruhun şad olsun, sevinsin deyə sənsiz keçirdiyim bu sonuncu ildə ailəmizdə (sən həmişə bu ailənin lap mərkəzindəsən), həyatımda baş verən bəzi xoş məqamları bölüşmək istəyirəm. Bu il qızımız Kəmalə professor vəzifəsinə yüksəldi, yaxşı bir elmi monoqrafiya çap elətdirdi. Sevimli nəvəmiz Rafiq yüksək elmi vəzifə sahibi oldu və birgə 600 səhifəlik, samballı “Süni İntellekt” kitabı dərc elətdirdik. Sənin çox sevdiyin nəvən Günel doktoranturaya qəbul oldu. Görkəmli alim və yazar, əziz dostum Kamal Abdulla ilə yazdığımız “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” monoqrafiyası 4 dildə (azərbaycan, türk, alman və ingilis) çap olundu. Bu gün mən də bunlarla ovunuram. Ancaq sənsiz keçirdiyim bu hisslər nə qədər ovundurucudur? Bilmirəm. Axı ürəyimdən dünya boyda ağırlıq yükü asılıb. Görən hansı elm hesablaya bilər ayrılıq və həsrət yükünün çəkisini...
Əzizim Aidə, ayrılıq, həsrət əzabı çox ağır olurmuş. Ümid qalıb o dünyadakı vüsala. Bir gün vüsala qovuşmaq ümidiylə.
Sənin Rafiqin.
21 aprel 2024
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar