Xəbər lenti
“Vətən xainləri"nin muzeyi - Orada nələr var?

Bu düşüncələrlə Zərifə Əliyeva küçəsi ilə Dövlət Sərhəd Xidmətinin inzibati binasında fəaliyyət göstərən “Siyasi Repressiya Qurbanları Muzeyi”nə - ömürlərini Vətənə qurban edən insanlara “vətən xaini” damğası vurulan yerə gedirik.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təşəbbüsü ilə yaradılan bu muzeyin girişində bizi muzeyin rəisi Mirabbas Məmmədov qarşılayır, elə muzey haqqında məlumatı da o verir. Tacir Hacı Hacıağa Dadaşova məxsus bu bina 1878-ci ildə tikilib və burada müxtəlif şirkətlərin anbarları, nümayəndəlikləri fəaliyyət göstərib. Bina 1920-ci ildə dövlətin balansına keçib, 1925-ci ildən isə Azərbaycan Fövqəladə Komissiyasına (AzÇK) verilib. Xalq Daxili İşlər Komissarlığının (NKVD) daxili həbsxanası olan binanın zirzəmisi isə (muzeyin yerləşdiyi) sovet qanunlarının boğmağa çalışdığı minlərlə insanın sorğu-sual edildiyi, işgəncə verildiyi, sürgünə göndərildiyi və ən nəhayət, amansızcasına güllələndiyi yerdir. Müşfiqlərin, Cavidlərin, Əhmədlərin şair ruhunun incidildiyi, qürurlarının yenilmədiyi, amma, bəlkə də son nəfəslərini verdiyi yerdir.

Böyük bir zindanı xatırladan zirzəminin hücrəyə bənzər ayrı-ayrı otaqlarında qanlı-ağrılı repressiya dövrü qurbanlarını andıran eksponatlar var. Balaca, dar, birnəfərlik kameralar... Qapıları elə həmin dövrdən qalmadır. Balaca, açılanda bir əl boyda işıq düşmək ehtimalı olan pəncərələri var qapıların. Kim bilir kimlərin üzünə bağlanıb, kimləri dustaq edib bu tarixi özündə saxlayan qapılar?! Kim bilir kimlərə hansı insanlığa sığmayan, dəhşət sözündən daha da dəhşətli olan işgəncələr verilib bu kameralarda?! Düşündükcə, baxdıqca adamın ruhu ruhluqdan çıxır. Adam yerlə göy arasında daşa dönür, qandala dönür, dəmir barmaqlığa dönür, edam ağacına dönür burada. Amma eyni zamanda, burada azad olmağın qiymətini daha çox bilirsən.

Muzeyin “Dindirilmə otağı” adlanan guşəsində Hüseyn Cavidi xatırladan maketi görüncə ağlımıza bu misra gəldi. Cavid burada sanki “iblis” tərəfindən dindirilir. O dövrə aid əşyalar az olsa da, ab-havası tam şəkildə adamı 1937-ci ilə atır. Mirabbas müəllim Cavidlə bağlı qaranlıq məqamların olduğunu qeyd edir: “1939-cu il iyunun 9-da Cavidin 8 il müddətinə həbs edilməsi ilə bağlı qərar çıxarılıb. Cavidin 1941-ci ildə Maqadanda olduğunu göstərən sənədlər var. 1941-ci ilə qədər onun cəzasını harada çəkməsi bəlli deyil. Ümumiyyətlə, onlarla bağlı sənədlər, qeydlər çox azdır”.

Zirzəmin lap dərinliyində iç-içə otaqlardan ibarət, digərlərindən nisbətən geniş kamera var. Mirabbas müəllim deyir ki, buranı muzey üçün təmizləyib hazırlayanda torpaqda qan izləri olub. Ona görə də, buranın güllələnmə kamerası olduğu ehtimal edilir. Allah bilir bu daş divarlar, bu daş tavan, bu daş döşəmə nə qədər qəddar insan baxışlarının, əmrlərin, atəş səslərinin, insan fəryadlarının, əbədi yumulan gözlərin, boğulan mədəniyyətin, ədəbiyyatın, elmin şahidi olublar. Bəlkə də içlərinə yığılan kədərdən, qəzəbdən qalınlaşıb bu divarlar belə. Kamera təmizlənəndən sonra buraya molla, keşiş, ravvin dəvət olunub. Hər üçü öz dininə uyğun qətlə yetirilənlərin ruhuna dualar oxuyublar. Qan izləri olan torpaq parçası isə simvolik olaraq Nargin adasında dəfn edilib. Burada eksponat kimi qoyulan, üstünə silah tuşlanan maket isə şair Mikayıl Müşfiqi andırır.

Muzeydə köhnə çamadanlardan ibarət, yerdən tavanacan qalxan kompozisiya var. Bəzilərinin ağzı açılıb, içərisindən şəxsi əşyaları da tökülür sanki. Bu, rəmzi bir kompozisiyadır. Sanki ömürlərini yaşaya bilməyən insanların göyə sovrulan ümidləridir bu çamadanlar. Hərəsi bir insan taleyini ehtiva edir özündə.


SSRİ-nin iqtisadiyyatı planlı iqtisadiyyat idi, istehsalata limit qoyulurdu, deyir muzeyin rəisi: “Dəhşətlisi budur ki, repressiyaya da bu yanaşma tətbiq olunub. Moskvanın 1937-ci il 30 iyul 00447 saylı əmriylə SSRİ-nin tərkibində olan bütün ölkələrə 4 ay ərzində güllələnməli və sürgünə göndərilməli olan insanların sayı ilə bağlı limit qoyulub. Bu plana əsasən, Azərbaycanda 1500 insan güllələnməli, 3700 insan isə sürgün olunmalı idi. Bağırov 7250 nəfəri repressiya qurbanı edərək bu planı artıqlaması ilə yerinə yetirib”.

Mirabbas müəllim onu da deyir ki, muzey canlı orqanizmdir. Onlar muzey üçün yeni eksponat və məlumatların axtarışını indi də aparırlar. Amma təəssüf ki, çox az şəxsi əşya əldə etmək olur. Çünki o adamların yaxınları da özlərində həmin şəxslərin sənəd, foto, kitab, cib dəftərçəsini saxlamağa qorxurdular. Həm də həbs vaxtı hamısı evlərindən maddi sübut kimi götürülür, sonra da yandırılırdı. Bundan başqa, kollektiv fotolarda həbs edilənlər varsa, fotoda onların üzünü qaraldır və ya ümumiyyətlə kəsib çıxarırdılar. Buna görə həmin dövrə aid fotolar, sənədlər, məlumatlar olduqca azdır.
Muzeydən çıxırıq, səmaya baxıb dərindən nəfəs alırıq. Dilimizdə Əhməd Cavadın “Üç rəngli bayrağınla məsud yaşa!” misraları... ("Kaspi" qəzeti)
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar