Azərbaycana mal əti idxalı kəskin artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ilin 6 ayında mal əti idxalı 3 229,18 ton təşkil edib. Buna 13 milyon 244,64 min dollar vəsait sərf edilib. Ötən ilin eyni dövründə mal əti idxalımız 5 milyon 451,92 min dollar dəyərində 1 233,13 ton olmuşdu. Beləliklə, mal əti idxalında çəki ifadəsində 2,6 dəfədən çox, dəyər ifadəsində isə 2,4 dəfədən çox artım var.
Mal əti ilə yanaşı, kəsim məqsədli mal-qara, həmçinin qoyun idxalında da ciddi artım müşahidə olunur. Belə ki, bu ilin yanvar-iyununda ölkəyə 11 milyon 184,61 min dollarlıq 28 702 baş kəsim məqsədli iribuynuzlu heyvan idxal olunub. Qoyun idxalı isə 6 milyon 969,76 min dollar dəyərlə 79 511 baş təşkil edib. Ötən ilin eyni dövründə idxal müvafiq olaraq 7 milyon 127,71 min dollarlıq 15 964 baş, 3 milyon 134,43 min dollarlıq 29 269 baş təşkil etmişdi. Bu isə diri mal-qara idxalının dəyər ifadəsində 60 faiz, say baxımından 79,8 faiz, diri qoyun idxalının isə müvafiq olaraq 2,22 dəfə və 2,71 dəfə artması deməkdir.
Dövlət Gömrük Komitəsinin statistikasından aydın olur ki, diri heyvan idxalında artım iyulda da davam edib. Bu ilin yeddi ayında ölkəyə 51 milyon 223.94 min dollarlıq diri heyvan idxalı reallaşıb. Bu, ötən ilin eyni dövründəki 29 420.28 min dollardan 74,1 faiz çoxdur.
Diri heyvan idxalındakı artım ölkədə mal-qara və qoyun sayındakı ciddi azalmadan qaynaqlanır. Rəsmi statistikadan aydın olur ki, ötən ilin iyulunda ölkədə 1 milyon 295,2 min baş inək-camış, 8 milyon 32,5 min baş qoyun-keçi olub. Bu ilin iyulunda baş sayı müvafiq olaraq 1 milyon 253,9 min baş və 7 milyon 322,3 min başdır. Bu isə inək-camış sayının bir ildə 41,3 min baş, qoyun-keçi sayının isə 710,2 min baş azalması deməkdir. Heyvan sayının belə azalması isə ətə tələbatın artdığı bir dövrdə daxili istehlakın xaricdən idxalla təmin olunması səviyyəsini artırır.
Rəsmi statistikaya görə, ölkə üzrə illik adambaşına ət və ət məhsulları istehlakı 42 kiloqrama yaxınlaşır. Bu istehlakın tərkibində ən yüksək paya 16 kq ilə mal əti sahibdir. Qoyun və keçi əti istehlakı adambaşına 9 kq, quş əti istehlakı isə 15,4 kq civarındadır. Əhali sayının da artımını nəzərə alsaq, Azərbaycanda ət istehsalının artan tələbatı qarşılamaq üçün sürətlə çoxaldılması gərəkir. Lakin 2015-ci il devalvasiyalarında sonra kənd təsərrüfatında ağırlıq bitkiçiliyin üzərinə salınıb. Heyvandarlıq sektorunun istifadəsində olan yüz minlərlə hektar örüş-otlaq, qışlaq sahələri əkin altına salınıb. Otlaq və qışlaq yerlərindən məhrum olan heyvandarlar məcburən təsərrüfatlarını kiçiltməli olublar. Ölkədə mal-qara, qoyun-keçi sayının sürətli azalması da məhz bununla bağlıdır.
Dövlət cins tərkibli intensiv fermaların yaradılmasını stimullaşdırır. Bu sahəyə 3 istiqamətdə dəstək verir. Birincisi, intensiv fermaları qurmaq üçün cins mallar və zəruri avadanlıqlar fermerlərə 60 faiz güzəştlə satılır. İkinci dəstək, süni mayalanma sisteminin qurulmasıdır. Burada iki istiqamət var: birincisi, dövlət süni mayalanma üçün texnoloji-elmi bazanı yaradır, ikincisi, süni mayalanma yolu ilə əldə edilən hər buzova görə fermerə 100 manat subsidiya ödənilir. Heyvandarlığa üçüncü dəstək mexanizmi bütün növ sənaye yemlərinin idxalının, satışının ƏDV-dən azad olunmasıdır. Bundan əlavə, bir sıra bitkiçilik sahələri üçün verilən subsidiya elə heyvandarlıq sahəsi üçün əlverişli şərtlər formalaşdırır. Məsələn, arpa, soya, qarğıdalı və sair heyvandarlıqda yem kimi istifadə olunan bitkilərin əkini subsidiyalaşdırılır. Bu da heyvandarlıq üçün dəstək mexanizmi hesab oluna bilər.
Rəsmilər bildirirlər ki, Azərbaycanda heyvandarlığa dövlət dəstəyi sırf məhsuldarlığın artırılması, intensiv ferma modelinə keçidin stimullaşdırılmasına yönəlib. Lakin proses çox ləng gedir, intensiv ferma təsərrüfatlarının sayındakı artım ölkədə ətə olan tələbatın artım sürətindən qat-qat aşağıdır. Buna görə də xaricdən azyaşlı mal-qara və qoyun alıb bir neçə ay bəslədikdən sonra kəsimə verilməsi prosesi sürətlə genişlənir. Çoxsaylı təsərrüfatlar əsasən Gürcüstan, Rusiya və Ukraynadan diri heyvanı alıb gətirərək, onları müəyyən müddətdə kökəldir və kəsimə verirlər. Rəsmi statistikadan aydın olur ki, 2022-ci ildə ölkəyə kəsim üçün 41 min 997 baş diri iribuynuzlu heyvan idxal olunub ki, bu da 2021-ci ildəkindən 4071 baş, yaxud 8,8 faiz azdır. Çox maraqlıdır ki, ötən il Azərbaycana 194 min 562 baş, yəni əvvəlki ildəkindən 76 988 baş və ya 65,5 faiz çox qoyun gətirilib. Bu ilin ötən dövründə isə diri heyvan idxalında böyük artım var.
Statistikadan da aydın görünür ki, məhz xaricdən gətirilən diri heyvanların hesabına Azərbaycanda heyvandarlıq məhsulları istehsalında artım baş verir. Statistika Komitəsinin məlumatına əsasən bu ilin yeddi ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,4 faiz, bitkiçilik məhsulları üzrə isə 3,2 faiz artıb. 2023-cü ilin yanvar-iyul aylarında quş əti də daxil olmaqla, diri çəkidə 327,0 min ton ət istehsal olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1 faiz artıb.
Məlumdur ki, ötən ildən indiyədək Azərbaycanda mal və qoyun ətinin qiymətində ciddi artım baş verib. Mal ətinin 1 kiloqramı 11 manatdan 1415 manata, qoyun əti isə 13 manatdan 17 manata qədər bahalaşıb. Bu bahalaşma daha çox Ukraynadakı müharibənin daşıma zəncirində yaratdığı problemlərlə izah olunur. Məsələ burasındadır ki, Azərbaycan 2022-ci ilədək Ukraynadan çoxlu sayda mal-qara və qoyun idxal edirdi. Müharibə başlayandan - Ukraynanın Qara dəniz limanları Rusiya tərəfindən mühasirəyə alınandan bu, mümkünsüz olub. İdxalda ağırlıq Rusiyaya, Gürcüstana və qismən Qazaxıstana düşüb.
Lakin Azərbaycan hökuməti ərzaq bazarını Ukraynada başlayan müharibənin qlobal bazarlara təsirindən qorumaq üçün 2022-ci ildə hökumət bir sıra addımlar atıb. 2022-ci ilin may ayından Nazirlər Kabinetinin qərarı ilə yem və yem əlavələrinin idxalı gömrük rüsumundan azad edilib. Nazirlər Kabinetinin 30 iyun tarixli "Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı”nın təsdiq olunmasına dair qərarına əsasənh 72 növdə yem və yem əlavələrinin satışı Əlavə Dəyər Vergisindən azad olunub.
İyulda isə Prezident İlham Əliyev "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə" fərman imzalayıb. Bu fərmanla quşçuluq və heyvandarlıq sahələrində istifadə olunan əsas yem məhsullarıın idxalı da ƏDV-dən azad edilib.
Bu ilin aprel ayında Nazirlər Kabineti bu məhsulların idxalını 2030-cu ilədək ƏDV və gömrük rüsumundan azad edib. Nəticədə diri heyvan idxalında qiymətlərin ciddi şəkildə azalması baş verib: 2023-cü ilin birinci yarısında diri iribuynuzlu heyvanın 1 başı 389,7 dollara idxal edilib. Ötən ilin eyni dövründə bu göstərici 446,5 dollara bərabər olub. Ötən ilin altı ayında diri qoyunun bir başı 107,1 dollara, bu ilin eyni dövründə isə 87,7 dollara alınıb. Lakin bu ucuzlaşmanı biz pərakəndə ət satışında hələ də görmürük. Əksinə, qiymətlər artmağa davam edir. Bu isə bazardakı inhisarlaşmanın, xüsusilə ət kəsimi sahəsində son illərdə yürüdülən qeyri-sağlam siyasətin nəticəsidir.
Hazırda ət qiymətlərinin azalması deyil, artması üçün zəmin yarandığını söyləmək olar. Belə ki, rəsmi statistikaya görə, 2023-cü ilin iyul ayında əvvəlki ayla müqayisədə heyvandarlıq təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 0,4 faiz artıb. Bundan əlavə, diri heyvan idxalında iki əsas bazarımızdan biri Rusiyadır: bu ilin birinci yarısında iribuynuzlu heyvanın 7810 başı, diri qoyunların isə 47 636 başı Rusiyadan, 19 min 342 baş və 31 min 285 başı Gürcüstandan alınıb. Daha 1850 baş diri iribuynuzlu heyvan Qazaxıstandan idxal edilib.
Hazırda diri qoyunlar üzrə əsas idxal bazarımız olan Rusiyada inflyasiya sürətlənib. İyul ayında qoyun ətinin istehsalçı qiymət indeksi iyunla müqayisədə 21,3 faiz artıb. Pərakəndə satışda isə qoyun ətinin qiyməti 6 ayda 9,7 faiz bahalaşıb. Bu isə o deməkdir ki, tezliklə Rusiyadan diri qoyun idxalı bahalaşacaq.Musavat.com
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar