Abşeronda 200-dən çox ailə dələduzluq faktı ilə üzləşib.
Qobu qəsəbəsinin yeni yaşayış massivində evlərə su xəttinin çəkilməsi üçün hər ailədən 650 manat pul yığılıb, lakin həmin məbləğ sonradan mənimsənilib.
Sakinlərin sözlərinə görə, Akif , Vaqif və Araz topladıqları vəsaiti podraçı təşkilata verdiklərini desələr də, bu vaxta qədər onların evlərinə su xətti çəkilməyib.
Adı dələduzluq faktında hallanan Vaqif Eynalov və Akif Əliyev açıqlamasında bildiriblər ki, onlar da digər sakinlər kimi hadisənin qurbanıdır. Onlar da vəsaiti Araz adlı şəxs vasitəsilə podraçı təşkilata veriblər. Əslində isə heç podraçı təşkilat belə yox imiş.
“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı təsdiqləyib ki, həmin ərazidə yaşayan sakinlər bir neçə şəxsin dələduzluğu ilə üzləşiblər. Yeni yaşayış massivində mövcud su şəbəkəsi yoxdur və ora su xəttinin çəkilməsi ilə bağlı adı çəkilən quruma heç bir müraciət daxil olmayıb.
Sakinlər bildiriblər ki, mövcud məsələ ilə bağlı hüquq – mühafizə orqanlarına müraciət ediblər. Hazırda iş üzrə araşdırmalar aparılır. milli.az