Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Eldar kişinin azərbaycanlı-gürcü ailəsinə himayədarlığı

Tarix: 19-06-2023 20:12     Baxış: 4261 A- / A+
O, ürəyindən xəbəri olmayan adamdır. O boyda da ürək olar?..

Sumqayıtlı ağsaqqal Eldar Əliyev əvvəllər tanımadığı gürcü Oleqə öz ikiotaqlı dar mənzilində bir il sığınacaq vermiş, sonralar müalicəsi üçün də əlindən gələni 
etmişdir


Onunla – uca boylu, arıq görkəmli Eldar kişi ilə Sumqayıt xəstəxanasında eyni palatada müalicə olunarkən tanış olmuşduq. 14 günlük müalicə dövründə hərdən ağrılardan başımız ayılanda ordan-burdan söhbət edirdik. Və bir gün ona Sankt-Peterburqdan zəng gəldi, səhhəti ilə maraqlandılar. Zəng edənlə çox səmimi, mehribanlıqla hal-əhvaldan, söz-söhbətdən sonra danışığa yekun vurub, sifətinə yayılmış işıq altında fərəhlə bildirdi ki, zəng edən gürcü dostu Oleqin azərbaycanlı həyat yoldaşı Elnarə idi. Və çox maraqlı bir əhvalat danışdı. 

Uşağın atasızlıq xiffəti, ananın ögeyliyi

Tale elə gətirmişdi k, Kutaisidə dünyaya gəlmiş Oleq (əsl adı Aleksandr, soyadı - Tsxuvara) 3 yaşında olanda atası ağır xəstəlkdən vəfat edir. İki ildən sonra anası yenidən ərə gedir. Kiçik qardaşı dünyaya gələndən sonra Oleq yaşının az olmasına baxmyaraq, özünə qarşı ögeylik, soyuqluq hiss edir. Uşaq qəlbi ilə heç nə bildirmək istəməsə də, buna qadir olmasa da, anasının öz ilk oğluna soyuq münasibəti və doğma atasının həyatda olmaması illər boyu Oleqin qəlbini üzür. Sonralar böyüyərək, orta məktəbi bitirib, özünə iş tapıb işləsə də, ailədəki ögeylik ona rahatlıq vermir, heç vaxt üzü gülmür.

Səadətini, xoşbəxtliyini internet vasitəsilə tapır

Bir gün sanki həyat ona yenidən verilir – təsadüfən internetdə Sumqayıtdan olan bir azərbaycanlı qızla tanış olur. Qızın ağıllı söhbətləri, mükalimələri, həm də əsl müsəlman kimi abırlı-həyalı olması Oleqin çox xoşuna gəlir. Və qıza o qədər vurulur ki, artıq çoxdan onun üçün ögeyləşmiş ailəsi ilə xudahafizləşib Sumqayıta gəlir. Qiyabi olaraq vurulduğu Elnarəni tapıb, onun xətrinə müsəlmanlığı da qəbul edərək, sevgilisinə qovuşur. Azərbaycan toyu edərək, birgə yaşamağa başlayırlar (təbii ki, öz mənzilləri olmadığından – kirayədə). Ancaq bir dəfə kirayədə qaldıqları evin sahibi onlara mənzili boşaltmağı təklif edəndə Oleq nə edəcəyini bilmir. Tərs kimi son vaxtlar daimi işi də, qazancı da yox idi. 

Yaxşı ki dünyada yaxşı adamlar, yaxşı təsadüflər varmış


Bir axşam çağı Eldar kişinin oğlu Etibar yoldaşları ilə söhbət edərkən tanımadığı gürcü oğlunun çıxılmaz vəziyyətindən xəbərdar olub, bu barədə atasına danışır. Qəlbən çox həssas, kövrək olan Eldar kişi Oleqin azərbaycanlı qızla ailə qurduğunu, lakin qəribçilikdə çətinliklə üsləşdiyini bilib, oğluna tapşırır ki, həmin adamı təcili tapıb, sığınmaq üçün öz evlərinə gətirsin. Oleq öz azərbaycanlı həyat yoldaşı ilə utana-utana onlara gəlir. Eldargilin həyət evinin cəmi iki otaqdan ibarət olduğunu bilib, 5 nəfərlik ailəyə narahatlıq vermək, onlarda qalmaq istəmir. Lakin Eldar kişinin, xanımının və uşaqlarının gənc ailəyə qarşı mehribanlığını, qayğıkeşliyini görüb, fikrindən daşınmalı olur. Ev sahibi öz çoxuşaqlı ailəsi ilə bir otağa sığışaraq, digər bir otağı Oleqlə həyat yoldaşı Elnarənin istifadəsinə verir. Təkcə Eldar kişinin özünün və uşaqlıqdan atasının xeyirxahlıq ruhu ilə böyümüş böyük oğul Etibarın yox, ailənin digər üzvlərinin də onlara qarşı necə mehribanlıqla, qayğıkeşliklə yanaşdıqlarını, evdə hazırlanan yeməkləri də onlarla ailə üzvü kimi böldüklərini görən Oleq bütün qəlbi ilə bu xeyirxah ailəyə bağlanır. Bir müddət işsiz qaldığına, Eldar kişinin onsuz da böyük olan ailəsinə əlavə yük olduğuna görə narahatlıq keçirsə də, evin sahibi ona öz oğlu kimi xoş münasibət göstərir. Oleq isə borclu qalmaq istəməyərək, özünə ata bildiyi Eldar kişiyə həyət-baca işlərində daim kömək edir. Bir müddət sonra isə Etibarın vasitəsilə özünə iş tapıb, ailəsini dolandırmağa başlayır. 

Oleq qardaşını Sumqayıtdan niyə qovdu?...

Həyatından razı olan Oleq bir dəfə Eldar kişinin razılığını alaraq, özündən kiçik ögey qardaşını Sumqayıta dəvət edir. Ev sahibləri Oleqin qardaşına da elə diqqət və qayğı göstərirlər ki, o, düz bir həftə bu qonaqpərvər ailənin qonağı olur. Lakin bir gün Oleq ona təpinib deyir: “burdan elə gedirsən ki, bir də səni gözüm görməsin. Bu xalq mənə sığınacaq, çörək verib, sən isə haramçılıq edirsən...”  

Gecə yarısı qapı döyüldü...

Bir gün gecəyarısı Eldar kişinin həyət qapısı aramsız döyülür. Səsə qapıya çıxan ev sahibi içkinin təsirindən ayaq üstə güclə dayanan bir nəfərin özünün az-çox ayıq olan iki yoldaşı ilə ona hədə-qorxu gəlməyə çalışdıqlarına əhəmiyyət verməyib, onları xoşluqla gəldikləri yerə yola salmaq istəsə də, sərxoş adam qışqırıq salaraq, qızını aparmağa gəldiyini bildirir. Sən demə, həmin adam Elnarənin atası imiş, içkinin təsirindən gənc ailəni dağıtmaq fikrinə düşübmüş. Eldar kişi çağırılmamış qonaqlara sərt üzünü göstərərək bildirir ki, onun evindən heç kəs qızı apara bilməz. Səs-küyə oyanan Etibar atasına köməyə çıxır və qonşularla birgə sərxoş üçlüyü məhlədən uzaqlaşdırırlar. 
       
Yaxşı adamın yaxşı da dostu olar

Eldar kişinin ailəsindən hər zaman mehribanlıq, qayğıkeşlik görən Oleq bir ildən çox onlarda qaldıqdan sonra daha onlara narahatıq verməmək, başqa yerdə kirayədə qalmaq qərarına gəlir. Belə olduqda Eldar kişi Sumqayıtın əşya bazarında çalışan dostu Rəfailə müraciət edib, Oleqə həm kirayə, həm də iş məsələsində kömək etməsini xahiş edir. Vəziyyətdən agah olan Rəfail Oleqgilə elə bazarın yaxınlığındaca çox ucuz kirayə 
ev verir və işlə də təmin edir. Lakin çörək itirməyən, Eldar kişiyə “mənim atam yoxdur, sən mənim atamsan” deyən Oleq onlara bir il ərzində böyük qayğı göstərmiş bu gözəl ailə ilə get-gəlini davam etdirir. Hər şey tədricən qaydasına düşür.

Oleqlə Elnarə bir-birinə olan sevgiləri ilə talenin sınağından uzüağ çıxırlar

Tale onları sanki yenidən sınağa çəkir - düz 7 il övladları olmur. Sevgi hər ikisi üçün hər şeydən üstün və güclü olduğundan onlar ayrılmaq barədə
qətiyyən düşünmürlər. Elnarə başa düşürdü ki, əgər Oleq şəhərlər, kəndlər aşaraq öz sevgisinin arxasınca Sumqayıta gəlibsə, bu sevgini sonacan qorumaq lazımdır. Oleq də elə bu cür düşünür. Və tale elə gətirir ki, Allahın lütfü ilə sonradan onların iki övladı dünyaya gəlir – oğlanları İlyas və gözəl-göyçək qızları Sveta. Buna Oleq və Elnarə ilə bərabər Eldar kişinin də ailəsi çox sevinir. Uşaqlar dünyaya gələndə ilk şadlıq məclisləri də,
sonralar onların ad günləri də Eldar kişinin evində sevinclə keçirilir. Və İlyas da, Sveta da dil açanda Eldar kişiyə “baba”, onun yoldaşı Həzakət xanıma isə “nənə” deyə müraciət edirlər. Xüsusi peşə təhsili olmasa da, bütün dəmir-dümür sənətlərini, santexnikliyi yaxşı bacaran Oleq ailəsinin yaxşı dolanması üçün gecə-gündüz çalışır, balalarını çox sevir, xoşbəxtliyini Sumqayıtda tapdığına çox sevinirdi. İstirahət və bayram günlərində ailəsi ilə, özünün həyatında mühüm rol oynamış Eldar kişi və onun oğlu Etibarla birgə vaxtaşırı şəhərə, onun yaşıllıqlara qərq olmuş sahil parkına, dəniz sahilinə gəzintiyə çıxır, taleyinə sevinirdi.
 
İran Azərbaycanından olan nəsil 
 
Eldargilin nəsli əslən güney Azərbaycanından olub. Ötən əsrin əvvəllərində İrandan Bakı ətrafına köçüblər. Lakin çox keçmədən buna xeyli peşiman olublar. İran zülmündən xilas olduqlarını düşünən nəsil 1934-cü idə Sovet zülmündən əzab çəkməli olurlar. Eldarın atası və anası, baba və nənəsi, əmi və bibiləri heç bir səbəb olmadan, sorğu-sualsız sürgünə göndərilir. Onların bəziləri sonradan sürgündən azad edilsələr də, ata 
tərəfdən heç kəs, ana tərəfdən isə Eldarın babası Mirqasım kişi bir daha Azərbaycana qaytarılmır. 
Eldargil ailədə 4 bacı, 2 qardaş olublar. Ataları Əhəd kişi Azərbaycan Boru-prokat zavodunun ən ağır sahəsində - marten sexində fəhlə
(“oqneuporşik”) olub, böyük ailəsini halal zəhməti ilə dolandırıb.  Ailənin 4-cü övladı olan Eldar bir vaxtlar diş texniki olmaq arzusu ilə 1984-cü ildə imtahan verib, Odessa tibb texnikumuna daxil olsa da, iki il sonra imtahan vaxtı erməni “zavuç”la mübahisə etdiynə görə, ordan xaric
edilmişdi. Arzusuna çata bilməyən Eldar 1986-cı ildə doğma vətənə qayıtmış, burda santexnik və qaynaqçı ixtisaslarına yiyələnmiş, fərdi qaydada işləyib, ailəsini dolandırmışdır. İki oğul və bir qızı atası olan Eldar kişi övladlarına gözəl tərbiyə vermiş və hər birinə ilk növbədə insan olmağı, halallıq tövsiyə etmişdir. Etibar polis sistemində xüsusi peşə sahibi kimi çalışır, kiçik qardaşı Rəsul isə Vətən müharibəsi başlayan ilk gündən könüllü olaraq döyüşlərə atılmış, Füzulinin, Cəbrayılın, Laçının düşməndən azad edilməsində vətənpərvər oğul kimi igidlik, şücaət göstərmişdir. Bir-çox döyüş orden və medallarına layiq görülən, ailəsinin, doğmalarının, dost-tanışın fəxri olan Rəsul bu gün də baş çavuş kimi Laçında hərbi
xidmətdə, Qarabağın müdafiəsindədir. Ailənin yeganə qızı olan Zivər isə Sumqayıt Tibb kollecini qırmızı diplomla bitirərək, tibb bacısı kimi sumqayıtlıların sağlamlığı keşiyindədir. 

Oleqin qəfil xəstəliyi.
Onun sağalması üçün Eldar kişinin ailəsi nələr etmədilər...  


Sumqayıtdakı xoşbəxt taleyinə və ailəsinə görə böyük sevinc duyan, Azərbaycanda yaşamaqdan zövq alan Oleq iki il əvvəl bir dəfə sinə
ağrılarından əziyyət çəkdiyindən Eldar kişi onu tanıdığı həkimlərə göstərir, müayinə və analizlər aparılmasına nail olur. Ciyərlərində problrm olduğundan cərrahi əməliyyat məsləhət görülür. Azərbaycan vətəndaşı olmadığından əməliyyatın Gürcüstanda aparılması tövsiyə olunur. Həmin günlərdə Eldar kişinin ailəsi Oleqin tezliklə sağalması qayğısına qalaraq əllərindən gələni edirlər. Gürcüstanda da ona pul lazım olacağından Eldar kişi özü və Etibarın dostları 2000 manat toplayıb, onu Kutaisiyə yola salırlar.
Lakin, çox təəssüf ki, orda Oleqin anası tərəfindən klinikaya aparılması gecikdirilir və o, elə əməliyyat stolundaca, çox sevdiyi ailəsindən, balalarından xeyli uzaqda həyatla vidalaşır. Bu acı xəbəri yalnız Elnarə deyil, Eldar kişinin ailəsi də böyük qəlb ağrısıyla qarşılayırlar. Bir müddət sonra burda heç kəsə narahatlıq verməmək, yük olmamaq üçün Elnarə sevgilisi Oleqin yeganə yadigarları olan uşaqlarını da götürüb, göz yaşları içərisində Sank-Peterburqa – anasının (o, Azərbaycanı sevən və dilimizi çox yaxşı bilən rusdur, son illər orada yaşayır) yanına yola düşür.
İndi o, anası və sevimli uşaqları ilə orada yaşayır. Ancaq tez-tez Eldar kişiylə - onun gənc ailəsinə hər zaman dayaq olmuş bu gözəl, böyük ürək sahibi olan əvəzsiz, xeyirxah insanla, ailəsi ilə daim əlaqə saxlayır, onun xətrini əziz tutur. İlyasla Sveta isə telefonda Eldar kişinin adını eşitcək, “baba, baba!” deyərək sevincdən atılıb-düşür, dil-boğaza qoymurlar. Axı, Eldar kişi həm də əziz, unudulmaz ataları Oleqin atasıdır. Onu – sevgisi təmənnasız olan bu geniş ürək sahibini sevməmək 
olarmı?..
Var olun, Eldar kişi! Allah o böyük ürəyinizcə versin! 

Rəhman ORXAN.   











Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar