Məsələ ilə bağlı “Trend”ə açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib ki, qurbanı pul ilə əvəz edib ehtiyacı olan şəxsə vermək doğru deyil.
O qeyd edib ki, şəriətdə buna icazə yoxdur.
“Gərək qurbanlıq heyvan mütləq kəsilsin və əti bölünsün. Qurban ətinin əvəzinə pul və ya ərzaq alıb vermək olmaz. Niyə belədir? Çünki elə ailələr var ki, ət almaq imkanı azdır və onlar nəzərə alınmalıdır. Qurban əti birinci növbədə həmin ailələrə verilməlidir. Əgər pul şəklində verilsə, insanlar bu pulu başqa işlərə xərcləyə bilərlər. Ona görə də dinimiz deyir ki, qurban mütləq kəsilib paylanmalıdır”, - deyə o qeyd edib.
F.Nurullayev vurğulayıb ki, qurbanı kəsən ailə onun hamısını özünə götürə bilməz.
“Qurban kəsmək məcburi deyil, müstəhəbdir. Yəni imkanı olan ailə başçısı qurbanı kəsməlidir. Həcc ziyarətində olanlar üçün qurban kəsmək vacibdir, ancaq həcdə olmayanlar üçün vacib olmasa da, təkid olunur, yəni savab bir işdir, dinimiz tələb edir ki, imkanın varsa, qurban kəs. İmkanı olan ailə başçısı qurban kəsməlidir və onun yalnız üçdəbirini öz ailəsinə sərf edə bilər. Qurban mütləq üç hissəyə bölünməlidir, onun iki hissəsi mütləq imkansız ailələrə paylanmalıdır. Misal üçün, qurbanlıq ət 15 kiloqramdırsa, onun 10 kilosunu mütləq paylamalıdır.
Qurbanlığı bölən zaman bir hala da fikir vermək lazımdır. Misal üçün, qurbanlıq ətin yumşaq yerini özünə götürüb, sümüklü yerlərini paylamaq olmaz. Qurbanlığın bütün hissələri və bütün əzaları üç hissəyə bölünməlidir”, - deyə o əlavə edib