Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin son açıqlamasında məcburi köçkünlərin dönüşünün könüllü olacağını deməsi müzakirələri daha da aktuallaşdırıb.
Manevr.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov danışıb.
O, məsələyə təkcə millət vəkili kimi deyil, həm də məcburi köçkün olaraq yanaşıb:
“Hörmətli Rövşən müəllim bu məsələ ilə bağlı fikrini bildirib, mən də millət vəkili olaraq deyil, məcburi köçkün olaraq fikrimi bildirəcəyəm. Hesab edirəm ki, Azərbaycan milləti öz yurduna, ocağına tarixən bağlı millətdir. Köçmək məsələsində heç kimə məcbur zor göstərməyə ehtiyac qalmayacaq. Doğma yurda qayıdış sevinclə, həvəslə, könüllü, istəyərək olmalıdır. Biz 30 ildən çox yurd-yuvamıza qayıtmağın həsrətilə yaşamışıq. 30 ildir sönmüş ocaqlarımızı yandırmağı gözləyirik. Burada hər hansı məcburiyyətdən söhbət gedə bilməz! Bu, ayıb olan bir şeydir. Hamı sevinclə, həvəslə öz yurd-yuvasına qayıdacaq. Ağalıya, Cocuq Mərcanlıya, Suqovuşana bundan əvvəl qayıdış oldu, bunun necə coşquyla baş verdiyinin şahidi olduq. Biz də həsrətlə gözləyirik ki, Xocalımız, Xankəndimiz, Xocavəndimiz, Ağdərəmiz erməni işğalından azad olsun, doğma yur-yuvalarımıza qayıdaq. Mənə elə gəlir ki, belə çaşqınlığa, təlaşa ehtiyac yoxdur. Bir məcburi köçkün kimi öz ev-eşiyimə, ocağıma qayıtmağın həsrətilə yaşayıram”.
Deputat məcburi köçkünlərə verilən mənzillərin onlardan alınıb-alınmayacağına da münasibət bildirib:
“Kimlərinsə Bakıda verilən mənzillərlə bağlı narahatlığı varsa, bilməlidir ki, dövlət tərəfindən tikilmiş evlər dövlətin balansındadır. O mənzillər məcburi köçkünlərin mülkiyyətinə verilməyib. Bir məqamı vurğulayım, Ermənistandan o vaxt yurd-yuvalarından didərgin salınmış insanlar qaçqın statusuna malik idilər. Dövlət tərəfindən qaçqın statusu ləğv olunandan sonra dövlət tərəfindən onlara verilmiş evlər onların öz mülkiyyətinə verildi. Çünki onlar Ermənistana qayıtmayıblar və Bakıdadırlar. Ancaq məcburi köçkünlər artıq öz yurd-yuvalarına qayıdırlar. Dövlət tərəfindən onlara verilmiş evlər də dövlətin mülkiyyətindədir. Dövlət o evləri necə istifadə etmək lazımdırsa, özü müəyyən edəcək”.