Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ana və uşaqların sosial müdafiəsi

Tarix: 13-03-2023 10:06     Baxış: 271 A- / A+
           Azərbaycanda ana və uşaqların sosial müdafiəsi
 
18 yaşadək uşaqların sosial müdafiəsinin effektiv təşkili məsuliyyətli və hesabatlı hökumətlər üçün strateji vəzifədir. Çünki yoxsul uşaqların təmin olunmuş yaşıdlarına nisbətən öz potensiallarını realizə etmək imkanları daha məhdud olur. Maddi səbəblər üzündən öz qabiliyyətini realizə edə bilməmiş yeni nəsil ölkə üçün itirilmiş, yeri heç bir resursla doldurula bilməyəcək insan kapitalıdır.
 
Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatına görə, hazırda dünyada hər il aradan qaldırılması mümkün olan, lakin effektiv sosial müdafiə sisteminin yoxluğu səbəbindən 5.9 mln. uşaq həyatını itirir. Həmin ölümlərin təxminən yarısı yetərli qidalanmanın olmaması ilə bağlıdır. Dünya üzrə kəskin yoxsulluqdan (gündəlik 1.9 USD-dən aşağı vəsaitlə yaşama) əziyyət çəkən 900 mln. nəfərə yaxın insanın təxminən yarısı (46%-i) uşaqlardır. Nəzərə alaq ki, uşaqların ümumi əhalidə payı xeyli yüksəkdir – cəmi dünya əhalisinin 34%-i 18 yaşadək uşaqlardan ibarətdir.
 
Azərbaycana gəldikdə, ümumi əhalinin təxminən 28%-i və ya 2.7 mln. nəfəri 0-18 yaş intrervalında olan insanlardır. Hökumətin yoxsulluğun ölçülməsi ilə bağlı istifadə etdiyi mexanizmi müstəqil ekspert və araşdırmaçılar etibarlı saymasalar belə, hətta rəsmi statistika əsasında aparılan hesablamalar uşaqlar arasında yoxsulluq səviyyəsinin orta ölkə göstəricisindən yüksək olduğunu göstərir. Rəsmi statistika ölkədə yoxsulluğun səviyyəsini ünvanlı sosial yardım alanların sayı ilə ölçür. Məsələn, 2016-cı ildə 558 min nəfər və ya bütün ölkə əhalisinin 5.5%-i qədər insan ünvanlı sosial yardım alıb. Elə həmin il hökumətin bəyan elədiyi rəsmi yoxsulluq səviyyəsi də bu rəqəmə uyğun olub. Yenə də həmin statistikaya görə, ünvanlı sosial yardım alanların 268 min nəfəri uşaqlar olub. 2016-cı ilin yekunlarına görə 0-18 yaş qrupu üzrə əhali sayının təxminən 2.7 mln. nəfər olduğunu nəzərə alsaq, uşaqlar arasında rəsmi yoxsulluq səviyyəsinin 10% ətrafında olduğunu görərik ki, bu da orta ölkə göstəricisindən az qala 2 dəfə yüksəkdir. Qeyd etmək vacibdir ki, dünyanın inkişaf etmiş ölkələrində də uşaq yoxsulluğu daha yüksək olur. Məsələn, BƏT-nin Qlobal Sosial Müdafiə Hesabatında qeyd edilir ki, Avropa Birliyi üzrə 2016-cı ildə uşaqların 21%-i, böyüklərin isə 16.3%-i yoxsulluq riski ilə üzləşib.
 
Uşaqların sosial müdafiəsi – hüquqi təminatlar
 
Fundamental prinsiplər Azərbaycanın da qoşulduğu BMT Uşaq hüquqları Konvensiyasında əksini tapıb. Konvensiyanın 24-cü maddəsinə görə, dövlətlər uşaqların ən təkmil səhiyyə sistemi xidmətlərindən, xəstəliklərin müalicəsi və sağlamlığın bərpası vasitələrindən, ən yüksək standartlara müvafiq tibbi yardımdan istifadə etmək hüququnu təmin edir, uşaqların xəstəliklərinə və doyunca yeməməsinə qarşı mübarizə aparır, analara doğumdan əvvəl və sonrakı dövrlərdə səhhətin mühafizəsi sahəsində lazımi xidmət göstərilməsinə zəruri şərait yaradır. Eyni zamanda, 26-cı maddəyə əsasən, iştirakçı dövlətlər hər bir uşağın sosial sığorta da daxil olmaqla sosial təminat imtiyazlarından istifadə hüququnu təmin etməyə borcludurlar. Öz növbəsində, milli səviyyədə qəbul olunan bir sıra hüquqi aktlar da uşaqların sosial müdafiəsinin təşkili üçün zəmin yaradır. Məsələn, “Uşaq hüquqları haqqında”, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” və “Uşaqların icbari dispanserizasiyası haqqında” qanunlarda onların sosial müdafiəsinə təminat verilməsi ilə bağlı hüquqi müddəalar əks olunub.
 
Təyinatına və məqsədinə uyğun olaraq ayrı-ayrılıqda bu qanunlar 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqların dövlət tibb müəssisələrində büdcə vəsaiti hesabına pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etməsini və sanatoriya-kurort müalicəsi ilə təmin olunmasını, uşaqların sağlam yaşaması və inkişafı üçün onların sosial-iqtisadi hüquqlarının qorunmasını, valideynini itirmiş və valideyn himayəsindən mərhum olmuş uşaqların minimum dövlət sosial standartlarından aşağı olmayan həddə sosial müdafiəsinin təşkilini, uşaqların təhlükəsiz və adekvat qidalanmasına dövlət zəmanətinin verilməsini, uşaqların sağlamlığındakı problemləri zamanında aşkarlamaq üçün icbari dispanserizasiyasının həyata keçirilməsini təmin edir.
 
Uşaqlı anaların sosial müdafiəsi
 
Bilavasitə uşaqların sosial müdafiə tədbirləri ilə yanaşı anaların da sosial cəhətdən təmin edilməsi son dərəcə mühümdür.
 
“Sosial sığorta haqqında” Qanun “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamə və “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında” Təlimat ilə tənzimlənir.
 
Hazırda Azərbaycanda uşaqlı anaların sosial müdafiəsi 3 elementi özündə birləşdirir:
 
Hamiləlik dövründə qadınlara məzuniyyət verilməsi. Bu məzuniyyət uşağın anadan olmasından öncəki 70 günü əhatə edir. Yalnız rəsmi çalışan və sosial sığorta haqqı ödəyən qadınların hamiləlikdən öncəki 70 gün ərzində haqqı ödənən məzuniyyətə hüququ var. Məzuniyyət üçün ödəniş məbləği benefisiarın məzuniyyətlə bağlı müraciət anına düşən orta aylıq qazancının 100%-i səviyyəsində müəyyən edilib;
Övlad dünyaya gətirmiş qadınlara hamiləlikdən sonrakı dövrdə sağlamlıqlarının reabilitasiyası və körpəyə baxım üçün verilən məzuniyyət. Bu məzuniyyət 56 gündür. Yalnız rəsmi çalışan və sosial sığorta haqqı ödəyən qadınların uşağın doğulmasından sonrakı 56 gün ərzində haqqı ödənən məzuniyyət hüququ var. Məzuniyyət üçün ödəniş məbləği benefisiarın məzuniyyətlə bağlı müraciət anına düşən orta aylıq qazancının 100%-i səviyyəsində müəyyən edilib;
Uşağın 3 yaşınadək qulluğa görə analara qismən ödənişli sosial məzuniyyətin verilməsi. Rəsmi çalışan və sosial sığorta haqqı ödəyən qadınların qazanclarının 100%-i saxlanmaqla doğuşdan sonrakı 56 günlük məzuniyyətləri bitdikdən sonra övladlarının 3 yaşınadək iş yeri saxlanmaqla məzuniyyətə çıxmaq hüququ var. Lakin onlar bu seçimi etdikdə məzuniyyətə görə aylıq ödənişin sonuncu iş yeri üzrə aylıq əmək haqqı məbləğinə bağlılığı dayandırılır. Həmin qadınlar 3 il ərzində məbləği ölkə prezidentinin sərəncamı ilə müəyyən olunan həcmdə sosial məzuniyyət haqqı alırlar. Bu ödənişin məbləği 2018-ci ilin əvvəlinə qədər uşağın 1.5 yaşınadək aylıq 40 manat, 1.5-3 yaş intervalında isə aylıq 25 manat olub. 23 fevral 2018-ci il tarixli prezident sərəncamından sonra bu müavinətlərin məbləği 10% artırılıb.
Uşaqlı anaların sosial müdafiə sisteminin effektiv olması üçün 3 əsas şərt var: 1) Bu sistemin əhatə dairəsi nə qədər genişdir? 2) Hamiləlik və doğuşa görə əmək haqqı saxlanmaqla məzuniyyət dövrü nə qədər uzunmüddətlidir? 3) Üç yaşınadək uşağa qulluqla bağlı analara ödənən aylıq vəsaitin həcmi benefisiarların ehtiyaclarını hansı səviyyədə qarşılaya bilir?
 
Azərbaycan hökuməti sistemin əhatə dairəsinə dair rəsmi statistik məlumatlar açıqlamasa da, BƏT-nin son hesabatına görə, Azərbaycanda hamiləliyə və doğuşa görə məzuniyyətlə əhatə olunan qadınlar övladı olan qadınların cəmi 14%-ni təşkil edir. Halbuki bu göstərici region ölkələrindən Rusiyada 69%, Qazaxıstanda 45%, Gürcüstanda 24%, Avropa ölkələrində 95-100% intervalındadır. Azərbaycanda hamiləliyə və doğuşa görə əmək haqqı saxlanmaqla məzuniyyətlə əhatəolunma əmsalının dünya və region ölkələrilə müqayisədə son dərəcə məhdud olmasının əsas səbəbi bir tərəfdən əmək qabiliyyətli yaşında qadınların xeyli hissəsinin qeyri-iqtisadi fəal əhali qrupunda təmsil edilməsi (hazırda əmək qabiliyyətli yaşında qadınların təxminən üçdə biri qeyri-iqtisadi fəal əhali kimi çalışmır), digər tərəfdən isə əmək müqaviləsi olmadan qeyri-leqal çalışmasıdır.
 
Hamiləlik və doğuşa görə məzuniyyətin müddətinə gəldikdə, Azərbaycanda bu, 18 həftə təşkil edir. Dünya ölkələrinin təcrübəsində bu müddət xeyli fərqlidir: məsələn, İranda 39, Danimarkada 18, Estoniyada 20, Finlandiyada 21, Latviyada 16 həftə, Norveçdə 39-49 həftə intervalında, Çexiyada 28 həftə, Polşada 20 həftə təşkil edir. Nəzərə alsaq ki, Avropa ölkələrində 3 yaşadək uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi 50-55%-dən az deyil, hamiləlik və doğuşa görə məzuniyyətin çox da uzun olmaması problem yaratmır. Lakin Azərbaycanda 3 yaşadək uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsinin 10%-i ötməməsi səbəbindən qadınların əmək haqqı saxlanan məzuniyyət dövrünün nisbətən uzadılması azyaşlı uşaqların sağlam inkişafı baxımından müsbət addım ola bilər.
 
Hamiləlik və doğuşa görə qadınlara qismən ödənişli məzuniyyət (3 yaşa qədər uşağa qulluqla əlaqədar) şəklində verilən aylıq sosial vəsaitin benefisiarların ehtiyaclarını qarşılama səviyyəsinə gəldikdə, 2016-cı ildə 1.5 yaşa qulluğa görə müavinətin məbləği əmək qabiliyyətli yaşında qadınlar üçün yaşayış minimumunun 18%-i, iqtisadiyyat üzrə qadınların orta aylıq məvacibinin 8%-i qədər olub. Eyni zamanda, 3 yaşa qulluğa görə müavinətin məbləği əmək qabiliyyətli yaşında qadınlar üçün yaşayış minimumunun 29%-i, iqtisadiyyat üzrə qadınların orta aylıq məvacibinin 12%-i qədər olub.
 
2016-cı ildə hamiləliyə və doğuşa görə (126 günlük məzuniyyətlə bağlı), eyni zamanda 3 yaşa qədər uşağa qulluqla bağlı analara Dövlət Sosial Müdafiə Fondundan ödənən xərclərin məbləği 40.5 mln. manat olub ki, bu da Fondun illik büdcəsinin 1.5%-dən azdır.
 
 
Taleh Şahməmmədli
Yazı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant layihəsi çərçivəsində hazırlanmışdır
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar