Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda məişət zorakılığı mənzərəsi və problemlər

Tarix: 17-02-2023 23:28     Baxış: 491 A- / A+

Azərbaycanda məişət zorakılığı mənzərəsi və problemlər
 
      Məişət zorakılığı cəmiyyətin ən çətin həll olunan problemlərindən biri olmaqla yanaşı, burada cəmiyyətin inkişafı, fərdlərin müstəqilliyi və dövlətin bu problemin hərtərəfli həllində institusional cavabdehliyi üzərinə götürməsindən çox şey asılıdır. Azərbaycanda isə məişət zorakılığına hələ də sosial yüklü və dövlət əhəmiyyətli bir problem kimi yanaşılmır. Digər patriarxal normaların güclü olduğu ölkələrdə olduğu kimi, Azərbaycanda da cəmiyyət hələ kişini evin sahibi və arxa-dayağı hesab edir, buna görə də onun partnyoruna qarşı cəza tətbiq etməsi və şiddət törətməsi normal hal kimi qarşılanır. DSK-nin MII ilə birgə qadına qarşı şiddətə kişi və qadınların nə cür yanaşdığını öyrənmək üçün apardığı sorğularda qadın yeməyi yandırarsa, kişiyə deməmiş harasa gedərsə, eləcə də uşaqlara baxa bilməməyə, cinsi münasibətdən yayınmaya görə ər arvadına qarşı şiddət istifadə etməlidirmi sualına həm qadın, həm də kişilərin demək olar ki yarısı (qadınlar 48%, kişilər 58%) sadalananlardan ən az birini seçərək əvəzində şiddət törədilməsinə razı olduqlarını və beləcə şiddətə haqq qazandırdıqlarını göstəriblər.
 
Göründüyü kimi, bütün sadalanan nümunələr Azərbaycanda törədilən məişət zorakılığı hallarındakı təxmini səbəblərdəndir. Zorakılıq halları o qədər normal hal sayılır ki, demək olar hər bir kiçik və böyük problemə görə qadına şiddət göstərməklə cəzalandırmaq həm kişilər, həm də qadınların demək olar ki yarısı tərəfindən normal hesab edilir. Xüsusilə, Azərbaycanda qadınlar nikaha daxil olmazdan əvvəl evdə ana, ata və qardaşlarının şiddətinə də məruz qalırlar. Evləndikdən sonra isə bu şiddət ər, qayınana və digər nikah münasibətindən yaranmış birinci dərəcəli qohumların şiddəti ilə əvəzlənir. Tədqiqatlar həm də onu sübut etmişdir ki, şiddət görən ana öz uşaqlarına qarşı da şiddət törətməyə meylli olur, zorakılıq nəticəsində yaranmış aqressiyanı, kini, zorakı şəxsə qarşı göstərməyə gücü olmayan ana bəzi hallarda bu aqressiyanı uşaqlarına qarşı yönəldir. Əksər hallarda fiziki və psixoloji şiddətin təsirindən ana üçün uşaqlarına vaxt ayırmaq və sevgi göstərməkdə maneələr yaransa da, zorakı əri tərəfindən şiddətlə üzləşən anlarda aktiv olaraq uşağını həmin şiddətdən qoruma və himayə etmə həmin ana üçün ön plana çəkilir.
 
Şiddət hallarının intensivliyi şəhər yerindən rayon və kənd yerlərinə getdikcə daha da çoxaldığı halda, məişət zorakılığının profilaktikası və törətdiyi əmələ görə məişət zorakılığı qanunundan irəli gələn qaydalarla təqsirli şəxslərin ittiham edilməsi hallarında zəifləmə baş verir. Azərbaycanda 2010-cu ildə qəbul edilmiş məişət zorakılığı haqqında qanuna nəzər saldıqda məişət zorakılığının qarşısının alınması üçün polis və yerli icra orqanlarının qarşısına müəyyən öhdəliklərin qoyulduğunu görə bilərik. Qanunda məişət zorakılığı ilə üzləşmiş şəxslərin hara müraciət etməsi, ilkin olaraq hüquqi və psixoloji yardımların göstərilməsi, qadının sığınacağa göndərilməsi və sosial yönümlü yardımların göstərilməsi öz əksini tapsa da, bunları yerinə yetirmək üçün nə təlimatlandırılmış polis, psixoloq, sosial işçilər, ictimai vəkillər kimi mövcud insan resursları, nə də sığınacaqlar və müvəqqəti yaşayışla təmin edilmək üçün nəzərdə tutulan proqramlar mövcuddur. Məişət zorakılığı haqqında qanunda yuxarıdakı icra edilməli olan proses bu cür izah olunur: “ zərurət olduqda zərər çəkmiş şəxsin dövlət vəsaiti hesabına dərhal tibbi yardımla, yardım mərkəzində müvəqqəti sığınacaqla, geyim və qida məhsulları ilə təmin edilməsi, habelə onun barəsində psixoloji reabilitasiya kursunun aparılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına məlumat göndərmək” Qanunda proses öz əksini tapsa da, icra edilməsi labüd sayılmış aktlar və bu qanundan irəli gələn öhdəliklər həyata keçirilmir və bu işdə dövlətin səfərbərliyi müşahidə edilmir. Qanundan irəli gələrək yaradılmış qadin krizis mərkəzlərində işçilər çalışmır və bu yerlərin aktiv fəaliyyət göstərməsi üçün maddi yardım yönəltmə və digər islahatlar aparılmır. Buna görə də çox vaxt məktəb və ya maarif mərkəzlərində yaradılmış bu otaqlar yaranma məqsədləri üçün istifadə edilmir və ya bağlı saxlanılır.
 
Qanunda nəzərdə tutulan qısa və uzunmüddətli mühafizə orderlərinin verilməsində və onların icrasında da ciddi pozuntular müşahidə olunur. Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanununda göstərildiyi kimi “mühafizə orderi – məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında akt”dır. Bu akt zorakı şəxsin qurbanı izləmək, sığınacaq tapdığı yeri axtarmaq və narahat etmək kimi zorakılığından müdafiə etmək üçün verilir. Sözügedən qanunda göstərildiyi kimi mühafizə orderləri qısa və uzunmüddətli olaraq verilir. Qısamüddətli mühafizə orderi yerli icra hakimiyyəti tərəfindən müraciət daxil olandan 24 saat müddətində verilməlidir. Uzunmüddətli mühafizə orderi isə yerli məhkəmənin çıxardığı qətnamə əsasında verilir. Qısamüddətli mühafizə orderi bir aylıq, uzunmüddətli order isə altı aylıq müddətə verilir. Əgər zorakı şəxs qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməzsə, o zaman şəxsə uzunmüddətli orderin verilməsi üçün məhkəmə 3 gün müddətində qətnamə qəbul edir və orderin müddəti altı aya qədər uzadılır. Qeyd edim ki, Azərbaycanda uzunmüddətli mühafizə orderinin müddəti digər ölkələrdəkinə nisbətən çox azdır. Məsələn, ABŞ-da bu müddət 2 ilə qədərdir. Mühafizə orderlərinin qoyduğu qadağalara riayət etməyən şəxslər cinayət və inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi məişət zorakılığı halları çoxluq təşkil etdiyi bir vəziyyətdə mühafizə orderləri rekord sayda az verilir və bu orderi pozan şəxslərə qarşı cəza və digər qəti imkan tədbirləri görülmür.
 
Azərbaycanda mühafizə orderlərinin verilməsində böyük  fəaliyyətsizlik müşahidə olunur. Qanunda məişət zorakılığının profilaktikası və zorakılıq əməli törədənlərin cəzalandırılması qaydaları əks olunsa da, qanunun icrasında və polis, məhkəmə və yerli icra strukturlarının işinin təşkilində çatışmazlıqlar vardır. Belə ki, polis və məhkəmə hakimlərinin məişət zorakılığı haqqında qanunu kobud şəkildə və sistematik olaraq pozduqları faktları davamlı olaraq baş verir. “Polis şikayət ərizələrini geri çevirməklə, məqsədli olaraq əməliyyatı yubandırmaqla, qurbanları (o şəxslər ki ərləri və digər qohumları tərəfindən əlavə təzyiq altındadırlar) yazdıqları ərizədən imtina etdirməyə çalışaraq aşkarcasına qanunları pozur”. Müəllif Vilson Azərbaycanda bir neçə yerli ictimai birliklərlə bu barədə müsahibə aparmış və onlardan birinin işçisinin məişət zorakılığı şikayəti ilə polisə müraciət etmiş qadına polis əməkdaşlarının rəftarı haqqında dediklərini aşağıdakı kimi qeyd etmişdir:
 
Digər tərəfdən, Azərbaycanda əri haqqında polisə şikayət etmiş qadınların şikayətinə ciddi yanaşılmır, gec baxılır və baxılarsa da zorakılığı törədən şəxsin ittihamı əvəzində qadının ailəni dağıtmamağa, ailə birliyinə, barışığa səsləyən məsləhətlərlə şikayəti təmin olunmur. Üstəlik barışığa cəlb etmə və bunun üçün çalışmaq kimi təşəbbüslər məişət zorakılığı qanununda da öz əksini tapmışdır: “tərəflərin münasibətlərinin normallaşmasına və ailə münasibətlərinin bərpa olunmasına kömək göstərmək”. Qeyd etmək lazımdır ki, məişət zorakılığı qanununun bu maddəsində qeyri-müəyyənlik və qeyri-inklusivlik vardır və polis nəfərlərinin yuxarıdakı formada “barışıq” cəhdləri də çox güman ki, bu maddədən irəli gəlir. Davamlı olaraq əri tərəfindən fiziki, cinsi, psixoloji şiddət növləri ilə rastlaşan, bunların nəticəsində fiziki və ruhi sağlamlığında müəyyən travmalar almış, ilk imkanda qaçıb canını qurtarmaq məqsədilə polisə şikayət edə bilmiş qurbanla zorakı şəxsin münasibətlərinin normallaşması və ailə münasibətlərinin təmin olunmasına cəhd etmək çalışmaları həmin qurbanın can atdığı çıxış yolu olmaya bilər. Üstəlik, bu barışıq taktikaları polisə gəlməmişdən əvvəl müəyyən vaxtlarda ailə və qohumlar tərəfindən çox güman ki, baş verib (çünki məişət zorakılığı dövri, spiralşəkilli və ya silsiləli bir davranışdır) və müsbət nəticə əldə olunmayıb. Bu hallar üzündəndir ki, Azərbaycanda məişət zorakılığı səbəbilə polisə şikayət edənlərin sayı çox azdır və şikayət edənlər haqda dəqiq statistika çatışmazlığı vardır. Məişət zorakılığı hallarının aidiyyatı qurumlar tərəfindən şəhər və ya regionlar üzrə sayları haqqında qeydiyyat aparıldığı barədə mətbuatda və dövlət qurumlarının internet səhifələrində məlumat verilsə də, bu statistika dəqiq çap edilib açıq şəkildə ictimaiyyətə təqdim edilmir.
 
Taleh Şahməmmədli
Yazı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 
qrant layihəsi çərçivəsində hazırlanmışdır

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar