Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məişət zorakılığının başlıca səbəbləri haqqında

Tarix: 15-02-2023 16:03     Baxış: 263 A- / A+


Məişət zorakılığının başlıca səbəbləri haqqında
 
 Məişət Zorakılığı spesifik olaraq genderlə bağlı olan bir davranışdır. Zorakılığı törədən tərəfin böyük hissəsini ənənəvi olaraq məhz kişilərin təşkil etməsi düşüncəsi üstünlük təşkil edir. Məişət zorakılığı çox zaman qadına qarşı törədilən zorakılıq olduğuna görə buna gender əsaslı şiddət də deyilir. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1993-cü il tarixli deklarasiyasına görə “gender əsaslı zorakılıq ictimai və ya şəxsi həyatda qadına qarşı törədilən fiziki, cinsi, psixoloji zədə və sarsıntı ilə nəticələnən və ya nəticələnə biləcək, eləcə də bu kimi aktların törədiləcəyi barədə hədə-qorxu gəlmək, nəyəsə məcbur etmək, özbaşına olaraq fərdi azadlıqdan məhrum etmək kimi hər hansı bir zorakılıq aktı deməkdir”. Bəzi hallarda qadınlar da şiddət törədə bilər, lakin bu, əksər hallarda ya özünü, ya da uşaqlarını şiddətdən müdafiə etmək üçün istifadə edilmiş  şiddətdir. Bundan başqa gey cütlüklərdə iki kişi və iki qadın arasında baş verən şiddət də müşahidə olunur ki, buna da iki intim münasibətdə olan insanın bir-birinə qarşı törətdiyi məişət zorakılığı kimi yanaşılmalıdır və bu şiddətin tərkibində də birinin digərinə güc və nəzarət tətbiq etmək kimi amillər xarakterikdir.
 
Məişət zorakılığı ilə mübarizə üçün qadınlar hərəkatı 1970-ci illərdə ABŞ-da başlamışdır. O vaxtdan etibarən tədqiqatçılar məişət zorakılığının qarşısının alınması məqsədi ilə onun yaranma səbəbləri haqqında anlayışlara yiyələnmək üçün bir sıra nəzəriyyələr təklif etməyə nail oldular. Bu nəzəriyyələr arasında ən çox məişət zorakılığının sonradan öyrənilən davranış nəzəriyyəsi, daha sonra zorakılıq silsiləsi nəzəriyyəsi və növbəti güc və nəzarət nəzəriyyəsi  haqqında daha geniş müzakirələr aparıldı.
 
Öyrənilmiş davranış forması nəzəriyyəsi: Məişət zorakılığının nə səbəbdən törədilməsi ilə bağlı tədqiqatların çoxu məişət zorakılığının qazanılmış və ya sonradan öyrənilmiş bir davranış forması olduğu fikrini dəstəkləyir. Məişət zorakılığı daxil olmaqla digər zorakılıq baş verən insidentlərin araşdırılması zamanı məlum olub ki, bu halları çox vaxt öz ailəsində zorakılıq görmüş və birbaşa olaraq valideyni tərəfindən şiddətə məruz qalmış şəxslər törədir. Bütün növ zorakılıq halları öz motivləri və törədilmə səbəblərinə görə bir-biri ilə sıx bağlı olduğu üçün bu fikri məişət zorakılığına da aid etmək olar. Belə ki, evdə anasına və eləcə  də özünə qarşı şiddət görmüş kəslər gələcəkdə şiddət törətməyə daha çox meyilli olurlar. Belə insanlar şiddətin norma olaraq qəbul edildiyi ailə və ya sosial mühitdə (məsələn, uşaq bağçası və məktəb) böyüyərək, bunu gündəlik həyat norması kimi qəbul edir. Valideynləri arasında və özünə qarşı şiddət görmüş şəxslərin gələcəkdə zorakılıq törətmədiyi hallar da var. Lakin zorakılığın sonradan öyrənilən bir davranış forması olduğu nəzəriyyəsi üzərində daha çox fikir mübadiləsi aparılmış və bu fikir əsaslandırılmışdır.
 
Zorakı mühitdə böyüyən qızlara gəlincə, mümkündür ki, ailəsində anasına qarşı törədilən zorakılığa şahid olmuş qızlar öz gələcək ailələrində şiddətlə üzləşməsin, lakin çox zaman vəziyyət bunun əksi olur. Bu, iki səbəbdən baş verir: Birinci səbəb odur ki, öz anasına qarşı şiddətə şahid olmuş və şiddət əsnasında anasının kömək axtarmadığını görmüş qız gələcəkdə ərindən zorakılıq görərsə, kömək axtarmağa meyilli olmayacaq və göstərilən şiddət ona normal hal kimi görünəcək (əksər hallarda). Yaxud da ərindən şiddət görməməsi üçün onun dediyi hər işi yerinə yetirəcək, çünki öz uşaqlıq və yeniyetməlik təcrübəsində anasının da ərinin dediklərini etmədikdə şiddətə məruz qaldığını görüb. Xüsusilə də az təhsilli, dünyagörüşlərinin inkişafına imkan yaradılmamış qadınlar alternativlərlə tanış olmadıqlarından ərlərinin hər istəyinə müsbət qarşılıq verməyi şiddətdən yayınmağın əsas yolu kimi görəcəklər. Lakin bəllidir ki, zorakılıqla təhsilli və dünyagörüşlü qadınlar da üzləşirlər. İkinci səbəbə gəlincə, öz ailəsində şiddət görmüş qadın gələcəkdə şiddətə meyilli partnyorla yaşaya bilər və şiddət bu dəfə ona partnyoru tərəfindən törədilə bilər.
 
Şiddət silsiləsi nəzəriyyəsi: Məişət zorakılığı törətmiş zorakı şəxs bəzən törətdiyi əmələ görə peşman olduğunu söyləyir və bir daha bunun yaşanmayacağına söz verir. Buna fiziki şiddətdən sonra göz yaşı dolu vədlər, hədiyyə almaqlar, “bağışla əsəbi idim” kimi peşmançılıq ifadə edən jestləri misal göstərmək olar. Lakin maraqlı burasıdır ki, əgər bu jestlərə qurban müsbət cavab verməzsə zorakı şəxs yenidən şiddət törətməyə başlayır. Buradan da şiddətin silsilə şəklində təkrarlanan, dövri bir davranış olduğu məlum olur. Şiddət silsiləsi nəzəriyyəsinə görə şiddət üç mərhələli bir prosesdir. Belə ki, partnyorlar arasında baş vermiş anlaşılmazlıq birinci mərhələdə gərginliyin yaranması ilə müşahidə olunur. Bu mərhələdə aşırı qəzəb və dava hissi zorakı şəxsi bürüyür. İkinci mərhələdə toplanmış gərginlik partlaşıyla nəticələnir. Bu mərhələdə zorakının törətdiyi şiddət özünü fiziki, psixoloji, cinsi kimi formalarda göstərir. Şiddət baş verdikdən sonra isə məsələn, bir neçə gün sonra partnyorlar arasında ilkin ünsiyyət formaları yaranır və getdikcə münasibətlər normaya düşür ki, bu da üçüncü mərhələ olan bal ayı mərhələsi adlanır. Lakin şiddət silsiləsi nəzəriyyəsi ilə bəzi tədqiqatçılar məişət zorakılığına səbəb olan əsas məsələnin nə olduğunun tam aşkara çıxdığına şübhə ilə yanaşmağa başladılar. Çünki bəzən şiddət baş vermiş ailələrdə şiddətdən sonra həmin bal ayı mərhələsi belə müşahidə olunmur və zorakı şəxs məqsədli olaraq qurbanı daima gərgin vəziyyətində saxlayır.
 
Güc və nəzarət nəzəriyyəsi: Daha sonra isə məişət zorakılığının yaranmasının kökündə zorakı şəxsin qurban üzərində güc və nəzarət əldə etmək niyyəti olduğu fikri irəli sürüldü. Qeyd etmək yerinə düşər ki, qadınlara qarşı şiddətin feminist nəzəriyyəsi olan güc və nəzarət nəzəriyyəsi üç əsas “güc, nəzarət və ənənəvi gender rolları kimi anlayışların üzərində dayanır”. Zorakı şəxs müəyyən şiddət taktikaları ilə qurbanın hərəkətlərinə, düşüncəsinə və seçimlərinə nəzarət edərək onu idarə edir və bununla da qurbanın yalnız onun (zorakı şəxsin) istəklərini yerinə yetirməsinə nail olur. Güc və nəzarət nəzəriyyəsinə əsasən fiziki və cinsi zorakılıq gücün əldə edilməsi üçün törədilən ən başlıca taktikadır. Bu kimi görünən taktikalar qurbanda qorxuya səbəb olur və gücün zorakı şəxsin əlində cəmləşdiyi inancını onda yaradır. Psixoloji və iqtisadi zorakılıqlar, məcburetmələr kimi çox zaman görünməyən zorakılıq növləri ilə zorakı şəxs zorakılığını davam etdirərək qurban üzərində tam nəzarəti ələ ala bilir.
 
Məişət zorakılığının geniş yayılmasına səbəb cəmiyyətdə gücün və səlahiyyətin kişinin əlində cəmlənməsi, patriarxal təsəvvürlərin, toksik maskulin davranışların, kişinin qadına tabe olması kimi dini inancların sosial norma sayılmasıdır. Pekin Fəaliyyət Planında da deyildiyi kimi “qadına qarşı şiddət tarixən qadın və kişi arasındakı qeyri-bərabər güc münasibətlərinin təzahür formasıdır ki, bu da kişilərin qadınlar  üzərində dominantlığına və qadınların diskriminasiyasına, eləcə də qadınların hərtərəfli inkişafının qarşısının alınmasına gətirib çıxarmışdır”. Məişət zorakılığının cəmiyyətdə ayaq açıb yeriməsinə məhz elə cəmiyyətin bu işdə birbaşa və ya dolayı yolla iştirakı səbəb olur. Məişət zorakılığı qohum-tanışlar, bir məhəllədə yaşayan adamlar, qapı qonşuları kimi cəmiyyətin ailənin əhatəsində olan nümayəndələrinin törədilmiş zorakılığa bəraət qazandırması, günahı hər zaman qurbanda görməsi, ənənəvi olaraq kişilərin dominant və partnyorlarını nəzarətdə saxlamalı olduğu inancı ilə daha da sosial yüklü bir bəlaya çevrilir.
 
Məişət zorakılığının davamlı proses olmasında həmçinin müəyyən qurumların bəzi inancları da mühüm rol oynayır. Bunlardan din, media, təhsil, hüquqi və sosial yardım sistemi zorakılığın davam etməsinə təsir edir: məsələn, dində qadının ərinə tabe olmasının vacib sayıldığı və qadının onun ərinin mülkiyyəti olmasının vurğulanması; medianın məişət zorakılığı hallarına adi xəbər kimi yanaşması və az işıqlandırması; zorakılıq qurbanlarının şikayətlərinə düzgün formada baxılmaması; şikayət edən qadına qarşı polis şöbələrində qeyri-ciddi münasibət, utandırma; zorakı şəxsə müvafiq cəzaların verilməməsi və ya verilən cəzaların icrasına nəzarət edilməməsi; təhsildə gerilik, qadın və kişinin bərabər hüquqlu insanlar olduğunun şagirdlərə kiçik yaşlarından aşılanmaması, təhsildən yayınmalar; sosial işin və sosial yardım sisteminin yoxluğu; həkimlərin hər hansı bir xəsarətlə gətirilmiş pasiyentdəki zədələrin məişət zorakılığı zəminində baş verdiyindən şübhələnməməsi və ya bəlli olarsa da müvafiq addımlar atmaq üçün mexanizmlərin olmaması kimi hallar məişət zorakılığının cəmiyyətdə ayaq açıb yeriməsinə şərait yaradan amillərdəndir. Şiddətdən istifadənin normal qarşılanması və zorakı şəxsin hərəkətlərinə cəmiyyətin də haqq qazandırması məişət zorakılığının geniş yayılmasına gətirib çıxarır. Bu kimi inancların hüquq mühafizə orqanlarında polis və digər şəxslər tərəfindən də dəstəklənməsi məişət zorakılığının həllində və dayandırılmasında əsas rolu olan şəxslərin düzgün işləməməsinə və qanunun düzgün icra edilməməsinə səbəb olur.
 
Məişət zorakılığının səbəblərinə nələr daxil deyil: Məişət zorakılığına qadının və ya zorakılığa məruz qalanın günahı kontekstindən baxmaq yanlışdır. Belə ki, bu baxış zorakı şəxsi diqqətdən yayındırır, onun əməllərinin mahiyyətini kiçildir və ya onun hərəkətlərinə haqq qazandırır. Birgə münasibətdə olan cütlüklər arasında anlaşmazlıq, bir-birinin ünvanına sərt sözlərlə deyişmə və başqa hallar baş verə bilər, lakin heç zaman qurbanın etdiyi heç bir hərəkət zorakı şəxsə ona qarşı şiddət törətməyə haqq vermir.
 
Məişət zorakılığının spirtli içkilər və ya narkotik maddələrin təsirindən yarandığı çox vaxt səbəb kimi göstərilir. Lakin spirtli içkilərin qəbulu nəticəsində birdən-birə şəxs dönüb zorakı şəxsə çevrilmir. Bu barədə geniş araşdırma aparan və spirtli içkilərin hegemon maskulin davranışlar, güc və nəzarət ilə əlaqəsini öyrənən Qandolf “həddən artıq spirtli içki içməklə qadına qarşı şiddət bir-biri ilə səbəb-nəticə əlaqəsində deyil, lakin onlar sosial yönümlü problemlərin təməl təzahürlərindən biridir” deyərək əslində spirtli içkinin zorakı şəxs üçün “güc və nəzarət savaşında daha bir silah” rolu oynadığını diqqətə çatdırır. Bununla da məlum olur ki, zorakı şəxs sərxoş və ya ayıq olmasından asılı olmayaraq zorakılıq törətməyə qadir bir şəxsdir və burada spirtli içki məsələnin kökündə duran problemlərdən deyildir.
 
Məişət zorakılığının baş vermə səbəbini stresslə bağlamaq da mübahisəli fikirlərdəndir. Gündəlik həyatımızda biz bir çox stress faktorları ilə üzləşirik: işdə, evdə və digər sosial həyatımızda. Lakin zorakı şəxslər məsələn, bəzən işdə müdürü və ya kafedə dostu ilə baş vermiş stressli hadisəni məhz onlarla həll edə bilmədiyindən, əvəzində evdə öz partnyoruna qarşı zorakılıq törədərək necə deyərlər əsəblərini partnyorlarından çıxırlar. Ona görə də zorakı şəxsin törətdiyi məişət zorakılığının stress səbəbilə mühakimə edilməsi yanlışdır. Necə ki digər oğurluq, qətl kimi cinayət hallarında stress bəhanə kimi gətirilə bilməz, eləcə də məişət zorakılığı davranışlarında da stress səbəb kimi göstərilə bilməz.
 
Adətən məişət zorakılığını əsəb problemi olanların törətdiyi fikirlərini də eşidirik. Lakin məlumdur ki, zorakı şəxs şiddəti məqsədli şəkildə və sakit halda olanda da törədir. Əsəbi hal bəzən süni şəkildə qurbanın canına qorxu salmaq üçün zorakı şəxs tərəfindən yaradılır. Belə hal yarandıqda mütləq zorakılıqdan istifadə isə şəxsin inkişaf prosesində öyrənmiş olduğu bir davranış formasıdır. Belə ki, bir şəxsin böyümə və inkişaf prosesində əsəbi hal yarandıqda onu sakit yol ilə həll etmək və yaranan gərginliyi fərqli yollarla dəf edə bilmək kimi bir təcrübəsi olmadığından, o, məhz həyat təcrübəsindən öyrəndiyi zorakı metodlara daha çox üstünlük verir. Əgər zorakı şəxs törətdiyi əmələ əsəbi halı ilə bağlı haqq qazandırarsa, onun yaranmış konflikti yalnız şiddətlə cavablandırmaq davranışına adaptasiya olduğunu vurğulamaq və əsəbi halında olarkən çalışıb qəzəbin real mənbəyini tapmağı ona anlatmaq lazımdır. Buna görə də bəzi ölkələrdə əsəb faktorunu irəli sürən zorakı insanın davranışlarını dəyişdirmək üçün məhkəmə sistemi nəzərdə tutulmuş müəyyən cəza metodundan əlavə, onu əsəblərini idarə  etməyi və şiddətdən fərqli çıxış yollarını öyrədən təlim proqramlarına göndərir və mütləq şəkildə bu proqramları bitirmək öhdəliyi qoyur.
 
 
Taleh Şahməmmədli
Yazı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant layihəsi çərçivəsində hazırlanmışdır

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar