Müşahidəçilər isə Azərbaycan məscidlərində İranın təsirində olan, bu ölkənin maraqlarına xidmət edən çoxlu sayda din xadiminin olduğunu iddia edirlər.
Həmin şəxsləri necə müəyyənləşdirmək olar? Azərbaycandakı İran agentlərinin maskalarını aşağı endirməyin yolu nədir?
Manevr.az xəbər verir ki, bunu yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev də analoji fikri bölüşüb. Partiya sədri vurğulayıb ki, ikinci müstəqillik dövrümüzdən – 90-cı illərin əvvəllərindən başlayaraq, İran Azərbaycana öz agentlərini yerləşdirib, din xadimlərinin bəzilərini ələ alıb, onları bu və ya digər şəkildə şirnikləndirib, pul, vəsait, malla təchiz edib, onlarla daim əlaqə saxlayıb və Azərbaycanla mübarizəsini bir neçə yolda aparıb:
“Birincisi, İran dövləti həmin şəxsləri məhz İranın İslamla bağlı apardığı siyasətin doğruluğuna inandırmağa çalışıb ki, guya ən doğru yol budur və bundan kənara çıxsanız, cəhənnəmə gedəcəksiniz. İran özünü onların gözündə İslamın qoruyucusu kimi diktə edərək, ən təmiz İslam dininin məhz İranda olduğunu və Allaha kəlamların, eləcə də Qurani-Kərimin yalnız və yalnız İranda qorunduğunu vurğulayıb”.
“İkincisi, İran bu adamlara pul vəsaitləri verir. Təxminən 200 dollardan 2.000 dollara kimi qeyri-rəsmi aylıq məvacib həmin din xadimlərinə verilib. Üçüncüsü isə İran Azərbaycandakı müxtəlif din xadimlərinin vasitəsilə digər din xadimlərinə təsir göstərib və onlara təlimatlar verib. Hansı ki, İrana işləyən din xadimlərinin əlinin altında yüzlərlə din xadimi olub ki, onlar da təlimatı bu şəxslərdən alıblar. Bu adamlar isə bəzən bilməyərəkdən İrana xidmət ediblər”, – müsahibimiz əlavə edib.
MCP sədri onu da vurğulayıb ki, bu məsələlərin aydınlaşdırılması çətin deyil və bu, hüquq-mühafizə orqanları ilə xüsusi xidmət orqanlarının əlinin altında olan məsələlərdir:
“Onlar isə bunu artıq aydınlaşdırıblar. Ona görə də bu məsələ davam etməli və İranın bütün təsir imkanları Azərbaycanda kəsilib atılmalıdır. Eləcə də heç bir güzəştdən söhbət getməməlidir. Amma konkret olaraq, kimi işdən çıxarıb, kimi qoyacaqla; mən o adamlar haqqında məlumatlı deyiləm. Bunu dövlət orqanları bilir və özləri də qərarlarını versinlər”.