Xəbər lenti
Vasif Talıbovun qanunsuz göstərişlərini icra edənləri hansı cəza gözləyir? - ŞƏKİL
Son günlər Vasif Talıbovun Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefa verməsi ilə bağlı məlumatlar gündəmi zəbt edib. İddia edilir ki, V.Talıbov Naxçıvanda vəzifədə olduğu dövrdə qanunsuz olaraq müəyyən şəxslərin həbsi ilə bağlı təlimatlar, insanların mülkiyyətinin əllərindən alınmasına, hüquqlarının pozulmasına və s. dair qeyri-qanuni göstərişlər verib.
Naxçıvanda qanunvericiliyin tələblərindən kənara çıxan bir sıra hadisələrin olduğu barədə zaman-zaman məlumatlar paylaşılsa da, bunlar təkzib olunurdu. Bütün icraedici orqanlar Ali Məclisin sabiq sədri V.Talıbovun təlimatlarını qeyri-şərtsiz yerinə yetirirdilər.
V.Talıbov vəzifədən getdi, lakin onun təlimatlarını, tapşırıqlarını icra edən qurumların əksəriyyəti tam heyətlə işinə davam edir.
Hər kəsə isə bir məqam çox maraqlıdır: V.Talıbovun göstərişi ilə qanunsuz əməllərə yol verənlər qanun qarşısında cavab verəcəklərmi? Həmin qurumlar bu gün öz hüquqlarını tələb edən vətəndaşların haqlı istəklərini qanunvericilik normaları çərçivəsində təmin edə bilərmi?
Ümumilikdə V.Talıbovun qanunsuz tələblərini icra etdikləri sübuta yetirilərsə, qurumları, şəxsləri hansı cəza gözləyir? Göstərişlərin qeyri-qanuni olduğunu bildikləri halda icra edən aşağı instansiya məmurları məsuliyyət daşıyırlarmı?
Məsələyə, sadəcə, hüquqi tərəfdən yanaşmaq və qanun çərçivəsində işıq tutmaq istəyirik.
Hüquqşünas Şamil Paşayev Oxu.Az-a açıqlamasında bildirib ki, vəzifəli şəxs kimliyindən asılı olmayaraq qanunu rəhbər tutmalı və öz işini qanunun tələblərinə uyğun qurmalıdır:
“Yuxarı səlahiyyətli orqan təmsilçilərinin dövlət qulluqçularına, inzibati orqanlara göstəriş vermək səlahiyyəti olsa da, bu göstərişlərin qanundankənar olması yolverilməzdir. Eyni zamanda, bilə-bilə qanunsuz əmri, göstərişi icra etmək, vətəndaşın hüquq və azadlıqlarının pozulmasına yönələn hərəkətlər etmək də qanunvericiliklə qadağandır. Bu, cinayət məsuliyyəti yarada bilər.
Konkret olaraq hər hansı bir şəxs vəzifədə olduğu və ya vəzifəsindən azad edildiyi dövrdə qanunsuz əməllərə yol veribsə, bu, sübuta yetirilərsə, o, qanunvericilik çərçivəsində məsuliyyətə cəlb ediləcək. Eyni zamanda, Vasif Talıbov Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən azad edilsə də, onun səlahiyyətlərini əvəz edən şəxs təyin edilib. Həmin şəxsin qanunsuz əməllərə yol verən əməkdaşları müəyyən etmək və ya bununla bağlı hər hansı şübhələri olarsa, araşdırma başladılmasını tələb etmək səlahiyyətləri var”.
Ş.Paşayev onu da əlavə edib ki, rəhbər şəxslərin çalışdıqları quruma öz yaxın qohumlarını işə götürmək təcrübəsi, təəssüf ki, geniş yayılıb:
“Təəssüf ki, bu mövzu hər zaman ölkəmizdə aktuallığını qoruyur. Lakin bu məsələlərlə bağlı “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq maddələr mövcuddur. Bu hallar qanunla korrupsiyaya şərait yaradan hal kimi qiymətləndirilir. Yaxın qohumların eyni strukturda işləmələri, onların bir-birinə nəzarət edən və ya tabe olan qurumlarda rəhbər vəzifələrdə çalışmaları qanunun tələblərinə ziddir.
O ki qaldı qanunsuz tələbləri icra etməklə insanların hüquqlarını pozan vəzifəli şəxslər barəsində tədbirlərin görülməsinə, bu məsələyə kompleks yanaşma lazımdır. Belə ki, bütün iddialar araşdırılmalı, sübuta yetirilməli və dəymiş ziyan qiymətləndirilməlidir. Yalnız bundan sonra o şəxsləri hansı məsuliyyətin gözlədiyini demək mümkündür”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar