İnsanların kədərli anlarını şouya çevirən dırnaqarası blogerlərin dəfn mərasimlərinə gətirdiyi qondarma adətlər təəssüflər olsun ki, günün reallığına çevrilib və belə hallar getdikcə kütləvi hal almağa başlayır.
Sosial şəbəkə paylaşımlarına diqqət etsək görərik ki, insanların buna münasibəti birmənalı deyil. Bir çoxları "dəfn şou"larının yolverilməz olduğunu, bu kimi halların dünyasını dəyişən şəxsə və onun ailə üzvlərinə qarşı hörmətsizlik olduğunu düşünür. Lakin "burada nə var ki?" deyib, yasdan reklam tutanlara haqq qazandıranlar da az deyil.
Qıcıq doğuran yeni "adətlər"dən biri də cənazənin alqışlarla qarşılanıb, son mənzilə yola salınmasıdır. Axı bunu necə başa düşmək olar? Gözüyaşlı insanların çiyinlərində daşıdığı cənazəni alqışlamaq nə deməkdir?

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, yas mərasimləri bütün mənalarda öz məcrasından çıxıb. Onun sözlərinə görə, artıq yas və toy məclislərini tənzimləmək lazımdır:
“Dəfn mərasimləri, toylar protokollaşdırılmalıdır. Bəzi Orta Asiya respublikalarında olduğu kimi yas mərasimləri və digər tədbirlərin tənzimlənməsi üçün müəyyən normativ hüquqi aktlara ehtiyac var. Bununla bağlı qaydaların formalaşdırılması vacibdir, çünki bu proseslər tənzimlənmədikcə, xoşagəlməz halları daha çox müşayiət edəcəyik. Bəzən yas mərasimlərini kimlərsə şouya çevirmək istəyir, əllərində kamera canlı yayımlar edirlər. Yaxını vəfat edən şəxs bilmir ki, yasını keçirsin, yoxsa belə insanlarla məşğul olsun. Xüsusilə də şəhidlərin anım mərasiminin sırf dini mərasimlərə çevrilməsi cəhdlərini görürük. Yas mərasimləri tənzimlənmir, buna görə də xoşagəlməz hallar baş verir. Hər kəs bundan narazı və narahatdır, amma addım atılmır”.