Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlılar kütləvi şəkildə pullarını Rusiyadan çıxarır - kritik gəlişmə

Tarix: 21-10-2022 10:19     Baxış: 4249 A- / A+

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra bu ölkədən Azərbaycana, eləcə də digər MDB dövlətlərinə pul köçürmələrinin həcmi kəskin şəkildə artıb. Müharibənin başlandığı ilk aylarda Rusiya hökuməti ölkədən valyuta ixracının qarşısını almaq üçün bir sıra məhdudlaşdırıcı addımlar atdı. Lakin aprel-may aylarından etibarən bu məhdudiyyətlər tədricən aradan qaldırılmağa başlandı. Nəticədə ilin ikinci rübündə xaricə pulköçürmələrinin həcmində kəskin artım baş verdi.
Maraqlıdır ki, pul köçürmələrinin həcminin ən çox artdığı ölkələr arasında Azərbaycan ilk yerlərdədir. Gürcüstan Mərkəzi Bankının məlumatına əsasən, bu ilin yanvar-sentyabrında Rusiyadan bu ölkəyə fiziki şəxslərin pul baratlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə artaraq 1,135 milyard dollar təşkil edib. Yanvar-avqustda Ermənistana göndərilən pul baratları isə 3,5 dəfə artmaqla 1,9 milyard dollara çatıb.
Yanvar-iyunda Rusiyadan Özbəkistan köçürmələr 2,4 dəfə artıb, 5,3 milyard dollar təşkil edib. Qazaxıstana göndərilən pul həcmləri isə 5,4 dəfə artmaqla 500 milyon dollar olub.
Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumata görə, 2022-ci ildə Rusiyadan Azərbaycana göndərilən pul köçürmələrinin həcmində rekord artım qeydə alınıb. Belə ki, ötən ilin birinci yarısında bu rəqəm 261 milyon dollar təşkil edib. Bu ilin 6 ayı ərzində isə köçürmələrin həcmi 1 milyard 283 milyon dollara yüksəlib. Yəni ötən illə müqayisədə Rusiyadan Azərbaycana göndərilən pulların həcmi 5 dəfə artıb.
Rusiyanın “Yunistrim” bankının nümayəndəsi Kaircan Kudyarovun “İzvestiya” nəşrinə dediyinə görə, bu ilin iyulunda Rusiya vətəndaşlarının hesab açmadan xaricə köçürmələrinin sayında ötən ilin eyni dövründəkinə nisbətən 400 faiz artım qeydə alınıb. Onun sözlərinə görə, belə köçürmələr daha çox Gürcüstan, Ermənistan, Moldova, Qırğızıstan, Özbəkistan və Tacikistana həyata keçirilir.
VTB Bankdan nəşrə bildirilib ki, onların vasitəsilə iyun-sentyabr aylarında xaricə köçürmələr üzrə 13 min tranzaksiya qeydə alınıb. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 10 dəfələrlə çoxdur. Bu bank vasitəsilə köçürmələr əsasən Belarus, Ermənistan, Qazaxıstan və Azərbaycana həyata keçirilib.
Ekspertlər hesab edir ki, bu qədər kəskin artımın səbəbi Rusiyaya qarşı tətbiq edilən sərt maliyyə-iqtisadi sanksiyalardır. Ukraynada müharibə başlayandan sonra Rusiyada yaşayan azərbaycanlılar risklərdən qorunmaq üçün vəsaitlərini kütləvi şəkildə Azərbaycana köçürməyə başlayıblar. Qeyd edək ki, yeni sanksiyaların tətbiqi ilə Rusiya rublunun məzənnəsi kəskin ucuzlaşsa da, Mərkəzi Bank bazara nəzarəti gücləndirib və sərbəst valyuta mübadiləsini məhdudlaşdırıb. Nəticədə rubl süni şəkildə möhkəmlənməyə başladı və hazırda Mərkəzi Bankın rəsmi məzənnəsi müharibədən əvvəlkindən də yüksəkdir. Lakin sanksiyalar məhdud biznes imkanları olan azərbaycanlıları bu ölkədən pullarını çıxarmağa sövq edib. Nəticədə Rusiyadan Azərbaycana pul köçürmələri pandemiyadan əvvəlki dövrlə müqayisədə kəskin artıb.
Beləliklə, 2020-ci ilin ilk altı ayında Rusiyadan Azərbaycana göndərilən vəsaitin həcmi 197 milyon dollar təşkil edib. Pandemiyadan əvvəl, 2019-cu ildə bu rəqəm 276 milyon dollar idi. Mərkəzi Bankın göstəricilərindən də görmək olar ki, ikinci rübdə (aprel-iyun) Rusiyadan Azərbaycana göndərilən pul köçürmələrinin həcmi artıb. 2022-ci ilin ilk üç ayında Rusiyadan Azərbaycana 99 milyon dollar pul göndərilib. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 20 milyon dollar azdır. Növbəti üç ay ərzində göndərilən vəsaitin həcmi 1 milyard 185 milyon dollar təşkil edib. İlin birinci yarısında Azərbaycana bütün pul köçürmələrinin 80 faizi Rusiyadan daxil olub. Yeri gəlmişkən, Rusiya bu göstəricidə həmişə lider olub, lakin keçmişdə onun payı 50 faizi ötmürdü.
Rublun ucuzlaşması Rusiyada işləyən azərbaycanlıların kütləvi geri  qayıtmasına səbəb olmayacaq - son xeberler
Mərkəzi Bankın hesabatlarına görə, Ukraynada müharibə başlayandan sonra Azərbaycana göndərilən pullarla yanaşı, qeyri-rezidentlərin Azərbaycan banklarındakı əmanətlərinin məbləği də artıb. Belə ki, yanvarın sonunda Rusiyanın Ukraynaya hücumundan əvvəl xarici vətəndaşların Azərbaycan banklarındakı əmanətləri 294 milyon manat ekvivalentində idi. Fevralın sonunda bu rəqəm 552 milyon manata yüksəldi və sonrakı aylarda da artmağa davam etdi. Son göstəriciyə əsasən, bu il avqustun sonuna Azərbaycan banklarında qeyri-rezidentlərə məxsus 876 milyon manat vəsait saxlanılır. Bu o deməkdir ki, müharibədən sonrakı 6 ayda xarici dövlətlərin vətəndaşlarının Azərbaycan banklarında saxladıqları vəsaitlərin həcmi 600 milyon manat artıb.
Rusiyadan Azərbaycana pulköçürmələrinin artım dinamikasının üçüncü rübdə necə dəyişdiyi hələlik açıqlanmır - Mərkəzi Bank belə məlumatları çox gec ictimailəşdirir. Lakin Rusiya Mərkəzi Bankının məlumatlarından aydın olur ki, ölkədən xaricə valyuta axını davam edir, qismən səfərbərlik elan olunduqdan sonra bu proses daha da sürətlənib.
Onu da qeyd edək ki, Ukraynaya hücumundan sonra xüsusilə informasiya-kommunikasiya sahəsində Rusiyaya qarşı tətbiq olunan sanksiyalar ölkənin bu sahədə ixtisaslaşan çoxsaylı şirkətlərinin və mütəxəssislərinin qonşu ölkələrə axışmasına səbəb oldu. Bu axının Azərbaycanla müqayisədə Ermənistan və Gürcüstana daha çox olduğuna dair çoxsaylı məlumatlar səsləndirilib. Ermənistan tərəfinin məlumatına əsasən, yanvar-avqustda Rusiyadan bu ölkəyə 70 minə yaxın adam gəlib və geri qayıtmayıb.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2022-ci ilin yanvar-avqust aylarında ölkəmizə dünyanın 173 ölkəsindən gələn 1 milyon 4 min əcnəbi və vətəndaşlığı olmayan şəxsin 26,2 faizi Rusiya Federasiyasından gələnlər olub. Beləliklə də şimal qonşumuzdan gələnlərin sayı 1,7 dəfə artaraq 263 min 48 nəfər təşkil edib. Azərbaycandan Rusiyaya gedənlərin sayı isə 1,2 dəfə artmaqla 159 min 460 nəfər olub.
Manatın dövretmə sürətinə hansı amillər təsir edib? – ekspert şərh edir -  26.07.2021, Sputnik Azərbaycan
Rəşad Həsənov
Rəsmi məlumata əsasən, 2022-ci ilin ikinci rübü ərzində Rusiyaya son 6 ildə rekord sayda - 3,12 milyon xarici vətəndaş əmək miqrantı kimi daxil olub. 2021-ci ilin eyni dövründə 2,34 milyon əmək miqrantı Rusiya sərhədini keçmişdi. İkinci rübdə Rusiyaya gedən əmək miqrantlarının 108,2 min nəfər və ya 3,5 faizi Ermənistan, 79 min nəfər və ya 2,5 faizi Azərbaycan vətəndaşları olub. Bu zaman Azərbaycandan gedənlərin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 11,2 min nəfər və ya 16,5 faiz artıb. Lakin aydın məsələdir ki, ikinci rübdə Rusiyaya işləməyə gedənlər dərhal vətənə pul göndərmək imkanına malik olmurlar. Bu isə o deməkdir ki, Rusiyadan pulköçürmələrinin artımında onların payı əhəmiyyətli ola bilməz. Bu halda, artımın səbəbi nədir? Bu proses ölkə iqtisadiyyatı üçün nə vəd edir? Sualları cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənovun dediyinə görə, Rusiyaya qarşı sanksiyalar başlananda əksər mütəxəssislər ortamüddətli dövrdə yaranacaq problemləri dilə gətiriblər: “Bu problemlər sanksiyalar üzündən Rusiya iqtisadiyyatının daralması, iş yerlərinin və əhalinin gəlirlərinin azalması, nəticədə orada yaşayan soydaşlarımızın Azərbaycana pul göndərişlərinin həcminin düşməsi, onların bir hissəsinin geri qayıtması və sairdir. Bütün bunlar orta və uzunmüddətli dövr üçün gözləntilərdir. Lakin sanksiyalara qarşı Rusiya hökumətinin atdığı addımların qısamüddətli təsirləri də istisna edilmirdi. Belə addımlardan biri rublun məzənnəsinin saxlanmasıdır ki, bunun da nəticəsində Rusiyadan Azərbaycana valyuta göndərişləri əlverişli xarakter alıb. Lakin sanksiyaların təsiri ilə ölkədə az-çox yığımları olan şəxslərin öz kapitallarını kənara çıxarmağa çalışması da burada mühüm rol oynayır. Nəinki orada müvəqqəti işləyənlər, hətta Rusiya vətəndaşlığını alan soydaşlarımız var ki, onlar orta və uzunmüddətli dövrdə Rusiya iqtisadiyyatında baş qaldıracaq ciddi problemləri düzgün qiymətləndirə bilir və vaxtikən öz vəsaitlərini çıxarmağa çalışırlar. Rusiya daxilində xarici valyuta ilə əməliyyatlar minimuma enib, idxalın kəskin azalması xarici valyutaya tələbi salıb. Eyni zamanda Rusiyadan kənara valyuta çıxarılmasına qoyulan məhdudiyyət götürülüb. Bütün bunlar son nəticədə Azərbaycana, eləcə də digər ölkələrə pulköçürmələrini kəskin artırıb. Onu da qeyd edim ki, açıqlanan rəqəmlər banklar vasitəsilə - qeydiyyata alınaraq gətirilən pullardır. Qeydiyyata düşməyən valyuta çıxışı bundan daha böyük məbləğləri əhatə edir. Düzdür, Azərbaycanın quru sərhədi bağlıdır və hava nəqliyyatı ilə gələnlər yoxlanılır. Lakin bu halda belə gizli şəkildə ölkəyə valyuta keçirilməsinin qarşısını tam almaq olmur. Rusiya ilə quru sərhədi açıq olan ölkələrə belə valyuta axını daha yüksəkdir”.
Ekspertin fikrincə, indiki mərhələdə pullarını Azərbaycana transfer edən soydaşlarımız bir müddətdən sonra - Rusiyada iqtisadi problemlər dərinləşdikdə birdəfəlik geri qayıtmalı olacaqlar: “Bu isə əmək bazarına ciddi təzyiq formalaşdıra bilər. Eyni zamanda iqtisadi problemlər üzündən Rusiyadan pulköçürmələrinin azalması Azərbaycanda əhalinin gəlirlərində ciddi itkiyə gətirib çıxara bilər. Düşünürəm ki, hökumət bu perspektivləri nəzərə alaraq indidən yarana biləcək problemləri aradan qaldırmaq, yaxud onların yaranmaması üçün addımlar atmalıdır. Yeri gəlmişkən, quru sərhədlərini bağlı saxlamaq bu problemlərdən çıxış yolu deyil, ola da bilməz”... (Yeni Müsavat)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar