Manevr.az teleqraf.com-a istinadla xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, 2023-cü ilin dövlət büdcəsində birbaşa sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 728 milyon manatdan 4 milyard 411 milyon manatadək artırılır.
O qeyd edib ki, gələn il büdcəsinin 23.7 faizi əməyin ödənilməsinə yönəldiləcək: “Bu həmin istiqamətə 6 milyard 495 milyon manat vəsaitin ayrılacağı deməkdir. Bu 2022-ci ilin dövlət büdcəsində həmin istiqamət üzrə xərclə müqayisədə 5.2, ötən ilki faktiki göstəriciyə nəzərən isə 30.6 % faiz artım deməkdir.
2023-cü il üzrə dövlət büdcəsinin xərclərinin iqtisadi təsnifatında sosial ödənişlərə isə 4 milyard 61 milyon manat nəzərdə tutulub ki, bu da 2022-ci ilin proqnozundan 5.9 faiz, 2021-ci ilin icrası ilə müqayisədə 25.3 faiz çoxdur.
Bütövlükdə, 2023-cü ildə sosial istiqamətlər üzrə artımlar nəzərdə tutulub. Bununla yanaşı, gələn ildə də inflyasiyaya qarşı mübarizə prioritet olaraq qalacaq. Dünya iqtisadiyyat üçün proqnozlar heç də ürəkaçan olmadığı üçün idxal inflyasiyası gələn ildə də istehlak bazarımıza təsirsiz ötüşməyəcək. Bu baxımdan da, sosial müdafiə tədbirləri fiskal siyasətdə əsas istiqamət olaraq qalmaqdadır”.