Sosial şəbəkədə Beyləqan rayon sakini, Vətən müharibəsi qazisi Elçin Paşayevin damarlarını doğrayaraq intihara cəhd etməsi barədə məlumat yayılıb.
İddia olunur ki, qazi Beyləqan Rayon İcra Hakimiyyətinə etiraz edərək bu addımı atıb. Beyləqan Rayon İcra Hakimiyyətindən cebhe.info-ya verilən məlumata görə, Elçin Paşayevə ötən ayın 25-i 150 manat yardım olunub:
"Beyləqan şəhərində qeydiyyatda olan, hazırda Bakı şəhərində yaşayan qazi Paşayev Elçin Ədalət oğlunun intihara cəhd etməsi araşdırılıb. Müəyyən olunub ki, Paşayev Elçin Ədalət oğlu Vətən müharibəsi zamanı 28 oktyabr 2020-ci ildə qismən səfərbərliklə ordu sıralarına çağırılıb. Döyüşlərdə yaralandığına görə 27.09.2021-ci il tarixdə 3-cü dərəcə əlilliyi müəyyən edilib. Paşayev Elçin Ədalət oğlu 3-cü qrup Qarabağ müharibəsi əlili olduğu üçün icra hakimiyyəti başçısının 16.03.2022-ci il tarixli 37 nömrəli Sərəncamı ilə mənzil növbəsinə götürülüb. Başçının 25.07.2022-ci il tarixli sərəncamı ilə Paşayev Elçin Ədalət oğluna 150 manat maddi yardım olunub".
Bundan başqa qurumdan bildirilib ki, sabah qazi yenidən qəbul edilib problemləri dinləniləcək:
"“YAŞAT” Fondu tərəfindən məişət əşyaları üçün 08 iyun 2021-ci il tarixdə 2300 manat, 08 oktyabr 2021-ci il tarixdə isə 2500 manat pul vəsaiti verilib. Paşayev Elçin Ədalət oğlu ilə telefon əlaqəsi saxlanılıb və o, 03.08.2022-ci il tarixdə rayon icra hakimiyyəti başçısı tərəfindən təkrar qəbul ediləcəkdir".