Azərbaycanda pensiya yaşı tamam olan istənilən şəxs heç bir orqana müraciət etmədən pensiya və müavinətlə təmin edilir.Manevr.az bildirir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, nazirlik elektron pensiya təyinatı sistemini tətbiq edəndən sonra bu proses reallaşıb.
"Biz elektron pensiya və elektron müavinət təyinatı qanunvericiliyini irəli sürəndə çoxları bu sistemin tətbiqinin problemlər yaradacağını, tətbiqin reallaşmayacağını deyirdi. İddia olunurdu ki Azərbaycanda elektron bazalar və məlumatlar kifayət qədər deyil, bu prosesdə səhvlər olacaq. Araşdırmalarımız göstərdi ki, bizim bazada olmayan məlumatların işlənməsinə görə səhv ehtimal 5-7 faizdir. Amma bu faizi təmizləmək 5 ildir. Ona görə də biz qərar qəbul etdik və 2019-cu ildən biz başladıq elektron təyinatları bu sistemi tətbiq etməyə və çıxan səhvləri aradan qaldırdıq. Bu gün bu məsələ reallaşıb. Hazırda fəxrlə deyə bilərəm ki, bu gün 500 min insan pensiya yaşı tamam olan gün heç bir qapı döymədən, heç bir orqana getmədən, heç bir sənəd yığmadan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ad günü təbriki alır və pensiya təminatı barədə ona məlumat verilir, bu hüququ əldə edir və pensiya ilə təmin edilir.
Amma həmin tətbiqə qədər pensiya yaşı tamam olan şəxs bununla bağlı sənəd toplamağa 3 ay vaxt sərf edirdi. İndi bu problem tam aradan qaldırılıb", - nazir bildirib.trend