Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əyyubun ilk ovu və böyük qələbəsi (Sənədli hekayə)

Tarix: 01-07-2022 10:01     Baxış: 3324 A- / A+
                                             Bu mövzunu mənə danışan dəyərli ziyalı,
                                           özünün təfəkkürü, xeyirxahlığı, mübarizliyi, 
                                           vətənpərvərliyi  ilə  ömrünü xalqın yolunda
                                           çıraq eləyən, müstəqilliyimiz, dövlətçiliyimiz 
                                           üçün   həmişə böyük təbliğat aparan  sadiq  dostum 
                                          Əlimusa  Musayevin 70 illik yubileyinə  ithaf  eləyirəm.

                                                                                                    Müəllif

Həyatda Əyyub peyğəmbər kimi səbrli insan olan Əyyubun həmyaşıdları, ondan yaşca böyüklər və bir qədər cavanlar arasında Sovet quruluşundan söhbətləri düşəndə  o, heç cürə səbrini cilovlaya bilmirdi. Çünki bu quruluş milyonlarla insan kimi onların ailəsinə də çox böyük sitəmlər eləmiş, zərbələr vurmuşdu. Bu quruluş onların  Çəmənli adlanan dağ kəndlərinə gələndə, ulu babalarının əllərində nələri vardısa hamısını alıb, kolxoz quruluşuna vermişdi və həmin vaxtlar  mahalda beş kişidən biri sayılan, indi Əyyubun adını daşıdığı ulu babası Əyyub kişi qırmızı imperiyanın “kəramətindən” dönüb olmuşdu kəndin ən kasıb adamlarından biri. Amma  o, bu var-dövləti özünün, övladlarının böyük əməyinin, yuxusuz gecələrinin, alın tərinin hesabına qazanmışdı. Kənd adamlarının çoxu gecələr evlərində rahat yatdığı vaxt Əyyub kişi övladları ilə birlikdə torpağında əkdiyi məhsulları becərir, sulayır, qoyun-quzusunu, mal-qarasını otarırdı ki, ac qalmasınlar və həmin qoyunlar,  mal-qara  doğub-törəsinlər. Amma Sovet quruluşu Əyyub kişiyə yalandan “qolçomaq” adı qoyub, onu müflis eləmişdi. O da qorxusundan səsini çıxarıb bir söz deyə bilmirdi. Çünki yaxın qohumlarını səslərini çıxardığına görə həbs eləyib, Sibirə göndərmişdilər və nə ölmələrindən, nə də qalmalarından heç bir xəbər yox idi. Əyyubun atası Musa kişinı də o vaxt “qolçomaq oğlu” damğası ilə məktəbə getməyə qoymamışdılar. Amma  evdə atasının və savadlı qohumlarının hesabına yazıb-oxumağı öyrənmiş və həm də İslam dinini, ərəb-fars dillərini öyrənmişdi. Heç bir məktəb qurtarmasa da elə öz yaşıdları arasında kəndin ən savadlı adamı sayılırdı. Amma iki eşşəyin arpasını bölə bilməyənlər bu kəndə rəhbərlik edir və camaata qan  uddururdular... 
Atası Musa kişi, ailədə səkkiz uşaq olan Əyyubgili Çəmənli  və qonşu kəndlərdə mollalıq eləməklə, yas yerlərinə getməklə, kəndin dəyirmanında dəyirmançı işləməklə, çox çətinliklə dolandırırdı...
Bir vaxtlar Sovetlər quruluşu bu ailənin təkcə qoyun-quzusunu, mal-qarasını yox, həm də örüş, torpaq  yerlərini tutub əllərindən almışdı. Və hətta ən maraqlısı bu idi ki, onlara bir vaxtlar verilən cəmi 7 sotluq torpağı da kolxoz sədrinin, kənd sovetinin əmri ilə həftə səkkiz- mən doqquz, ən azından ayda iki dəfə gəlib ölçürdülər.  Əyyubgil  heç cürə başa düşə bilmirdilər ki, axı bu torpaq nə artıb, nə də azala bilməz. Bütün bunlar məhz ona görə idi ki, onların həyəti kəndin ən yaraşıqlı yerində, dağın döşündə idi. Savalan dağı da oradan çox aydın görünürdü və Savalanın mehi həmişə bu kəndə böyük ab-hava gətirirdi. Əyyubgilin evi kəndin qırağında olduğuna görə bu xoş mehi ilk qarşılayan Əyyubgil olurdu. Kolxoz sədrinin bu yerə gözü düşmüşdü və istəyirdi ki, Musa kişini əsəbiləşdirsin və o da bütün bunlardan bezib, həmin yerləri tərk eləyib başqa yerə köçsün və kolxoz  sədri də buranı zəbt eləsin, arzusuna çatsın. Həddindən artıq səbrli, uzaqgörən siyasətli, uca boylu, yaraşıqlı, mavi gözlü kişi  olan və kolxoz sədrinin, kənd soveti sədrinin, partkomun  onu aşağılamaq üçün ironiya və şəbədə ilə dediyi “ dəyirmançı molla Musa” kimi təqdimatına da heç bir münasibət bildirmirdi Musa kişi... O, elə bu susmağı ilə də onların bağrını çartladırdı...
Ailənin böyük oğlu Əyyub lap uşaq yaşlarından çox diribaş və zəhmətkeş idi. Hamı deyirdi ki, babası Əyyubun ruhu bu uşaqda yaşayır. Həm də dərslərini yaxşı oxuğundan ailədə hamı ona böyük ümidlə baxırdı... Çox maraqlıdır ki, Əyyubla eyni sinifdə kolxoz sədrinin oğlu, partkomun oğlu, baş mühasibin qızı, poçt müdirinin oğlu, kənd sovetinin qızı da oxuyurdu. Müəllimlər də onların heç birindən dərs soruşmadan “5” qiymətlər yazırdılar. Özü də məktəb direktorunun əmri ilə onları qabaq cərgədə və kasıb-kusubların uşaqlarını isə arxa cərgədə otuzdururdular. Gəl indi bunların yanında baş çıxar, görüm necə baş çıxarırsan... Bu haqsızlığı görən məktəb şagirdi Əyyub, artıq müəllimlərinə də nifrət edirdi...
... Artıq Sovetlər quruluşunun dağıldığından on il keçmişdi. Bu quruluşun dağılması çoxlarının “aşına soğan” doğramışdısa  amma,  Əyyubun  ürəyincə idi. Axı bu quruluş onların ailəsinə, qohumlarına “dağlar” çəkmişdi. Müstəqilliyimizə ürəkdən sevinən Əyyub, bu on ildə özünün ağlı, zəkası və bacarığı ilə ailəsinə lazım olan şərait yaratmışdı. Doğulduğu Çəmənli kənd camaatı da bu işinə görə Əyyuba böyük hörmət edirdi. O, qardaş-bacılarını ətrafına toplayıb, babasına məxsus torpaqların bir hissəsini məhkəmə ilə  geri qaytartdırıb, fermer  təsərrüfatı yaradaraq, bütün qohumlar orada işləməklə onlar üçün lazım olan şərait yaratmağa çalışırdı. Tez-tez Bakıdan kəndlərinə gedir, camaatın problemləri ilə maraqlanır və öz imkanı daxilində onları həll edirdi. Hətta kəndlərinə öz qazancı hesabına çox rahat  magistral yol da çəkdirmişdi. Sovetlərin dövründə isə bu kəndə yalnız atlar, araba ilə getmək mümkün idi...
Bir dəfə Əyyubun baş mühasib işlədiyi respublika səviyyəli müəssisədə bu quruluşu müdafiə eləyən və bu quruluşun yenə də qayıdacağına ümid bəsləyən adamlarla Əyyubun böyük mübahisəsi düşdü. Heç vaxt ailələrinin başına gələn müsibətləri iş yoldaşlarına danışmayan Əyyub, axır ki, qırmızı imperiyanın dəhşətlərini danışmaqla, onlara yaxşı bir “dərs” verməkçün dedi:
- O vaxt atam kənd dəyirmanında işləyirdi və həm də ruhani savadı vardı. O vaxtlar  bizim bölgədə molla olmadığına görə kəndimizin və qonşu kəndlərin mollası idi. Ailədə səkkiz uşaq idik. Bu gün hələ vəziyyətin yaxşı bir vaxtında 3-4 nəfərlik ailəni dolandırmaq çətin olduğu vaxtda, o zaman 10 nəfərlik ailəni dağ kəndi kimi yerdə dolandırmaq doğrudan da çox çətin, məşəqqətli olduğundan biz valideyinlərimizə bütün işlərdə və kolxozda işləməklə köməklik edirdik ki, acımızdan ölməyək. Səmimi etiraf eləyim ki, mən insanların bir-birinə pislik elədiyini, yuxarı təbəqəli adamların imkansızları adam yerinə qoymadığını, onları hər an təhqir etdiyini, alçaltdığını, kölə kimi işlətməsini lap kiçik yaşlarımdan görmüşəm və bu mənə elə həmin vaxtlardan əzab verib. O vaxtlar  bizim kənddə barmaqla sayılası imkanlı adam vardı. Bunlar kolxozun sədri, kənd sovetinin sədri, partkom, mühasib, poçtun müdiri və bir neçə nəfər onların əlaltıları, qulbeçələri idi. İnanın, onlar kənd camaatına qan uddururdular. Adamları həmişə Sovet quruluşunun asıb-kəsən qanunları ilə qorxudurdular. O qanunların demək olar ki, çoxu həmin vəzifədə olan adamların əlində kasıb, yetim-yesir insanlarçün Domoklın qılıncı kimi bir silah idi. O nadürüstlər heç kimə imkan vermirdi ki, adamlar  yaxşı  yaşasın. Kimin iki-üç mal-qarası, beş-altı qoyun-quzusu vardısa, tutub əllərindən alırdılar. Ya da elə yüksək  vergi qoyurdular ki, adamlar məcbur olurdular həmin mal-qaranı, qoyun-quzunu satsın. Bilirsiniz ki, o vaxt işləyən və 
işləməyən adam gərək eyni səviyyədə yaşayaydı. Hamının vəziyyəti eyni cür olmalıydı...
Əgər istəsəniz sizə həmin illərlə bağlı bir neçə kitabın mövzusu olan çoxlu acılı-şirinli xatirələrimi danışaram. Amma elə mənim öz başıma gələn onlarla hadisədən yalnız ikisini deyim, sonra siz özünüz qərar qəbul eləyin və nəticə çıxarın...
-Axı siz heç nəyi danışmağı xoşlamırsız, ay Əyyub müəllim.
-Amma indi danışacam ki, bütün söhbətlərə son qoyulsun. Yadıma gəlir ki, atam mənə 16 nömrəli ov tüfəngi almışdı. O vaxt 12 yaşım vardı. İndi 70 yaşım var. Bir gün gördüm ki, bir göyərçin gəlib qondu bizim həyətdən bir qədər aralı olan uca çinar ağacına. Mən başa düşdüm ki, bu çöl göyərçinidi. Çünki ev göyərçini ağaca qonmur. Fikirləşdim ki, bunu vurum, anam heç olmasa nə isə hazırlayar və bizim kasıb ailə də içində ət olan nə isə dadlı bir yemək yeyər. Tez gedib evdən tüfəngi götürüb, içinə patron qoyub evdən çıxdım. Mən ilk dəfə idi ki, bu  tüfəngi əlimə götürüb, güllə atırdım. Çox həyacanlı idim. Allahdan güllə göyərçinə dəydi və  o yerə düşdü. Mən tez bıçağı çıxarıb, göyərçinin üzünü qibləyə tutub kəsdim. Bu vaxt gördüm ki, tüfəngin səsinə bir adam bizim çəpərin yanındakı yoncalıqdan göründü. Bu kənd sovetinin sədri, kənddə hamının nifrət elədiyi Məsi idi. Onun atası və bütün nəsli Dövlət Təhlükəsizlik Komitəsinə işləməklə, işverənliklə vəzifə qazanmışdılar. Mənə dedi ki, “nə vurmusan”? Dedim ki, göyərçin. Dedi: “Ay köpək oğlu, kolxozun göyərçinini niyə vurubsan? Tez onu mənə ver!” Dedim ki, bu kolxozun deyil, çöl göyərçinidir. Göynən uçub və gəlib ağaca qonub. O, ucadan bağıraraq dedi:
- Məgər sən bilmirsən ki, burada hər şey kolxoza məxsusdur? Hətta bu kolxozun sahəsinin üstündən uçan quşlar da kolxoza məxsusdur. İt balası! Tez  göyərçini mənə ver!  Yoxsa inək balasını tapdalayan kimi səni ayağımın altına salıb tapdalayaram! 
Mən də tərs uşaq idim. O, nə qədər zəhmli olsa da, mən ondan qorxmadım. Gördüm üstümə gəlir, tez tüfəngə patron qoyub ona tuşladım və əsəbi dedim:
-Məsi, it balası da, eşşək balası da sən özünsən. İşverən köpək oğlu! Əgər sən göyərçini məndən almaq istəsən həzrət Abbas haqqı  səni vuracam! Onsuz da bu kənddə sən, kolxoz sədri, partkom və sizin qulbeçələriniz hamının canını boğazına yığıbsız. Səni öldürsəm hamı mənə sağ ol deyəcək. Həm də deyəcəklər ki, bu əbləhlərdən biri axır ki, cəhnnəmə vasil oldu. İndi kişisən, yaxın gəl!..
Mənim ucadan, hirslə və inamla dediyim bu sözlərdən o, həqiqətən də qorxdu və geri çəkildi. Tez göyərçini götürüb, evimiz tərəfə qaçdım. Sonra geri baxdım və gördüm ki, o, ardımca gəlmir. İnanın, həmin gün evimizdə toy-bayram oldu. Anam həmin göyərçinin ətindən sulu yemək bişirdi. Hamımız doyunca yedik. O dad indi də mənim damağımdadır... Bax, bu idi Sovet quruluşu...
-Onu düz deyirsən ey Əyyub müəllim. Belə şeylər o vaxtlar çox olurdu,- deyə Sovetlər quruluşunun ən böyük təbliğatçısı olan Cavid onun sözlərini təsdiqlədi. Elə 1937-38-ci illərdə gör nə qədər düşünən beyinlərimizi həbs elədilər. Çoxunu məhkəməsiz güllələdilər. Elə mən adını daşıdığım Hüseyn Cavidi həbs eləməklə, sürgündə öldürməklə, gör millətimizə necə böyük zərbə vurublar. Amma...
- Bunun nə amması ola bilər, ay Cavid kişi. Elə böyük dühaları həbs eləməklə hakimiyyətə gədalar, savadsızlar, tör-töküntülər gəldi. O gədalardan biri bizim rayonda Pasport idarəsinin rəisi idi. Çox rüşvətxor, natəmiz, dəyyus adam idi. Adamların başına turp əkirdi. Bax,  bir  acı əhvalat tez-tez yadıma düşəndə həddindən artıq kövrəlirəm... 
- O hansı əhvalatdı,- deyə Cavid kişi və oradakılar maraqla Əyyub Musazadəyə baxdılar.
- Atamın pulu olmadığından, səkkizinci sinfi qurtarana qədər mənə doğum şəhadətnaməsi almamışdılar. Eləcə də səkkiz uşağın heç birinə şəhadətnamə ala bilməmişdi. Həm də bizim kəndlə rayon mərkəzi arasında düz 40 kilometr məsafə vardı. Kəndlə rayon mərkəzinin arasında olan yol elə bərbad idi ki, adamlar heç illərlə rayon mərkəzinə gedə bilmirdilər. Mən səkkizinci sinfi bitirəndən sonra atam istəyirdi ki, Bakıya gəlib sənət məktəblərindən birində, ya da texnikumda təhsil alım və sonra rayona qayıdıb işləyim, ailəni dolandırmaqda ona köməkçi olum. Ona görə də o, məni götürüb, rayon mərkəzinə gətirdi. Mən o vaxt ilk dəfə idi ki, rayon mərkəzini  görürdüm. Baxdım ki, bizim kənddən daha yaraşıqlıdı. Xoşuma  gəldi. Atam məni Milis idarəsindəki pasport  şöbəsinə  gətirdi. Özü bir otağa girdi. Qapı açıq qaldı. Gördüm həmin kişi atamı tanıdı. Çünki atam, otağa girəndə o, atama müraciətlə və dolamaqla belə dedi: “Mollayev, xeyir ola bura gəlməkdə?” Atam dedi ki, “ uşağı gətirmişəm, ona şəhadətnamə almaq istəyirəm”. Sonra atam məni həmin otağa çağırdı. Gördüm həmin adan yekəpər, bazburtlu, domba gözlü, qara, eybəcər, əyriburun, yekə bığlı, qulaqları uzun, sifəti də uzunqulağı  xatırladan bir kişidir. Məni görəndə gülümsündü və dedi: “Mollayev, uşaq budur? Bu ki, yekə kişidir. Niyə bu vaxta qədər ona metirka almamısan?” Atam dedi ki, “ nəçənnik, kənd yeridi, heç kim istəməyib, ona görə də almamışam. Həm də bizim kənddən rayon mərkəzinə xeyli yoldur”... Gördüm ki, həmin adam mənə şəhadətnamə vermək istəmir. Utanmaz-utanmaz atamın üzünə hırıldayaraq dedi:
- Mollayev, bunun xərci var. Məgər sən bilmirsən? Bizdə metirka havayı verilmir. Atam cibindən bir dəsmal çıxartdı. Onun belə şakəri vardı. Pulları dəsmala bağlayıb cibinə qoyardı. Kağız pulları da ayrı, qəpikləri də ayrı. Həmin dəsmalı açıb, içindəki pulları yekəpər kişinin qarşısına qoydu. Gördüm kişinin sifəti dəyişdi və başladı gülümsəməyə. Pulları saydı. Orada 27 manat və nə qədərsə qəpik vardı. Atam günahkarcasına dedi ki, “ rəis,vallah olan pulum budur. Bunu da səkkiz balamın  boğazından kəsib yığmışam ki, gətirib uşağa şəhadətnamə alım”. O adam pulların 25 manatını götürüb, stolun siyirməsini açıb və xətkeş ilə pulları ora tökdü və yerdə qalan 2 manat və neçə qəpiyi xətkeş ilə atama sarı itələyib hırıldadı və dedi:
-Kəndə qayıtmağa sizə bəs eləyər. Mollayev, sən azından gərək 50 manat verməliydin bu metirkaya  görə. Daha neynim rayonun mollasısan  də, - deyə yenə atamın üzünə hırıldadı.
O nainsaf, əbləh oğlu atamın halal pulundan heç 5 manat da qaytarmadı ki, atam heç olmasa kəndə qayıdanda rayon mərkəzindən uşaqlara bir toyuq və yavanlıq ala bilsin. Həmin gün mənə şahadətnamə yazıb verdilər. Sənədə isə pul rüsumi cəmi 1 manat 50 qəpik yazdılar və mənə də qol çəkdirdilər. Həmin şəhadətnaməni alanda mən heç sevinmədim. Çünki həmin eybəcər və yekəpər kişinin hərəkəti mənə çox pis təsir eləmişdi. Onun adı Söyzü idi. Camaat isə ona “uzunqulaq Söyzü” adını qoymuşdu. O kişinin adını yadımda saxladım. İllər boyu onu unutmadım. Bakıda, Respublika Həmkarlar Təşkilatında şöbə müdiri işlədiyim vaxt  bizim rayondan bir oğlan işlə bağlı mənə müraciət elədi. Soruşdum kimlərdənsən? Dedi həmin Söyzünün oğluyam. Əvvəlcə ona köməklik etmək istəmədim və atasını tanıdığımı da bildirmədim. Amma sonra  fikirləşdim  ki, həmin Söyzünün bizim ailəyə elədiyi pisliyin əvəzini necə çıxım və oğlana dedim: “Sənin işini həll edə bilərəm. Amma bu işin 150 manat xərci var”. Oğlan heç nə deməyib 150 manat əvəzinə 300 manat çıxarıb stolun üstünə qoydu. Mən 150 manatı götürdüm və qalan 150 manatı ona qaytarıb dedim ki, bunu özünə götür. 150 manata mən sənin işini həll eləyəcəm. Oğlan çox sevindi və həmin 150 manatı götürüb, tez cibinə qoydu. Yəqin fikirləşdi ki, bəlkə mən sözümü dəyişə bilərəm. Mən tezliklə onun məsələsini həll elədim. O vaxt həmin 150 manat yekəpər kişinin atamdan aldığı pulun  üç misli həcmindən çox idi. Bax, o yekəpər, uzunqulaq Söyzüdən “hayıfımı” beləcə aldım. Sonra söz arası oğlandan atası haqqında soruşdum. Dedi ki, atam uzun illər xəstə  yatdı. Bədəni çürüdü və çox zülmlə öldü. Bax,  Sovet quruluşunun vəzifədə olan adamlarından çoxu elə uzunqulaq Söyzü kimi faşist xislətli adamlar olduğuna görə kasıb, əlsiz, ayaqsız  adamların ah-naləsi də həmin quruluşu yıxdı. Ona yalandan “xidmət eləyən” Söyzü kimi adamları da zülmlə öldürdü.  Çünki günahsız insanların taleyi, qanı bahasına qurulan və adamların qırmızı terror adlandırdıqları quruluşun taleyi elə belə olmalı idi. Həmin quruluş, bütün insanları bir qəlibə salmışdı... 
Axı bu müstəqilliyin qurulması, məmləkətimizin azad olması üçün  minlərlə həmvətənlərimiz zaman-zaman şəhid olub. Həbs olunub. Orta Asiyanın qumsal çöllərinə, Sibirə sürgün olunub. Həmin quruluş, millətimizə olmazın əzablarını verib. Yəqin elə sizin hər birinizin nəslindən olan adamlardan da qırmızı terrorun qurbanı olanlar olub. Bəlkə elə deyil?..
Hamı başı ilə bu sualı təsdiq elədi. Amma heç kim onun bu sualına sözlə  cavab vermədi. Çünki uca boylu, çox yaraşıqlı, sifətində nur olan, tünd mavi gözlü  Əyyub Musazadə hamının “sarı siminə”  toxunmuşdu. Əyyub yüzlərlə tanıdığı insanın Sovet quruluşundakı taleyini, babasının qırmızı terrorun nəticəsində ürəyinin necə qubar olub partladığını  yada salıb, acı-acı gülümsündü...
Əyyub, bu tutarlı söhbəti ilə artıq öz iş yoldaşlarını elə bil ki, ovladı və həmin gündən sonra iş yerində Sovetlər quruluşu ilə bağlı söhbətlər bütövlükdə kəsildi.  Çünki onlar özləri də görürdülər ki, Sovetlər quruluşu dağılandan sonra Əyyub, öz işindən sonra  azad sahibkarlıqla məşğul olmaqla özünə lazım olan şərait yarada bilib. Amma bu adamlar Sovetlər quruluşunun ələbaxımlığından hələ də qurtara bilməyib, işləsərlər də, işləməsələr də gözlərini müəssisədən aldıqları quruca cüzi əmək haqqına dikmişdilər. Müstəqil quruluşumuzun üstünlüyünü onlar indi, Əyyubun bu söhbətindən sonra  dərk  eləməyə başlayırdılar... Bu, Əyyubun böyük qələbəsi idi...



Ağalar  İDRİSOĞLU                                            
Sumqayıt  şəhəri,
01 iyul - 2022-ci il

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar