Xəbər lenti
Fəxri Xiyabana buraxılmayan Xalq rəssamı
Şaxtalı havaların tüğyan etdiyi dekabr günlərinin birində Bakının Əmircan kəndində Bəhlul kişinin ailəsində bir oğlan uşağı dünyaya gəlir. Bəhlul kişi elə həmin ilin yanvar ayında itirdiyi Səttar adlı oğlunun adını yeni doğulmuş körpəyə qoyur.
Ailənin dolanışığını şəxsi təsərrüfatından çıxaran Bəhlul kişinin ailəsində dörd övlad böyüyür. Səttar bu ailənin üçüncü övladı olur.
Göz açdığı gündən Əmircan kəndində toxunan məşhur Xilə xalçalarının toxunulmasına şahidlik edən Səttar elə uşaqlıq illərindən rənglər aləminin sirrinə vaqif olmağa başlayır.
Murtuza Muxtarov məscidinin qədim ovdanları, təbiətdəki gözəlliklərdən ilhamlanan balaca Səttar böyüdükcə hər kəsi öz istedadı ilə təəccübləndirməyi bacarır.
Xasiyyətcə sakit biri olan Səttar riyaziyyat fənnində xüsusilə diqqət çəkdiyindən hər kəs onun gələcəkdə böyük riyaziyyatçı olacağına şübhə etmir. Qonşuluqda, yoldaşları arasında bu fəndən çətinə düşən uşaqlara kömək etməkdə ad çıxarır. Onun rənglərə olan marağı hamıya ötəri hiss təsiri bağışlayır.
İlk bacarığını yorulub-usanmadan Bakının qızılı qumları üstündə sınaqdan çıxaran Səttar böyüdükcə rənglər dünyasının cazibəsinə biganə qala bilmir.
Diplomsuz rəssam
1927-ci ildə o, uğurla imtahan verib Rəssamlıq Texnikumunun tələbəsi olur. Sonralar "Əzimzadə məktəbi" kimi məşhurlaşacaq bu texnikumda 1931-ci ilə kimi təhsil alır.
Təhsil illərindəki ilk uğuru böyük rəssam Əzim Əzimzadənin diqqətindən yayınmır. O, Səttarı baş rəssamı olduğu "Kommunist" qəzetində işləməyə dəvət edir. Həmin qəzetdə işlədiyi iki il ərzində Bəhlulzadə qrafik sənəti sahəsində özünün dəst-xəttini formalaşdırır.
Rəsm sahəsindəki istedadı onu təhsilini Moskvada davam etdirməyə məcbur edir.
1933-cü ildə Səttar V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunun qrafika şöbəsinə daxil olur. Moskvadakı təhsil illərindən hər zaman həvəslə danışan rəssam, dövrün görkəmli qrafikləri olan Favorski, Pavlinov və Brunidən sənətin incəliklərinə yiyələndiyini fəxarətlə nəql edir.
Tələbəlik illərinin birində qrafikanın saya gəlməz texnika və bədii məziyyətlərini mənimsəyən Səttarın həyatında çox əlamətdar bir hadisə baş verir.
Krımda keçirilən yay təcrübəsi zamanı onun rəsmlərindəki özünə məxsusluğu, rənglərə olan doyulmaz sevgini duyan məşhur rəssam M.Şaqal Səttara rəngkarlıq fakültəsinə keçməyi təklif edir. O, bu təklifi məmnuniyyətlə qəbul edir və üçüncü kursdan etibarən Şaqalın rəhbərlik etdiyi emalatxanada təhsilinə davam edir.
Təhsil illərini başa vurarkən o, diplom işi olaraq, Babək hərəkatı mövzusunu seçir. Mövzunun daha əhatəli olması üçün o, material toplamaq üçün Bakıya qayıdır. Gənc rəssam diplom işini tamamlasa da, onu müdafiə edə bilmir. 1941-ci ildə başlanan Böyük Vətən Müharibəsi onu vətəndə qalmağa məcbur edir. Lakin qanlı-qadalı, bəşəriyyətə çox ağır itkilər vermiş müharibə illəri bitsə də, Səttar diplomunun müdafiəsi üçün təkrar Moskvaya qayıtmır. Bunun səbəbini soruşanlara isə "Məgər diplomsuz rəssam olmur?" cavabını verir.
1941-ci ildə isə Səttar Bəhlulzadə SSRİ Rəssamlar İttifaqına üzv qəbul olunur.
Tükənməz enerji
Rəssamlığa başladığı ilk dövrlərdə Buzovnada, Zuğulbada, Əmircanda, Bilgəhdə çoxlu etüdlər çəkir. Lakin bununla yetinməyən rəssam vətənin başqa dilbər guşələrinə də səyahət etməyə başlayır.
Bəzən o, təbiətin qoynunda dinclik nədir bilmədən çalışır, istirahət etməyi, yeməyi də unudur. Sənətinə olan məhəbbəti onu qızmar günəş altında, yağış yağanda belə işləməyə məcbur edir. Bütün günü fasiləsiz işləməyə qadir olan bu çəlimsiz insandakı tükənməz enerji onun ətrafındakı insanları hər zaman təəccübləndirir.
Əllinci illərdən başlayaraq Səttar Bəhlulzadə çəkdiyi əsərlərində insan təsvirlərinə çox az yer verir. Rəsmlərində insan təsviri olmasa da o, hər zaman onların əməyinin tablolarda əks olunmasına sidq-ürəklə inanır.
İllər ötür, bir-birindən gözəl əsərlər Səttar Bəhlulzadə fırçasının sığalından keçir. Özünü bütünlüklə sənətinə həsr etmiş insanın təkliyi, ailə qurmamağı ətrafdakı doğmalarını, dostlarını narahat etməyə başlayır. Lakin yalnızlığını alın yazısı hesab edən rəssam anası Hökümə xanımı körpə övlad məhəbbəti ilə sevir.
Füzuli məhəbbəti
Yalnız qaldığı zamanlarda özünə qapanmağı sevməyən Səttarın dostları hər zaman çox olur. Adi kənd adamından tutmuş, ən məşhur insana qədər hər kəs onu hər zaman sevir, hörmətini saxlayır. Belə dostlardan biri də şair Bəxtiyar Vahabzadə olur.
Günlərin birində yalnızlığın, tənhalığın əlindən yaxasını qurtarmaq istəyi ilə gecə saat üçdə şairin qapısını döyür.
Gecənin bir aləmi olmasına baxmayaraq, hər zaman bu evdə hörmətlə qarşılanan rəssama mürəbbəli çay süfrəsi açılır. Süfrə arxasında əyləşən Səttar qəfildən, əlini süfrəyə qoyulmuş mürəbbəyə batırıb yerdəki xalçanı qaldırır və döşəmədə ceyranı andıran rəsm çəkib deyir: "Füzulinin bütün qəzəlləri bitkin bir portretdir. Mən portretçi olsaydım, Füzulinin nəinki qəzəllərinin, hətta hər bir beytinin portretini çəkərdim".
Füzulinin qəzəllərinə olan vurğunluğunu o, hər zaman belə dilə gətirir. "Mənim bir rəssam kimi yetişməyimdə üç müdrik sənətin: qədim xalça və miniatür sənətimizin, bir də ki, Füzulinin odlu-alovlu poeziyasının böyük təsiri olub".
Bütün bunlarla yanaşı o, Məhəmməd Füzuli və "Leyli və Məcnun" əsəri ilə bağlı çoxsaylı rəsmlər çəkir. Bunlardan ən məşhurları "Məcnun ağlar, şam ağlar", "Şair kədəri", "Şamü-qəriban", "Səhralardır həmdəmim", "Füzulu və Məcnun" əsərləri olur.
Füzuliyə olan sevgisini rəssam bir dəfə daha qəribə və özünəməxsus formada büruzə verir. Dekabrın 15-də ad gününü qeyd edən Səttar başına yığışan yaxın adamları ilə yeyib-içdikdən, gülüb-danışdıqdan sonra o biri otağa keçib xeyli şam gətirir. Hamısını yandırıb masanın üzərinə, pəncərələrin qarşısına qoyur. Evin işıqlarını söndürüb belə bir təklif edir: "Gəlin ağır-ağır "Şəbi-hicranı" oxuyaq". Otaqda olan hər kəs onunla birgə oxumağa başlayır. Qaranlıq otaqda yanan şamların şöləsi, divarlarda əks olunan kölgələr və Səttarın üz-gözünə dağılmış saçları, parlaq baxışları Füzulinin qəzəli ilə ahənglik yaradır. Və həmin an bəlkə də elə Səttar bir neçə dəqiqəlik də olsa, Məcnuna çevrilir.
Amansız xəstəlik və ilk fərdi sərgi...
"Qızbənövşəyə gedən yol", "Şuşa ətrafında", "Mənim anam", "Doğma düzənlərdə", "Tanrıyla söhbət", "Qudyalçay", "Analar yanar, ağlar", "Şahnabad" kimi yüzlərlə ölməz əsərlər yaradan Səttar Bəhlulzadə həyatda bir çox acılara, ağrılara sinə gərib, dərd-sərini çox az adamlarla bölüşdüyündən yaxınları onun xəstəliyindən çox gec xəbər tuturlar. Həm də bu xəstəlik elə bir vaxtda onun yaxasından yapışır ki, qayğıdan, diqqətdən kənarda idi. Belə ki, onun sənəti və şəxsiyyəti ilə ondan da qat-qat aşağı səviyyədə olan rəssamla davrandıqları kimi davranırlar. Belə diqqətsizliyi hiss etdikdə o, Əmircandakı evlərinə çəkilib günlərlə oradan çıxmır.
Rəssamın hər zaman boyalı olan əlləri bu dəfə tərtəmiz və xəstəlikdən saralmış vəziyyətdə idi. Yaxın dostlarından biri onun bu halını görüb çox pis olur və üz-gözündən öpüb tibbi komissiyaya aparmaq üçün dilə tutur. O, isə ağlayıb deyir ki, onlar adam deyillər, məndən soruşurlar ki, niyə evlənmirsən?
Lakin rəssamın vəziyyəti günü-gündən pisləşdiyindən onu 1973-cü ilin avqustunda Sabunçuda yerləşən xəstəxanaların birinin yoluxucu xəstəlikləri üzrə şöbəsinə yerləşdirib, sarılıq xəstəliyi diaqnozunu qoyurlar. Dostları hər gün ona gül, meyvə aparırlar. Otuz doqquz dərəcə qızdırması olmasına baxmayaraq o, həmin güllərin və meyvələrin şəkillərini çəkib divarlara yapışdırır.
Vaxt keçir rəssamın səhhətində heç bir irəliləyiş gözə çarpmır. Elə həmin ərəfədə həm də onun Moskvada ilk fərdi sərgisi açılır. Öz sərgisində ürəkdən iştirak etmək istəyən rəssam dostlarına deyir: “Oğlum yox, qızım yox evləndirib toylarını edəm. Özümün də toyum olmayıb, evlənməmişəm. Altmış dörd yaşım var. Ömrümdə ilk dəfə Moskvada fərdi sərgim açılıb, lakin rəsmi adamlar, həkimlər icazə vermirlər ki, gedib öz toyumu-sərgimi görüm. Bilmirəm, neyləyim?”
Bu sözlərdən sonra həkimlər ona heç bir yoluxucu xəstəliyi olmaması haqqında arayış verirlər. Tezliklə Səttar Bakı-Moskva qatarı ilə Moskvaya yola düşür.
Sərgidə güclə ayaq üstündə dayanan rəssamın halı sərgidən sonra daha da pisləşir. Ertəsi gün onu Petrovski adına xəstəxanaya aparırlar. Üç gündən sonra əməliyyat olunur.
Əməliyyatdan sonra saçları dibindən qırxılmış rəssam yaxınlarını yenə də gülərüzlə qarşılayıb onlardan onu əməliyyat etmiş cərrah Çernousova və tibb bacılarına yaxşı hörmət etmələrini xahiş edir. Çernousov isə bir qəpik pul da götürməyib deyir: "Heç bir hörmət lazım deyil, o müqəddəsdir, allah adamıdır. Həm də onun xəstəliyi artıq şiddətlənib. Qara ciyərində, öd kisəsinin yolunda xərçəng var. Özünə yaxşı baxarsa bir il, baxmazsa altı ay yaşayar. Bir də Moskvaya gətirməyin. Boş zəhmətdir..."
Səttarın xəstəliyinin belə ağır olduğunu bilən dostları, yaxınları dərin kədərə qərq olsalar da, ona büruzə verməməyə çalışırlar.
Əməliyyatdan sonra xəstəliyi haqqında heç bir məlumatı olmayan Səttar qatardan düşərkən onu qarşılayan insanlara deyir: "Xoş gördük, dostlar. Sağ-salamat gəlib çıxdım doğma torpağa".
Son bir il...
Rəssamı müqəddəs, allah adamı adlandıran cərrahın onun xəstəliyi haqqında dediyi sözlər özünü bir il müddətində doğruldur. 1974-cü ilin yağışlı oktyabr ayının 15-də böyük sənətkar gözlərini əbədi olaraq yumur.
Həmin gün onun tabutu "Aktyorlar evi”ndən çıxarılanda küçədəki insan axını onun doğmalarını daha da kövrəldir. Fəxri xiyabanda dəfn olunmasına icazə verilməyən cənazə rəssamın öz vəsiyyətinə uyğun olaraq, Əmircan kəndində anasının yanında torpağa tapşırılır.
Qəlbinin sevgisini, şəxsiyyətinin böyüklüyünü, kimliyinin tənhalığını tablolara köçürən, sevdiyi vətəni qarış-qarış gəzən, özünü, həyatını həqiqətən də sənətinə qurban verən sənətkar öz doğma kəndində, hamıdan çox sevdiyi anasının yanında əbədi rahatlığa qovuşur.
Müəllifdən: Yazıda Azər Abdullanın "Qapıları bir-bir döydüm" kitabından və sənətşünas Ziyadxan Əliyevin"Sənətin Məcnunu" kitablarından istifadə olunmuşdur. Hər iki müəllifə dərin təşəkkürlər.
lent.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar