Komissiyanın sədr müavini Elmin İmanov bildirib ki, artıq adları dəyişdiriləcək küçələrin, yeni məhəllələrin siyahısı hazırlanıb. Onun sözlərinə görə, pasportlaşdırma mərhələsində Bakı rayonlarının icra başçılarının müavinləri də iştirak edirlər.
"Hazırlanan siyahı əsasında dəyişim, yenilənmə həyata keçiriləcək. Yeni adlar verilərkən, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən şəhidlərimizin adlarının qanunvericiliyə uyğun olaraq əbədiləşdirilməsi, Azərbaycana xidmətlərinə görə, ölkənin ictimai-siyasi, mədəni həyatında fərqlənən şəxslərin adlarının küçələrə verilməsi nəzərə alınacaq”, - deyə Elmin İmanov vurğulayıb.
Qeyd edək ki, üç il öncə Modern.az saytı Bakıdakı qəribə küçə adları ilə bağlı siyahı yaymışdı. Binəqədi rayonunda yerləşən “Keçid məhəllə”, “Vtorçermet - Yusifzadə”, “Rezervuar”, “İzlivnoy”, “Stroydetal”, “2-ci dəmiryol küçəsi”, “3-cü dəmiryol küçəsi”, “1-ci - 15 ci sıra küçələri”, “Vorovski”, “Xutor”, Yasamal rayonu ərazisindəki “7-ci Sallaqxana”, Nəsimi rayonunda yerləşən “22-ci dairə”, “Kərpic”, “7-ci Sverdlov”, “Todorski”, “Droqal” küçələri, “İnşaatçılar” prospekti və s. kimi küçələr həmin siyahıda yer almışdı.
2019-cu ildə hazırlanan xəbərə cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən qeyd olunan küçələrin adlarının dəyişdiriləcəyi bildirilmişdi.
Bu ilin aprel ayında isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən paytaxtdakı küçə və prospektlərin inventarlaşdırılması, onlara adların verilməsi və dəyişdirilməsi ilə bağlı Komissiya yaradılıb. Komissiyaya adları çəkilən və digər küçələrin yer aldığı siyahı təqdim olunub./Modern.az