Bundan əvvəl təcrübəli kadrların işə davam etməsi üçün onlara əlavə bir neçə il güzəşt edilirdi. Hazırda bu tendensiya nisbətən aradan qaldırılır, nəticədə gənclərə yeni iş imkanları yaradılır.
Mövcud tapşırıqların təhsil müəssisələri ilə bağlı veriləcəyi gözlənilir. Məlum olduğu kimi, bu ildən orta məktəbdə çalışan müəllimlərin sertifikasiyası üzrə imtahanlar keçiriləcək və 65 yaşa qədər şəxslərin sertifikasiyada iştirakı nəzərdə tutulub. 65 yaşdan yuxarı müəllimlər isə könüllü şəkildə sertifikasiyada iştirak edə bilərlər. Amma bu müzakirələrdə iddia olunan məqamlardan biri də sertifikasiyadan keçə bilməyən müəllimlərin işdə saxlanmayacağıdır. Belə olan halda 65 yaşdan yuxarı şəxslər, öz üzərində işləməyən və imtahandan keçə bilməyən müəllimlər pensiyaya çıxmağa məcbur olacaqlar.
Bütün təhsil müəssisələrində yaşı 65-dən yuxarı olan müəllimlərin pensiyaya göndərilməsi mümkündürmü?

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev düşünür ki, orta məktəb müəllimlərinə belə qərar tətbiq edilsə, bu, müvafiq olaraq ali məktəblərdə çalışanlara da şamil olunmalıdır. Deputatın fikrincə, bəzi universitetlərdə ötən əsrin 70-80-ci illərindən bəri kafedra müdiri olan şəxslər çalışır:
“Təxminən 42-45 ildir bu vəzifələri tutan adamlar var ki, getmək istəmirlər. Onlar əvəzolunmaz şəxs kimi qəbul olunurlar. Bəlkə də, özləri bilərəkdən mütəxəssis, yeni kadr hazırlığına imkan verməyiblər ki, onların yerinə göz dikən də olmasın. Amma orta məktəb müəllimi 65 yaşı varsa, yaxşı müəllim kimi özünü doğruldubsa, onu kənarlaşdırmaq olmaz. Ola bilər, seçimdə subyektivliyə yol verilsin. Keyfiyyət ölçüləri, müəllimin dərsinə qiymət verilməsi vacibdir. Başqa tərəfdən yaxşı müəllimlərin yetişməsində müəyyən arakəsmələr olub. Məsələn, bir dövrdə çoxlu yaxşı müəllim yetişib, amma növbəti dönəmdə bu, davam etməyib. Ona görə də yaxşı müəllimlərin nə qədər çox olmasını diqqətə almaq mütləqdir”.
