Sovet dövründə Moskva şəhər partiya komitəsinin birinci katibi vəzifəsi ən prestijli postlardan biri sayılıb. Vyaçeslav Molotov, Lazar Kaqanoviç, Nikita Xruşov, Aleksandr Şerbakov, Yekaterina Furtseva, Pyotr Demiçev kimi tanınmış kommunistlər məhz bu vəzifədə olarkən Siyasi Büronun üzvləri seçiliblər, Kremldə əsas söz sahibləri olublar. Moskvanın ən uzunömürlü "sahib”i isə Viktor Qrişin olub. O, 18 ildən artıq bir müddətdə öz kürsüsünü qorumağı bacarıb. Amma 18 il eyni kürsüdə əyləşmək Qrişinə çox da asan başa gəlməyib. Birinci katib xüsusilə DTK sədri, sonra isə baş katib olan Yuri Andropovla münasibətlərini tənzimləməkdə çətinlik çəkib.
Hələ DTK sədri olarkən Andropov Moskvanın ticarət şəbəkələrində, iaşə obyektlərində baş verənlərdən, maxinasiyalardan, yeyinti hallarından xəbərdar olub və bir neçə dəfə Mərkəzi Komitədə məsələ ilə bağlı tənqidi fikirlərini də bildirib. Amma Brejnev-Qrişin yaxınlığı bu tənqidləri nəticəsiz qoyub.
1980-ci ildə Andropov olimpiya oyunlarının uğurla başa çatması ilə bağlı Kremldə keçirilən ziyafətdə növbəti dəfə Qrişin haqqında mənfi fikrini bildirib. Baş katib Leonid Brejnevin başda əyləşdiyi ziyafətdə Andropov alimlərin birinci katibdən şikayət etdiyini Brejnevə söyləyib, qeyd edib ki, akademiyaya mənzil fondunun ayrılmasında problemlər var. Andropov həm DTK sədri, həm də baş katib olanda alimlərlə, incəsənət və ədəbiyyat xadimləri ilə həmişə yaxın münasibətdə olub, onların problemlərinin həllində köməkliyini əsirgəməyib. Elə süfrə arxasında Brejnev Qrişinlə məsələni araşdırıb. Qrişin bildirib ki, akademiya üçün Moskvanın bir çox rayonlarında mənzil ayırmaqda heç bir çətinlik yoxdur, amma onlar bu təklifi qəbul etmirlər, yalnız mərkəzdən mənzil istəyirlər. Sonda belə qərara gəlinib ki, birinci katib cari ildə heç olmasa akademiya üçün mərkəzdə 30 mənzil ayırsın. Səhərisi gün məsələ qurumlar arasında yazışma ilə rəsmiləşib.
Qrişin Moskva şəhər İcraiyyə Komitəsinə mənzillərin seçilməsi ilə bağlı göstəriş verib. Üç ay ərzində yerdəyişmələr, köçürmələr sayəsində 30 mənzilin ünvanını Qrişinə təqdim ediblər. Ancaq bu mənzillər öz "sahib”lərinə qismət olmayıb. Yalnız 9 mənzil akademiyanın əməkdaşlarına verilib. Məsələdən xəbər tutan Andropov bu dəfə Qrişinlə yüksək tonda danışıb. Qrişin isə təmkinini pozmadan digər 21 mənzilin kimə verildiyini, siyahını Andropova göndərib. Siyahı DTK sədrini sözün əsl mənasında şoka salıb.
Kimlər olub həmin siyahıda, akademiyanın mənzillərinə kimlər sahib çıxıb? Brejnevin qızı Qalina Brejneva, Mixail Suslovun oğlu Revoli Suslov, Andropovun müavini, Brejnevin ən yaxın adamlarından biri sayılan ordu generalı Georgi Tsinyov, 1967-1976-cı illərdə SSRİ-nin müdafiə naziri olmuş Andrey Qreçkonun qızı Tatyana Qreçko, SSRİ xalq artisti Lyudmila Zıkina və b.
Siayhı Andropova çatdıqdan sonra Qrişin DTK sədrinə zəng vurub:
- Yuri Vladimiroviç, siyahıdan istədiyiniz adamı çıxarıb mənzili akademiklərə verə bilərsiniz.
Andropovla Qrişinin arasında olan soyuq münasibətlər Brejnevin vəfatından sonra özünü daha qabarıq biruzə verib. Artıq baş katib kürsüsündə əyləşən Andropov korrupsiya ilə müşayiət olunanan ən qalmaqallı hadisələrdə, "Qastronom işi”, "Okean işi”ndə Qrişinin adını hallandırıb. Ancaq heç bir dəlil və sübut olmadan birinci katibi hansısa məsələdə rəsmi ittiham etmək mümkün olmayıb.
Andropovun yaxın adamlarından biri olan Mixail Qorbaçov isə Qrişinə qarşı ikinci cəbhəni açıb. Bu mübarizədə Qorbaçovun iki məqsədi olub. Birincisi, Andropovla eyni fikirdə, Qrişinə qarşı eyni münasibətdə olduğunu baş katibə bildirmək, ikincisi isə gələcəkdə baş katib seçilmək şansı olan Qrişini siyasi müstəvidən uzaqlaşdırmaq. Qorbaçov yaranmış fürsəti qaçırmayıb.
1983-cü ildə Andropov Moskvada meyvə və tərəvəz çatışmazlığının səbəblərini araşdırmaq üçün Qorbaçova göstəriş verib. Qorbaçov bu xüsusi "səlahiyyət”dən istifadə edərək şəhərin müvafiq qurumlarında yoxlama və təftişlər apartdırıb. Bu haqda şəhərin birinci katibinə heç bir məlumat verilməyib. Qrişin məsələdən xəbər tutanda Qorbaçova zəng vurub:
- Mixail Sergeyeviç, hərəkətləriniz anlaşılmazdır, yəni Moskva şəhər partiya komitəsi etibarını bu qədər itirib ki, onun başının üstündən işlər görülür? Yoxsa xiyar çatışmazlığı məsələsi o qədər ciddidirmi ki, Siyasi Büroda müzakirə olunur?
Qorbaçovun cavabı sərt olub:
- Siz praktiki bir işi siyasi müstəviyə çıxarmayın. Yaxşı olar ki, məsələnin həlli haqqında düşünün. Diqqətinizə onu da çatdırım ki, baş katib tərəfindən məsələyə nəzarət mənə həvalə edilib.
Beləliklə, Brejnevin vəfatından sonra birinci kürsüyə şanslı olan Qrişinə qarşı Kremldə kampaniya başlanıb. Çernenkonun vəfatından sonra baş katibliyə namizədlərindən biri sayılan Qrişin yaşını və Kremldaxili çəkişmələri nəzərə alaraq könüllü geri çəkilib və Qorbaçovun namizədliyini dəstəkləyib. Qorbaçov isə hakimiyyətə sahib olduqdan sonra Qrişini bütün vəzifələrindən azad edib. (Musavat.com)
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar