Manevr.az bizim.media-ya istinadən xəbər verir ki, Avropa Komissiyası, Avropa Parlamenti və Avropa Şurası tərəfindən “Rəqəmsal xidmətlər qanunu” ilə bağlı aparılan müzakirələr nəticəsində razılıq əldə edildiyi açıqlanıb. Yeni qanunla sosial platformalara qarşı sərt qaydalar nəzərdə tutulur. Belə ki, onlayn platformaların qanunsuz və zərərli məzmuna görə məsuliyyəti artırılacaq. Platformalar sahib olduqları məzmuna ciddi nəzarət edəcəklər. Bu, real həyatda qeyri-qanuni qəbul edilənin internet resurslarında da qanunsuz qəbul olunması prinsipinə əsaslanacaq. İnternet istifadəçilərinin hüquqları daha yaxşı qorunacaq. Platformalar onlara bildirilən qeyri-qanuni məhsulları, xidmətləri və məzmunu tez bir zamanda silməli olacaqlar.
Aİ-də 45 milyondan çox istifadəçisi olan əsas rəqəmsal platformalar və axtarış sistemləri daha sərt qaydalara əməl etməli olacaqlar. Bu rəqəmsal platformaların fəaliyyəti Aİ Komissiyası tərəfindən yoxlanılacaq. Qaydaları pozan rəqəmsal platformalar üçün onların qlobal dövriyyəsinin 6 faizinə qədər cərimələr tətbiq oluna bilər. Təkrar qayda pozuntuları aşkarlanarsa sözügedən rəqəmsal platformaların Aİ-dəki fəaliyyətinə xitam verilə bilər.