“Brüsseldə aparılan danışıqları uğurlu hesab etmək olar. Tərəflər normal əlaqələr qurmaq üçün bəzi məsələlərdə razılığa gəliblər. Bu görüşdə ən çox diqqətçəkən məsələ isə böyük sülh müqaviləsi ilə bağlı heyət yaradılması idi”.
Politoloq qeyd edib ki, yaxın zamanlarda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşacağının şahidi ola bilərik: “Bu görüşdə müzakirə olunan əsas məsələlərdən biri də ərazi bütövlüyünün tanınmasıdır. Çünki bu olmadığı təqdirdə münasibətlərdə heç bir irəliləyiş ola bilməz. Ermənistanın bu şərtləri qəbul etməsi ilə gələcəkdə iki ölkə arasında əlaqələr inkişaf edə bilər”.
Q.Hüseynli vurğulayıb ki, Qərb dövlətləri Azərbaycanın yaratdığı reallıqları qəbul edib: “Bundan əvvəl də tərəflər Brüsseldə görüşüb və son görüşdə də əvvəl olduğu kimi, Qarabağla bağlı heç bir bəyanat verilməyib. Xüsusilə ATƏT-in Minsk qrupu haqqında danışıqların getməməsi onu göstərir ki, artıq bütün dünya ölkələri adıçəkilən qurumun fəaliyyətinə ehtiyac duymur. Görünən odur ki, Brüsseldə çox böyük uğurlar əldə olunub. Ermənistan tərəfi nə qədər çalışsa da, Qarabağ məsələsi danışıqlar mövzusu olmadı. Onlar başa düşməlidir ki, bu cür mənasız xəyallar qurmaqla yalnız özlərinə ziyan verirlər və bu mövzu haqqında olan bəyanatlar sülh müqaviləsinə maneə törədir. Ancaq görünən odur ki, Brüsseldə yalnız əlaqələrin normallaşması üçün atılacaq addımlar danışılıb. Çünki münasibətlər normallaşdıqdan sonra istər kommunikasiya, istərsə də digər məsələlər daha asan həll olunacaq”.