Xəbər lenti
“Məmurların əsas məqsədi vətəndaşın daha da acınacaqlı vəziyyətə düşməsidir” - Fazil Mustafa
Koronavirus pandemiyası beynəlxalq uçuşlara çox ciddi mənfi təsir göstərdi. Hazırda bır sıra ölkələr beynəlxalq uçuşları bərpa etsə də, Azərbaycanda aviabiletlərin qiyməti səyahəti əlçatmaz edir. Belə ki, aviabilet qiymətləri həmişəki çox bahadır.
Qardaş Türkiyəyə uçuş biletlərinin qiyməti əvvəlki illərlə müqayisədə daha da artıb. Qonşu ölkələrin aviaşirkətləri isə Türkiyəyə uçuşu qat-qat ucuz qiymətə təşkil edir. “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin saytında yer alan məlumata görə, Bakı-İstanbul reysinə biletin qiyməti 290-330 manat civarındadır. Biznes-klass bileti isə 745 manata başa gəlir. Bakıdan Ankaraya uçuş isə 288 manatdır.
Bu vəziyyəti Gürcüstanla müqayisə etdikdə görürük ki, Tbilisidən Tükiyənin İstanbul şəhərinə 60-98 manat, Ankaraya isə 97-131 manat civarında dəyişir. Türkiyə aviaşirkətləri isə bu səfəri 136 manata təşkil edir. Bildirək ki, pandemiyadan əvvəl vətəndaşlar Türkiyəyə uçmaq üçün əvvəlcə quru yolla Gürcüsta gedib, oradan daha sərfəli qiymətə qardaş ölkəyə uçuş həyata keçirirdilər.
Onu da qeyd edək ki, Ermənistanın “Flyone Armenia” aviaşirkəti Türkiyənin İstanbul şəhərinə qiyməti 39 avrodan (təxmini 75 manat) başlayan qiymətlə birbaşa uçuşlar həyata keçirəcək.
Araşdırmalardan göründüyü kimi, AZAL digər ölkələrlə müqayisədə qardaş ölkəyə uçuş biletlərini baha qiymətə satır.
Məsələ ilə bağlı redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, bu mövzu dəfələrlə müzakirə olunsa da, aviabiletlərin qiymətinin ucuzlaşmasında heç bir dəyişiklik yoxdur:
“Pul qardaşlıqdan irəlidir. Ona görə də onlara pul qazanmaq lazımdır. Bunu üçün də nə qardaş, nə vətəndaş, nə azərbaycanlı, nə insan, heç biri nəzərə alınmır. Bəs bu yüksək məbləğli pul, istirahətin, kefin, əyləncənin pulunu kimdən çıxarmalıdırlar? Təbii ki, zavallı Azərbaycan vətəndaşından. Buna görə də, bunun qiymətinin dəyişilməsi fikri, niyyəti də yoxdur. Ona görə də, zavallı Azərbaycan vətəndaşı gərək getsin Kutaisidən, Tbilisidən uçsun. Yəni nə ehtiyac var Bakıdan uçmağa? Bakıdan niyə uçsunlar? Bakıda bu, düzəlmirsə, xüsusi marşrut, sürət qatarı üçün bir dənə xətt çəkmək lazımdır. Bu sürət qatarını güclü işlətmək lazımdır ki, hamı gedib Tbilisidən uçsun, çünki başqa yolu yoxdur. Bu məsələ dəfələrlə qaldırılıb, amma heç bir qiymətə təsiri yoxdur. Azərbaycanda problem əslində odur ki, bir sıra imtiyazlı şəxslərin imtiyazını ləğv etmək lazımdır. Bundan sonra əhalinin heç bir problemi qalmır. Amma imtiyazlı bir cəmiyyətdə 5 faiz insan var və bu 5 faizinin xatirinə 95 faiz əziyyət çəkir. Bu pul kimin büdcəsindən gedir? Təbii ki, Azərbaycan vətəndaşının büdcəsindən gedir. Yoxsullaşan vətəndaş Türkiyəyə bir xəstəsini aparmalıdır və yaxud başqa problemlərə görə getməlidir, amma AZAL-ın qiymətləri bahadır. Belə bir xaos, belə bir başı pozuqluq dəfələrlə dilə gətirilir və heç bir dəyişiklik olmur. Bu pulu qazanmağın başqa yolları var, yüz dənə ağıl işlədib indiki rəqabət mühitində dünyada belə bir istiqamətdə nələrsə qazanc götürmək imkanları kifayət qədər genişdir. Amma onlara görə ən yaxşı rahat qazanc yolu vətəndaşın dərisindən pulu çıxarmaqdır. Əksər qurumlar da tənbəllik edirlər ki, özləri üçün başqa axtarışda olsunlar, başqa innovasiyalar tapsınlar".
Millət vəkili vurğulayıb ki, bütün sahələrdə ya sahibkarın dərisindən nəyisə çıxarırlar, ya da vətəndaşın ayrı-ayrılıqda bu cür soyulması üçün cərimələr tətbiq ediblər.
"Maşınlardan, avtomobillərin park edilməsindən və başqa yığılan cərimələrin hamısı vətəndaşları soymaq vasitələrindən biridir. Bu kimi məsələlərdə bir dəyişiklik gözlənilmir, çünki ümumi anlayış budur ki, Azərbaycan vətəndaşının sıxıntılarını müəyyən dərəcədə azalmağa imkan verilməsin. Məmurlar acgöz, dünyanın sərvətinə bağlı insanlardır, dəyişmək istəmirlər. Ona görə də qiymət məsələsi birbaşa bununla bağlıdır. Bu, süni bir qiymətdir. Necə ola bilər ki, bu, Gürcüstanla müqayisədə 10 dəfə artıq olsun. Bu görünməmiş bir şeydir. Niyə bu qədər məbləğ qoyulur? Rusiyaya gedən adam Sankt-Peterburqa, Moskvaya uçmaq üçün bu qədər vəsaiti yaxın məsafəyə niyə ödəməlidir? Hansı ölkədən gediş bu qədər bahalıdır? Bu məsələdə dəyişiklik heç yaxın zamanlarda da gözlənilmir. Məmurların əsas məqsədi vətəndaşın daha da acınacaqlı vəziyyətə düşməsidir. Prezident nə qədər maaşı qaldırır, əməkhaqqları artırır və çağırır ki, yaşayış imkanlarını minimum standartlara yaxınlaşdırsınla, görürlər ki, başqa cür maneə ola bilmirlər və fikirləşirlər ki, vətəndaşdan haradan pul soymaq olar. Biri cəriməni artırır, biri bilet qiymətini, biri qeydiyyat qiymətini, biri yoxlamanın qiymətini artırır. Ona görə də, hamını dövlətdən narazı salırlar və bunun da zərbəsi altında dövləti düşünən insanlar qalır. Bu, bizim cavab verməyə çətinlik çəkdiyimiz suallardan biridir. İmtiyazı ləğv etsinlər ki, insanlar rahat yaşasın. Bu məsələ vətəndaşların həm də Türkiyə gediş-gəlişini əngəlləyir. Daha çox vətəndaşımız qardaş Türkiyəyə gedib əlaqələr qura bilər, çünki bu onların haqqıdır. Lakin çox adam da bahalığa görə gedə bilmir”, - deyə Fazil Mustafa bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar