Xruşovun Azərbaycana səfəri ilə Bakı metropoliteninin tikintisinin yeni mərhələsi başlanıb. Məlum olduğu kimi, Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisi qərara alınıb. Qərarın icrası uzun illər yalnız sənəd üzərində qalıb. Təbii ki, Böyük Vətən Müharibəsi illərində də bu haqda düşünülməyib. Nəhayət, 1951-ci ildə çox kiçik templə metronun tikintisinə başlanılıb. Ancaq qısa bir müddətdən sonra, 1953-cü ildə vəsaitin çatışmazlığı ucbatından tikinti işləri dayandırılıb. Məhz Xruşovun Bakı səfəri zamanı bu məsələ öz həllini tapıb, tikinti işləri davam etdirilməyə başlayıb.
Xruşovun Azərbaycana səfəri zamanı dənizdə neftçıxarma sahəsində olan bir çox problemlər də həllini tapıb. Sovet rəhbəri Neft Daşlarında olarkən bu şəhəri möcüzə adlandırıb. Məhz onun göstərişi ilə Neft Daşlarında yeni binalar inşa edilməyə başlanıb, burada işləyənlərin ərzaq və məişət əşyaları ilə yüksək təminatı öz müsbət həllini tapıb, yeni texnikalar və texniki avadanlıqlarla təchizat məsələləri kimi problemlər yoluna qoyulub.

Həmin dövrdə Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsini ermənilər növbəti dəfə gündəmə çıxarıblar. Dağlıq Qarabağda yaşayan ermənilərin çoxsaylı təklif məktublarının Kremlə göndərilməsi xüsusi şəkildə təşkil olunub. Ermənilər ümid ediblər ki, Xruşov hakimiyyəti dövründə öz məkrli planlarını həyata keçirə biləcəklər. Hətta onlar elə düşünüblər ki, sovet Ermənistanının 40 illiyi münasibətilə Xruşov İrəvana təşrif buyuranda Dağlıq Qarabağı onlara hədiyyə edəcək. Bu düşüncədə olan erməni millətçiləri ilk növbədə Mikoyanın Kremldəki mövqelərinə arxayın olublar. Xüsusilə də Mikoyanla Xruşovun arasında olan xoş münasibətlər onlara bu qənaətdə olmağa əsas verib. Mikoyan Dağlıq Qarabağla bağlı bir neçə dəfə öz təklifini Xruşova versə də, bu təkliflər öz müsbət həllini tapmayıb.
Nəhayət, 1964-cü ilin yanvar ayında Nikita Xruşov Mikoyanın layiqli cavabını verib: "Bu gün mən hazıram ki, Dağlıq Qarabağda yaşayan erməniləri bir sutka ərzində Ermənistana köçürmək üçün ora on iki min hərbi yük maşını göndərim”.

Bununla da Xruşov Dağlıq Qarabağın Ermənistanın tabeliyinə verilməsi məsələsinə birdəfəlik münasibətini bildirib.
Qeyd etdiyimiz kimi Xruşovun Bakı səfəri zamanı onu respublika rəhbərliyi müşaiyyət edib. Müşaiyyət edənlər arasında ən maraqlı fiqur isə Azərbaycan KP MK-nın ikinci katibi Vladimir Semiçastnı olub. O, 1959-1961-ci illərdə bu vəzifədə çalışıb. Bu həmin siyasətçidir ki, Nikita Xruşov onu 1961-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə gətirib. Və bu həmin DTK sədridir ki, 1964-cü ildə Xruşovun hakimiyyətdən devrilməsində əsas icraçılardan biri olub. Çox yəqin ki, Xruşov bunları əvvəlcədən bilsəydi Vladimir Semiçastnı ilə bağlı lazımi qərarları elə Bakıda verərdi.
Ümumilikdə isə Xruşov Azərbaycana səfərindən razı qalıb, Bakıda respublikanın inkişafı üçün vəd etdiklərini Moskvada yerinə yetirib./sfera.az