Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bölgədə sülhün təminatçısı və regionun yeni geosiyasi reallığını rəsmiləşdirən Şuşa Bəyannaməsi

Tarix: 08-07-2021 13:10     Baxış: 3476 A- / A+
Bölgədə sülhün təminatçısı və regionun yeni geosiyasi reallığını rəsmiləşdirən Şuşa Bəyannaməsi

Azərbaycan və Türkiyə ikitərəfli münasibətlərinin keyfiyyətcə yeni inkişaf mərhələsini rəsmiləşdirən strateji təşəbbüs həyata keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə, eləcə də Türkiyə Respublikasının Şuşada baş konsulluq açmaq qərarı Azərbaycanın Qarabağ bölgəsi üçün yeni imkanlar açır.

Bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli Manevr.az-a ötən ay ölkəmizlə bağlı siyasi arenada baş verənləri şərh edərkən deyib.

Deputat bildirib ki, bu imkanlar həm Şuşaya qayıdacaq şuşalılar, həm ətraf rayonların sakinləri, həm də Qarabağda yaşayan ermənilər üçün firavan gələcək vəd edir. Heç şübhəsiz, Şuşa Bəyannaməsinin imzalanması böyük tarixi hadisədir. Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə (siyasi, iqtisadi, ideoloji, humanitar) davamlı inkişafını təmin edir. Eyni zamanda, Bəyannamə müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Şuşa bəyannaməsi, eyni zamanda, inteqrasiya prosesləri üçün hüquqi və mənəvi zəmin yaradır. Belə ki, Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün unikal imkan yaranıb.

"Əlverişli imkanı yaradan səbəblər barədə ayrıca söz açmağa dəyər. Çünki Ermənistanda vəziyyət sabit deyil. Ölkə əhalisi bütün problemlərini birbaşa və ya dolayı yolla Qarabağ erməniləri ilə bağlayır. Qarabağ ermənilərinin erməni cəmiyyəti içərisində marginallaşması artır. Bununla yanaşı, Ermənistanda yaşayan və erməni diasporunda təmsil olunan bəzi nüfuzlu şəxslər (sabiq Prezident Levon Ter-Petrosyan, onun sabiq xarici siyasət müşaviri Jirayr Liparidyan) Dağlıq Qarabağın beynəlxalq hüquq baxımından Azərbaycana məxsus olduğunu bildirirlər. Blogger İşxan Verdyan, hüquq müdafiəçiləri Vartan Arutyunyan, Georgiy Vanyan, Edqar Xaçatryan müharibə ritorikasının perspektivsizliyini və qonşularla dinc yanaşı yaşamağın əhəmiyyətini xalqa izah edirlər. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan da Azərbaycanla sülh müqaviləsinin imzalanmasına tərəfdardır. Bu ruhda olan çıxışlar sadə erməni xalqına daha yaxındır",- deyə millət vəkili qeyd edib.

Siyasətçinin sözlərinə görə, Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətlərin tənzimlənməsinə ABŞ-ın münasibəti də böyük maraq doğururdu. 2021-ci il iyunun 8-də ABŞ Senatının xarici əlaqələr komitəsində Prezident Baydenin 2022-ci maliyyə ili ilə bağlı dinləmələri zamanı bir neçə senator, xüsusilə də Nyu Cersi ştatını təmsil edən demokrat Bob Menendes Dövlət Departamentini Azadlığa Dəstək Aktına 907-ci düzəlişi dayandırmaqla Azərbaycana “yaşıl işıq” yandırmaqda günahlandırdı, erməni əsirlərin qanunsuz saxlanıldığını bildirdi. Senatorlar Brəd Şerman (demokrat-Kaliforniya) və Barbara Li (demokrat-Kaliforniya) də 907-ci düzəlişin qüvvədə saxlanılmasını tələb etdilər. Dövlət katibi Əntoni Blinken suala hazır idi və “bu və digər detallar üzərində iş getdiyini” deməklə kifayətləndi. Dinləmələrdən əvvəl Amerikanın Erməni Milli Komitəsinin (ANCA – Armenian National Committee of America) icraçı direktoru Aram Hamparyan vəd edirdi ki, 907-ci düzəliş yenidən qüvvəyə minəcək və “amerikalıların ödədiyi vergidən 1 dolların belə silah alınıb Azərbaycana göndərilməsinə yol verilməyəcək.” Senatdakı dinləmələrlə bağlı erməni cəmiyyətinin gözləntiləri özünü doğrultmadı.

"İyunun 14-də NATO Sammiti çərçivəsində ABŞ Prezidenti Türkiyə Prezidenti ilə görüşdü. Görüşdən sonra Bayden “əminəm ki, Türkiyə və Birləşmiş Ştatlar münasibətlərdə əsl tərəqqiyə nail olacaqlar” bəyanatını verdi. Ərdoğan görüşü “məhsuldar və səmimi” kimi xarakterizə etdi. O, əlavə etdi ki, “münasibətlərdə həll oluna bilməyəcək mövzular yoxdur və əməkdaşlıq sahələri problemlərdən daha böyük və zəngindir”. Bu görüşdən əvvəl də erməni toplumu ümid edirdi ki, Bayden Ərdoğana, daha sonra isə Ərdoğan İlham Əliyevə ciddi reaksiya göstərəcək. Lakin bu baş vermədi. Baydenlə görüşdən dərhal sonra Ərdoğanın Şuşaya gəlməsi Ermənistanın ümidlərini tamamilə məhv etdi",- deyə M.Məmmədli vurğalayıb.

Deputat qeyd edib ki, Şuşa bəyannaməsindən sonra regionda yeni geosiyasi mənzərə yaranıb. Artıq NATO Türkiyənin timsalında regiona daxil olur. Bu o deməkdir ki, Rusiyanın Cənubi Qafqazdakı təsir imkanları Qərb dövlətləri tərəfindən tədricən azaldılır. Rusiyanın istər Əfqanıstanda, istər Liviyada, istərsə də Suriyada hərbi kontingent saxlaması daxili iqtisadi vəziyyətin çətinləşməsi ilə müşayiət olunub. Azərbaycan ərazisində rus hərbçilərinin saxlanılması da zəif rus iqtisadiyyatı üçün kifayət qədər xərc tələb edən avantüradır. Erməni toplumu anlayır ki, rus sülhməramlılarının bölgədən getməsi onları azərbaycanlılarla üz-üzə qoyacaq. Belə olan vəziyyətdə azərbaycanlılarla ya savaşmaq, ya da dostluq etmək lazım gələcək. Odur ki, istənilən halda, Ermənistan növbəti müharibəyə nə hərbi, nə siyasi, nə iqtisadi nə də psixoloji cəhətdən hazır deyil.

Millət vəkili hesab edir ki, Bəyannamə ilə bağlı yeni münasibətlərin formalaşmasına səbəb olacaq iqtisadi amillər də hazırda araşdırılan əsas məsələlərdən biridir. Əraziyə yeni böyük həcmdə sərmayə qoyuluşu gözlənilir. Bu isə o deməkdir ki, bir neçə ildən sonra Şuşa ilə Xankəndinin inkişaf səviyyəsində ciddi fərqlər aydın görünəcək. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları yaranacaq. Əhalinin durumundakı fərqlər, ticarət imkanları, iş yerləri Azərbaycanı ermənilər üçün daha cazibədar edəcək.

"Şuşa Bəyannaməsi 13 oktyabr 1921-ci il tarixində imzalanmış Qars müqaviləsinə iki dost və qardaş ölkənin sadiqliyinin təcəssümüdür. Şuşa Bəyannaməsi 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”nin və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”un, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin davamıdır. Hər iki ölkə və xalqların maraqlarına xidmət edən Bəyannamə dostluq və qardaşlıq münasibətlərindən çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldıracaq, xalqlarımızın mənafelərinə xidmət edəcək.
Ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsini ehtiva edən sənəd ölkələrin gələcək inkişafına və xalqların rifahına təminat verir və verəcək.
Bəyannamənin strateji əhəmiyyəti də ciddi maraq doğuran məqamlardandır. Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə qarşılıqlı yardım əməkdaşlığın prinsipial istiqamətidir və ideoloji amillər strateji əməkdaşlığın perspektivini təmin edir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələri xalqlarımızın birliyini milli-mənəvi dəyərlər müstəvisində təmin edir. İki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlər siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinə şərait yaratmaqdadır",- deyə siyasətçi bildirib.

Deputat şərhinin sonunda vurğulayıb ki, Şuşa bəyannaməsi mütləq, Qafqazın inkişafını da təmin edən əməkdaşlıq olacaq. Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi əməkdaşlığın strateji istiqamətlərindən biri kimi tarixdə həmişəlik qalacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar