Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Müşfiq Məmmədli: "Naxçıvan son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir..."

Tarix: 12-05-2021 13:18     Baxış: 3343 A- / A+
Müşfiq Məmmədli: "Naxçıvan son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir..."

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev 2021-ci il 10 may tarixində Naxçıvan Muxtar Respublikasına səfər edib. Ölkə başçısı səfər zamanı Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Bölgədə bir sıra mühüm obyektlərin açılışında iştirak edən İ.Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.

Milli Məclisin deputatı Müşfiq Məmmədli Manevr.az saytına Prezidentin Naxçıvana səfəri barədə fikirlərini açıqlayıb.

Naxçıvan Muxtar Respublikasının bütün istiqamətlər üzrə dayanıqlı inkişafa müvəffəq olduğunu bildirən deputat qeyd edib ki, Prezident İlham Əliyev hakimiyyətdə olduğu illər ərzində Naxçıvan Muxtar Respublikasına 15 dəfə səfər edib. Bu səfərlər sadəcə bir dövlət başçısının yerlərdə vəziyyətlə tanışlıq məqsədi güdən protokol səfəri xarakterində olmayıb, hər biri taleyüklü problemlərin həllinə xidmət edib, regionda maraqlı qüvvələrə xüsusi mesajlar verilib: “Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb. 2000-ci illərin ikinci yarısından etibarən Naxçıvan Muxtar Respublikasının büdcəsi Ermənistanın büdcəsi ilə müqayisə olunmağa başlanıb. Kənd təsərrüfatı ilə bağlı görülmüş işlər nəticəsini verməkdədir.Süni Mayalanma Mərkəzinin açılışı nəticəsində yaxın 4-5 ildən sonra Naxçıvanda südçülük sahəsində artıq bütün işlər tamamlanmış olacaq və Naxçıvan özünü necə ki, digər əsas ərzaq məhsulları ilə təmin edir, südlə də təmin edəcəkdir”,- deyə M. Məmmədli vurğulayıb.

Muxtar Respublikanın infrastruktur layihələrinin şaxələndiyini və bölgənin sürətlə inkişaf etdiyini diqqətə çatdıran millət vəkili bölgədə həyata keçirilən işlərdən də danışıb: “Ordubad şəhərində içməli su və kanalizasiya layihəsi istifadəyə verilib. Qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir. Bütün şəhərlər artıq magistral yollarla bir-birinə bağlanıbdır”.

Ölkəmizdə vətəndaş məmnunluğu göstəricilərinin, eləcə də ictimai xidmətlərin səviyyəsinin artırılmasında mühüm rol oynayan “ASAN” və “DOST” mərkəzlərinin əhəmiyyətini vurğulayan deputat xatırladıb ki, Naxçıvanda “ASAN xidmət” Mərkəzinin tikintisi davam edir. Bu da ictimai xidmətlər sahəsində çox önəmli bir təsisatdır və ölkəmizdə hazırda 7 mərkəz tikilir, o cümlədən Naxçıvanda. Onlar istifadəyə veriləndən sonra “ASAN xidmət” mərkəzlərinin sayı 27-yə çatacaq. Ölkəmizdə hazırda DOST mərkəzləri yaradılır. Bu da sosial təminat və pensiya təminatı sahələrində növbəti uğurlu addımdır.

M. Məmmədli bildirib ki, Naxçıvan böyük turizm potensialına malikdir. Yeni uçuş-enmə zolağının açılışı turistlərin Naxçıvana gəlməsini stimullaşdırmalıdır. Pandemiyadan sonra Naxçıvana gəlmək istəyən xarici qonaqların sayı daha da artacaq. Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir.
Naxçıvanda hərbi xidmətdə olanların sosial vəziyyətinin yaxşılaşdırılması məsələsinə toxunan deputat regionda hərbi aerodromun və hərbi hospitalın açılışının Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin olunması işinin təşkilində əlamətdar hadisə olduğunu vurğulayıb:
“Naxçıvanın təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında bu obyektlərin böyük önəmi var. Çünki hərbçilərin indi xidmət şəraiti yaxşılaşır, yeni hərbi hissələr tikilir. Son illər ərzində Naxçıvanda bütün hərbi hissələr yenidən quruldu və olmayan bir çox hissələr yaradılmışdır. Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı da əlamətdar hadisədir. Çünki bu, Naxçıvan Muxtar Respublikasının ən böyük tibb müəssisəsidir, çarpayıların sayına görə Mərkəzi Xəstəxanadan da böyükdür. Eyni zamanda, hərbi aerodromun açılması Naxçıvan Muxtar Respublikasının təhlükə sizliyinin təmin edilməsində xüsusi yer tutur. Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmışdır. Ermənistanın “ikinci cəbhə” açmaq həvəsini içindəcə boğmağa məcbur etmiş bu Ordu tam NATO (türk ordusu) standarlarına keçmiş xüsusi statuslu hərbi vahiddir. Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də yerindədir. Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır. İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Günnüt əməliyyatı Naxçıvan Ordusunun əsl potensialını göstərdi”

Millət vəkilinin sözlərinə görə, ordu ən müasir silah və texnika ilə təchiz edilib. Naxçıvan ordusunda olan hərbi texnika bəlkə də bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Bütövlükdə Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur.
Daha sonra siyasətçi Azərbaycan ərazisində Dağlıq Qarabağ münaqişəsinin həll olunduğunu qeyd edib və Azərbaycanın bu münaqişəni döyüş meydanında, eləcə də masa arxasında təkbaşına həll etdiyini nəzərə çatdırıb: “Döyüş meydanında qazanılmış Qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. Noyabrın 10-da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktıdır. Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Münaqişə öz həllini tapıb”

M. Məmmədli vurğulayıb ki, revanşist fikirlər Ermənistanı daha acınacaqlı vəziyyətə sala bilər. Əgər onlar hansısa praktiki əməllərə keçsələr, dərhal məhv olunacaqlar. Heç kim onları müdafiə edə bilməz. Ermənistanda nə güc var, nə iradə var, nə hər hansı bir mənəvi haqq var ki, revanşist fikirlərlə yaşasın. Bu, onlar üçün özünəqəsddir. Əgər zərrə qədər təhlükə olarsa, dərhal yerlərindəcə məhv ediləcəklər. Onlar da bunu bilirlər. Azərbaycanın gücü də var, iradəsi də var, cəsarəti də var. Yumruq da yerindədir. Heç kim bizim qabağımızda dura bilməz.

Zəngəzur dəhlizinin açılmasının strateji əhəmiyyət daşıdığını qeyd edən deputat bildirib ki, Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir və bu dəhliz mütləq açılacaqdır. Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Horadiz-Ağbənd dəmir yolunun təməl daşı artıq qoyulub. Ordubaddan Ermənistan sərhədinə qədər çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcəkdir. Naxçıvan dəmir yolu fəaliyyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir. Yəni, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq.
“Azərbaycan münaqişənin müqqədaratını müstəqil şəkildə həll etmək iqtidarındadır. Ölkəmizin milli maraqları toxunulmazdır. Kanadanın Xarici İşlər Nazirliyi Azərbaycanın daxili işləri ilə bağlı ədalətsiz bəyanat verir. Bu cür hallar yolverilməzdir. Biz Fransa Xarici İşlər Nazirliyinin bəyanatını da rədd edirik. Bu, qəbuledilməzdir. Azərbaycan dəfələrlə Fransa tərəfinə öz iradlarını bildirib. Azərbaycan 2020-ci il noyabrın 10-na qədərki dövlət deyil, Kanada kimi ölkələr indi bizə hansısa tövsiyələr verə bilməz” sözləri ilə çıxışına davam edən millət vəkili deyib ki, bu gün bütün istiqamətlər üzrə əldə olunan uğurların təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur:
”Ulu Öndər Heydər Əliyevin irsi tədqiq olunmalıdır. Ulu Öndər Heydər Əliyev nəinki Azərbaycan hüdudları çərçivəsində, dünya miqyasında böyük hörmət qazanmış və müstəsna xidmətləri olmuş şəxsiyyətdir. O, həyatda nə əldə edibsə öz biliyi, bacarığı, zəkası və fədakarlığı nəticəsində əldə edib və bütün dövrlərdə xalqımıza ləyaqətlə xidmət edib. Məhz onun rəhbərliyi ilə Azərbaycan 1970-ci illərdə ayağa qalxdı, ən geridə qalmış müttəfiq sovet respublikasından ən qabaqcıl respublikaya ucaldı. Onun rəhbərliyi ilə Naxçıvanda naxçıvanlılar erməni işğalının qabağını ala bildilər. Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsi ilə əlaqəni itirmişdi. Ermənilər Naxçıvanı blokadaya almışdılar. Üç tərəfdən Naxçıvan Ermənistanla əhatə olunur. Belə bir vəziyyətdə Naxçıvanı qorumaq, müdafiə etmək və düşməni yerinə oturtmaq Ulu Öndərin müstəsna xidmətlərindən biridir. 1993-cü ildə ölkəmiz demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Ulu Öndərin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Məhz bugünkü Zəfərin təməli, bax, o vaxt qoyulmuşdur”.

Sevinc Qərib
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar