Xəbər lenti
Müxalifət mitinq qərarında tələsmir
“Referenduma qədər mitinq olacaqmı” sualına demokratik düşərgə nə dedi?
Ölkədə keçiriləcək referendum, bahalaşma nəticəsində əhalinin sosial vəziyyətinin aşağı düşməsinin müşahidə olunması, Qarabağla bağlı hansısa prosesin getməsi ilə bağlı müxalifətin yaxın bir ayda mitinq keçirib-keçirməyəcəyi maraq doğurur. Musavat.com “Müxalifətin gündəmində belə bir təşəbbüslə çıxış etmək planı varmı” sualı ilə bir neçə müxalif partiya təmsilçisilə əlaqə saxlayıb.
ADP sədrinin müavini Taliyət Əliyev bildirdi ki, qarşıdan gələn referendum, ölkədəki ağır sosial iqtisadi durum, Qarabağ problemi ilə bağlı aparılan müəmmalı danışıqlar və s. cəmiyyətimizi narahat edən məsələlərdir. Bu məsələlərin hər biri və ya bütövlükdə hamısı ilə bağlı etiraz aksiyalarının keçirilməsinə ehtiyac var: “Yaxşı olardı ki, bu problemlərlə bağlı cəmiyyətin mövqeyini əks etdirən mitinqlər keçirilsin. Amma təəssüf ki, cəmiyyətdə bir süstlük və apolitik vəziyyət hökm sürür və bu tipli aksiyaların keçirilməsi üçün ciddi sosial sifariş yoxdur. Əgər sadalanan problemlərlə bağlı hər hansı bir mitinq təyin olunsa, həmin mitinqə müxalifət partiyalarının üzvlərindən savayı qatılanlar az olacaq. Buna görə də ADP-nin indiki mərhələdə mitinq təşəbbüsü ilə çıxış etmək fikri yoxdur”.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirdi ki, mitinq qərarı verməzdən öncə çalışıb bu məsələnin ümumi müzakirəsinə nail olunsa, bunun özü bir ciddi addım olardı. Ən azı referendumu qəbul eləməyən siyasi qüvvələrin bir platformada təşkilatlanması istiqamətində addımlar atılması, müzakirələrin aparılması vacibdir: “Bu istiqamətdə müəyyən təşəbbüslər olsa da, təəssüf ki, bu təşəbbüslər ya səmimi qarşılanmır, ya da təşəbbüslərə müsbət reaksiya verilmədi. Bu məsələdə hazırda iki mövqe var. Yəni müəyyən qüvvələr qanunvericiliyin verdiyi imkanlardan istifadə eləyib referendum təşviqat qrupu şəklində iş aparmaq istəyir, bəziləri bunu yanlış hesab edir. Məsələyə münasibət təkcə sosial şəbəkələrdə fikirlər bildirməklə məhdudlaşmalı deyil. Amma bu da faktdır ki, cəmiyyətdə ciddi narazılıqların dilə gətirilməsi və ifadə olunması üçün referendum məsələsi təkan rolunu oynaya bilər. Ölkədə bahalaşma, əhalinin həyat səviyyəsinin aşağı düşməsi göz önündədir. Bu vəziyyətin qarşısının alınması da gözlənilmir. Belə bir şəraitdə müxalifətin toparlanması və hərəkətə keçməsi üçün hələ resurslar var. Mən ”Azərbaycanda siyasi müxalifət artıq yoxdur" fikri ilə razı deyiləm.
Sadəcə olaraq, təşkilatlanmış müqavimətin olmaması, bunun mitinqlər şəklində reallaşdırılmaması o demək deyil ki, siyasi müxalifət yoxdur. 26 sentyabra bir aydan artıq vaxt var. Hadisələr inkişaf edir və hər an yeni ciddi proseslər baş verə bilər. O baxımdan mən hesab eləmirəm ki, mitinq məsələsi hansısa gündə real şəkildə gündəmə gəlməyəcək. Kütləvi aksiyalar və müxalifətin bir araya gəlməsi məsələsində hələ hər şey qurtarmayıb".
Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı isə bildirdi ki, bir neçə günə “Respublika” təşəbbüs qrupunun təşviqat qrupu kimi qeydə alınması üçün imzatoplama kampaniyasını yekunlaşdıracaqlar. Bundan sonra imzalar və digər sənədlər qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək.
Mitinq və digər təbliğat xarakterli aksiyalara gəlincə, bu məsələlər barədə təşviqat qrupu rəsmi qeydə alındıqdan sonra baxılacaq: “Qanunvericiliyə uyğun olaraq partiyanın təbliğat-təşviqat dövründə müəyyən addımlar atmaq niyyəti var. Bununla bağlı partiyanın strukturlarında müzakirələr gedir. Müzakirələrin sonunda müəyyən qərarların veriləcəyi gözlənilir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar