Xəbər lenti
YAP-çı deputat Milli Şuranın mitinqini məsxərəyə qoydu: “Heç 40 min imza toplaya bilmirlər”
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Milli Şuranın sentyabrın 11-ə təyin etdiyi mitinqə münasibət bildirib.
E.İbrahimov ölkə.az saytına açıqlamasında deyib ki, Milli Şuranın növbəti mitinqinə də insanlar getməyəcək:
“Milli Şura nə qədər aksiya keçirsə də, onların elektoratının olmadığını hamı yaxşı bilir. İndi yenə də öz qohumlarını və tanışlarını başlarına yığıb, gedib mitinq keçirmək istəyirlər. Heç kəs buna etiraz etmir, gedib keçirsinlər. İndi kimsə 5-10 nəfər mitinq keçirib, nə isə danışacaqsa, bunun heç bir əhəmiyyəti olmayacaq. Bu yaxınlarda müxalifət lazımı imzanı yenə toplaya bilmədi. Buna hər kəs bir daha şahid oldu. Onların topladıqları imzanın 13 mini səhv idi. Bu gün müxalifət 40 min imza toplaya bilmir. İndi onların dalınca kim gedəcək?”.
YAP-çı deputat Milli Şuranın Azərbaycan xalqı tərəfindən qəti dəstəklənmədiyini söyləyib:
“Yeni Azərbaycan Partiyası olaraq biz bu gün hər yerdə əhali ilə görüşlər keçiririk, onların mövqeyini öyrənirik. Xalqımızın mütləq əksəriyyəti referenduma çıxarılan məsələləri bəyənir və ona səs verəcəklərini bildirirlər”.
E.İbrahimov qeyd edib ki, indi Azərbaycanda mövcud olan inkişafı və sabitliyi müxalifətin gözü götürmür:
“Onlar istəyir ki, dünyanın bütün regionlarında olduğu kimi, Azərbaycanda da qeyri-sabitlik olsun və bunlar da yaranan xaosdan özləri üçün yararlansınlar. Əgər müxalifət xalqı istəyən olsaydı, indiki zamanda belə hərəkətlərə yol verməzdilər, xalqın əmin-amanlığı və ölkənin sabitliyi naminə mitinq keçirməzdilər. Ancaq görünən odur ki, müxalifət qətiyyən ölkəni, xalqı düşünmür, xarici qüvvələrin istəyi ilə hərəkət edir. Ancaq Azərbaycan xalqı onların bu hərəkətləri və çıxışlarına qətiyyən əhəmiyyət vermir. Bu gün bütün Azərbaycan xalqı görür ki, ölkəmizdə prezident İlham Əliyev tərəfindən nə qədər böyük işlər görülür. Buna misal olaraq respublikanın bütün şəhər və rayonlarında açılan obyektlər və kompleksləri sadalamaq olar. Elə ötən gün də cənab Prezidentin iştirakı ilə Xaçmazda və Qusarda bir sıra açılışlar olub. Ölkə prezidenti Xaçmazda Yalama Aqroparkının açılışında iştirak edib. Təbii ki, xalq bütün bunları görür və qiymət verir. Ona görə də xalq öz prezidentinə inanaraq, onu dəstəkləyir. Azərbaycanda xalqla prezident arasında güclü birlik var, hamımız referendumda buna bir daha şahid olacağıq”.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın sentyabrın 11-də, saat 17:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməsinə razılıq verib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar