Sizin Reklam Burada
Xəbər lenti
17-09-2024
16-09-2024
BÜTÜN XƏBƏRLƏR

Brüssel yenə vasitəçilik istəyir: amma necə?

Tarix: 02-08-2024 12:08     Baxış: 485 A- / A+

Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi ilə bağlı danışıqlar prosesinin birbaşa, ikitərəfli qaydada getməsi Qərbi narahat edir. Danışıqların formatını dəyişməyə çalışan ABŞ və Fransaya indi də Avropa İttifaqı qatılıb.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dediyinə görə, danışıqlar prosesindəki ətalətdən və Cənubi Qafqaz bölgəsində artan gərginlikdən narahatdır.
O, ABŞ-nin nüfuzlu "Politico" resursuna verdiyi müsahibəsində bildirib ki, Azərbaycanla Ermənistan arasında vasitəçilik missiyasını davam etdirmək niyyətindədir: "Tərəfləri mümkün qədər tez olaraq sülh sazişini imzalamağa çağırıram".
Avropa Siyasi İcmasının İngiltərənin Oksford şəhərində keçirilmiş 4-cü Zirvə Toplanrtısında Şarl Mişel yenə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrılıqda görüşmüşdü.
Oksford sammitində Britaniyanın baş naziri Kir Starmer Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etmək istəsə də, N.Paşinyan imtina etmiş, görüşdən qaçmışdı.
Avropa İttifaqı Şurasındakı mənbələrin iddialarına görə, "Bakı və İrəvan arasında sülh sazişinin imzalanması üçün Şarl Mişel malik olduğu bütün imkanları işə saldığına görə Azərbaycanla Ermənistan qarşılıqlı ittihamlara son qoymalı, sülh sazişini imzalamalıdırlar".
Bundan başqa, Şarl Mişelin Bakıya və İrəvana məktub yollayaraq tərəfləri danışıqlar masası arxasına qayıtmağa, sülh sazişinin imzalanmasına yönəlmiş prosesi başa vurmağa çağırdığı da iddia edilir. O, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin delimitasiya və demarkasiyası ilə bağlı hələ də həll olunmamış məsələlərin çözülməsinə çağırış edib.
Ş.Mişelin, daha doğrusu, Brüsselin məramı aydındır: sülh sazişinin imzalanmasına yönəlmiş danışıqlar prosesində aylardan bəri durğunluq olmasını israrla təkrarlayan Avropa İttifaqı bu minvalla danışıqlar üçtərəfli formata çevirmək, vasitəçi və ya moderator rolunu oynamaq fikrindədir.
Ermənistan ordusunun sürətlə silahlandığını, ABŞ, Fransa və Avropa İttifaqının İrəvana sürəkli yardımlar ayırmasını, Nikol Paşinyan hökumətinin silah-sursat və hərbi texnika tədarükünü artırdığını, xüsusilə də şərti dövlət sərhədində mövqelərimizin ermənilər tərəfindən atəşə tutulması hallarının intensivləşdiyini nəzərə alsaq, bölgədə gərginlik səviyyəsi yüksəlməkdədir. Təbii ki, belə şəraitdə sülh sazişinin imzalanması, regionda onillərdən bəri gözlənilən təhlükəsizliyin və stabilliyin bərqərarı əlahiddə önəm kəsb edir.
Avropa İttifaqının da sülhün əldə etmək üçün imkanlarını səfərbər etməsi ilə bağlı bəyanatlar verməsi pis deyil.
Brüssel indiyədək Bakı və İrəvan arasında vasitəçilik edib.
Şarl Mişelin vasitəçiliyinin ilkin dönəmində situasiya qənaətbəxş idi. Brüssel və Praqadakı danışıqlarda irəliləyişlər əldə olundu, ilkin razılaşmalara yol göründü. Lakin Avropa Siyasi İcmasının İspaniyanın Qranada şəhərində keçirilən zirvə toplantısında "ermənidən artıq erməniyəm" sözləri ilə tanınan Fransa prezidenti Emmanuel Makronun tərəf qismində iştirak etməyə çalışması prosesə zərbə vurdu. Makronun iştirak istəyini açıqlamasından sonra rəsmi Bakı Qranada görüşündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakının mütləq olduğunu bəyan etdi.
E.Makronla Şarl Mişel razılaşmadılar, rəsmi Bakı da görüşdən imtina etdi. Buna rəğmən, Qranadada Emmanuel Makron, Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Nikol Paşinyanın iştirakı ilə dördtərəfli görüş keçirildi, birgə bəyanat imzalandı.
Azərbaycanın iştirakı olmadan Azərbaycanla bağlı məsələnin "müzakirəsi" bir tərəfə - yekun bəyanatda "qarabağlı ermənilərin heç bir qeyd və şərt olmadan mütləq şəkildə təhlükəsiz qayıdışlarının təmin olunması", "Dağlıq Qarabağ problemi" kimi ifadələr də yer almışdı.
Bütün bunlar vasitəçilik missiyasının kobud şəkildə pozulması, Azərbaycana qaba təzyiq cəhdi idi.
Avropa İttifaqı yenidən vasitəçilik etmək istəyirsə, Qranada "görüşü"nü və həmin sammitdə qəbul edilmiş bəyanatı unutmalı, müzakirələrə yenidən başlamalıdır.
Azərbaycan heç bir halda danışıqların növbəti raundunun Qranadadakı biabırçı bəyanatın şərtləri əsasında başlanmasına razılaşmayacaq.
Avropa İttifaqı Qranada görüşünü qulaqardına vurararaq heç nə olmamış kimi davrana bilməyəcək.
Beləcə, vasitəçiliyi bərpa etməyə çalışan və "sülhün bərqərar olmasına can atdığını" vurğulayan Şarl Mişel Avropa İttifaqının özünün fəaliyyətinin məhsulu olan "erməni tələsi"nə düşüb.
Onu da unutmayaq ki, aprelin 5-də Brüsseldə ABŞ-ın dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilmişdi. Fransa prezidenti Emmanuel Makronun da arzuladığı bu görüşdə tərəflər hərbi-texniki əməkdaşlıq və təhlükəsizlik təminatı ilə bağlı məsələlərin müzakirə olunmadığını israrla vurğulasalar da, məhz Brüssel danışıqlarından sonra Avropa Sülh Fondu İrəvana yardım xətti açdı.
Bu xətt çərçivəsində hələlik İrəvana 10 milyon dollar verilsə də, önəmli olan məbləğ yox, yardımın edilməsi faktıdır.
Brüssel danışıqlarından sonra Azərbaycana analoji yardımlarla bağlı qərar qəbul edilmədi və bu minvalla Avropa İttifaqı sırf ermənipərəst mövqe tutduğunu zahirən də olsa, pərdələməyə çalışmadı.
İrəvana yardımlar edən, ermənilərin yanına "Avropa İttifaqının Monitorinq Missiyası" (EUMA) adı altında yüzlərlə peşəkar hərbçini və hərbi mütəxəssisi yollayan, onları fasiləsiz olaraq Azərbaycanla şərti dövlət sərhədində növbə çəkərək, ordumuzun mövqelərini müşahidə etdirən Brüssel sadalanan yarıtmaz qərarlarına rəğmən, sülh müqaviləsinin "ən qısa zamanda imzalanması"nı istədiyini bəyan edir.
Belə davranışın bir adı var: qarşı tərəfi sadəlövh saymaqla yanaşı, ikiüzlülük etmək.
Avropa İttifaqı nədən Ermənistandan tələb etmir ki, Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu müddəa çıxarılsın, Ermənistanın ali qanuna dəyişikliklər edilsin? Belə olmazsa, Ermənistanda revanşizm və yeni müharibə istəyinin yenidən baş qaldırmayacağına kimsə təminat verə bilməz.
Ermənistan Konstitusiyasına zəruri dəyişikliklər edilməzsə, imzalanması nəzərdə tutulan sülh sazişi adi çərçivə anlaşmasına çevriləcək, 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın taleyini təkrarlayacaq. Xatırladaq ki, Ermənistan imzaladığı həmin sənədin şərtlərinin heç birinə (!) əməl etməyib.
Bundan başqa, Şarl Mişel vasitəçilik missiyasını davam etdirmək istəyirsə, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrelin aşkar ermənipərəst, absurd və əksər hallarda siyasi əxlaqla diplomatik etikadan kənar bəyanatları ilə bir daha tanış olmalı, belə paranoidal açıqlamalara son qoyulmasına çalışmalıdır.
Son olaraqsa Şarl Mişel EUMA missiyası ilə bağlı adekvat mövqe nümayiş etdirməlidir. Ermənistanın Azərbaycanla şərti dövlət sərhədi boyunca yerləşmiş bu binokllu müşhaidəçilər erməni hərbçilər ordumuzun mövqelərini atəşə tutanda "qəflətən" kar, kor və lal olurlar. Azərbaycan Ordusu isə cavab atəşi açaraq təxribatçıları susduranda EUMA müşahidəçiləri isterik bəyanatları sıralayır, "Azərbaycanın Ermənistana hücum etməsinə imkan verməyəcəyik" deyirlər.
Avropa İttifaqı bütün bu nöqsanlarla və yarıtmazlıqlarla vasitəçilik missiyasını bərpa etməyə can atırsa, heç nə alınmayacaq.


Elçin Alıoğlu

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar