Azərbaycanın enerji sektorundakı inkişaf təkcə neft və qazla məhdudlaşmır - Deputat
"Prezident İlham Əliyevin 4 iyun tarixində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərinin rəsmi açılış mərasimindəki çıxışı Azərbaycanın enerji sektorunun inkişafını və əldə etdiyi uğurları ətraflı şəkildə təqdim etdi".
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
Deputat bildirib ki, Bakı Enerji Həftəsi Azərbaycanın enerji sektorunun əsas tədbirlərindən biridir və hər il yerli və beynəlxalq ekspertləri bir araya gətirir.
"Bu tədbir 1994-cü ildən bəri Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayıb və ölkəmizin enerji siyasətində mühüm əhəmiyyət daşıyır. Bakı Enerji Həftəsi kimi tədbirlər Azərbaycanın enerji sektorundakı uğurları nümayiş etdirərək ölkəmizin bu sahədəki lider mövqeyini daha da möhkəmləndirir"-, deputat qeyd edib.
M.Məmmədlinin sözlərinə görə, tədbirin geniş formatda keçirilməsi, neft, qaz, kəşfiyyat və hasilat, emal, nəqliyyat və yaşıl enerji sahələrini əhatə etməsi ölkəmizin enerji siyasətinin genişliyini və dərinliyini göstərir.
"Azərbaycanın enerji sektorundakı inkişaf təkcə neft və qaz ilə məhdudlaşmır. Prezident İlham Əliyev çıxışında bərpaolunan enerji mənbələrinə keçidin də vacibliyini vurğuladı.
BƏƏ-dən olan “Masdar” şirkəti ilə əməkdaşlıqda həyata keçirilən layihələr, Azərbaycanın bərpaolunan enerji sektoruna ciddi yatırımlar etdiyini və bu sahədə böyük potensiala malik olduğunu göstərir. Bu layihələrin nəticəsində, 2027-ci ilə qədər 2 qiqavat həcmində bərpaolunan enerji əldə edilməsi planlaşdırılır ki, bu da ölkəmizin enerji təhlükəsizliyini gücləndirəcək",- deputat vurğulayıb.
Manevr.az