Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev fərman imzaladı

Tarix: 03-05-2024 17:28     Baxış: 3210 A- / A+


   
Prezident İlham Əliyev ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
Manevr.az fərmanın mətnini təqdim edir:
1. Dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” bölmələrinə daxil olan sektorlar üzrə strateji planların, habelə bu planlar əsasında həmin sektorların ortamüddətli (növbəti il və sonrakı üç il üçün) xərclər çərçivəsinin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na uyğun olaraq hazırlanması və aidiyyəti üzrə təqdim olunması işi davam etdirilsin.
2. Növbəti ortamüddətli dövr (2025 – 2028-ci illər) ərzində dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Səhiyyə”, “Sosial müdafiə və sosial təminat”, “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət” bölmələrinə daxil olan sektorlar ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarına cəlb edilsinlər.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan sektorlarda yeni büdcə mexanizminin tətbiqi və potensialın artırılması istiqamətində zəruri tədbirlər həyata keçirsin;
3.2. sektorlar üzrə strateji planların hazırlanması qaydasını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, beş ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1685 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.4-cü bənd ləğv edilsin;
4.2. həmin Fərmanla təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası” aşağıdakı redaksiyada verilsin:
“Ortamüddətli xərclər çərçivəsinin hazırlanması
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 3.7.3-cü yarımbəndinə uyğun olaraq hazırlanmışdır və ortamüddətli xərclər çərçivəsinin hazırlanması ilə bağlı məsələləri tənzimləyir.
1.2. Ortamüddətli xərclər çərçivəsini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra – Maliyyə Nazirliyi) hazırlayır.
2. Əsas anlayışlar
2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. ortamüddətli büdcə çərçivəsi (bundan sonra – OMBÇ) – dövlət büdcəsi və icmal büdcə xərclərinin ortamüddətli büdcə siyasətinə uyğun idarə olunması məqsədilə milli xərc prioritetlərinin ortamüddətli resurs zərfinə uyğunlaşdırılmasını təmin edən, ortamüddətli iqtisadi və sosial inkişaf proqnozlarına, eləcə də dövlət büdcəsinin və icmal büdcənin baza proqnozlarına əsasən hazırlanan, dövlət büdcəsi və icmal büdcə xərclərinin, həmçinin büdcə qaydasının hədəf göstəricilərinin yuxarı hədlərini ehtiva edən fiskal tədbirlərin məcmusu;
2.1.2. ortamüddətli xərclər çərçivəsi (bundan sonra – OMXÇ) – ölkə iqtisadiyyatının dayanıqlı inkişafını və strateji məqsədlərinin maliyyələşdirilməsini təmin edən, OMBÇ-yə və sektorlar üzrə strateji planlara uyğun olaraq hazırlanan, ortamüddətli büdcə siyasətini, resurs zərfini və milli xərc prioritetlərini, habelə makrofiskal risklər üzrə idarəetmə tədbirlərini əks etdirən strateji büdcə planı;
2.1.3. ortamüddətli resurs zərfi – makroiqtisadi fərziyyələr və proqnozlar, habelə büdcə qaydasının hədəfləri nəzərə alınmaqla, ortamüddətli dövr üçün dövlət büdcəsinin və icmal büdcənin hesablanmış gəlir və daxilolmalarının məcmusu;
2.1.4. ortamüddətli büdcə siyasəti – ortamüddətli dövr üçün ölkənin makroiqtisadi proqnozlarını, büdcə qaydasına uyğun olan fiskal tədbirləri, habelə büdcə-vergi siyasətini, milli prioritetlərlə uzlaşdırılmış dayanıqlı inkişaf və digər siyasət məqsədlərinin maliyyələşdirilməsini əks etdirən prinsip, qayda və fəaliyyətlərin məcmusu;
2.1.5. nəticəəsaslı büdcə – dövlətin maliyyə resurslarının Azərbaycan Respublikası Prezidentinin aktları ilə təsdiq edilmiş sənədlərdə müəyyənləşdirilmiş strateji məqsəd və hədəflərə nail olunmasına yönələn proqramlar və bu proqramların həyata keçirilməsi üçün nəzərdə tutulan tədbirlər üzrə bölüşdürülməsini və icrasını təmin edən, həmin resurslardan təyinatı üzrə səmərəli istifadə sahəsində nəzarət mexanizminin və hesabatlılığın qurulmasını nəzərdə tutan, habelə proqramlar üzrə tədbirlərin icrasının səmərəliliyini və effektivliyini nəticə göstəriciləri əsasında qiymətləndirməyə imkan verən strateji büdcə planlaması;
2.1.6. nəticə göstəriciləri – sektor üzrə strateji plan çərçivəsində həyata keçirilən proqramlarla bağlı tədbirlərin icrasından əldə edilmiş nəticələrin ölçülməsinə imkan verən göstəricilər;
2.1.7. yeni siyasət təşəbbüsü (bundan sonra – YST) – ortamüddətli dövr ərzində dövlət büdcəsinin və icmal büdcənin vəsaiti hesabına həyata keçirilməsi təklif olunan yeni proqram, layihə və islahat tədbirlərinin təsvirini və onların maliyyələşdirilməsini, habelə icrası davam edən proqram, layihə və islahat tədbirlərinin genişləndirilməsini, təkmilləşdirilməsini və ya ixtisarını əks etdirən gəlir və ya xərclər toplusu;
2.1.8. milli xərc prioritetləri – Azərbaycan Respublikası Prezidentinin aktları ilə təsdiq edilmiş sənədlərdə müəyyənləşdirilmiş strateji məqsəd və hədəflərlə uzlaşdırılan, ölkənin ortamüddətli və uzunmüddətli hədəflərinə əsaslanan xərc istiqamətləri;
2.1.9. sektor – dövlət büdcəsi xərclərinin funksional təsnifatının müvafiq bölməsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar, habelə icmal büdcə ilə əhatə olunan qurumlar tərəfindən dövlətin məqsəd və funksiyalarının həyata keçirildiyi fəaliyyət sahəsi;
2.1.10. sektor üzrə strateji plan – sektor üzrə ortamüddətli strateji siyasəti və sektor üzrə icmallaşdırılmış büdcə planını özündə ehtiva edən sənəd;
2.1.11. sektor üzrə ortamüddətli strateji siyasət – Azərbaycan Respublikası Prezidentinin aktları ilə təsdiq edilmiş sənədlərdə müəyyənləşdirilmiş qısa, orta və uzunmüddətli hədəflər və ölkənin sosial-iqtisadi inkişaf konsepsiyası nəzərə alınmaqla, sektor üzrə aparıcı qurum və həmin sektorda fəaliyyəti olan təşkilatlar tərəfindən ortamüddətli dövrdə həyata keçiriləcək tədbirlərin əsas istiqamətlərini özündə əks etdirən bəyanat;
2.1.12. sektor üzrə icmallaşdırılmış büdcə planı – sektorda fəaliyyəti olan təşkilatların (o cümlədən sektor üzrə aparıcı qurumun) həmin sektor üzrə büdcə planlarının məcmusu;
2.1.13. sektor üzrə aparıcı qurum – Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən və müvafiq sektorda dövlət siyasətini və tənzimləməsini həyata keçirən, həmin sektor üzrə büdcə planlarını icmallaşdıraraq sektor üzrə strateji planı hazırlayan, həmin planda müəyyənləşdirilmiş məqsəd və hədəflərə nail olunmasına görə məsuliyyət daşıyan və bu məqsədlə sektorda fəaliyyəti olan təşkilatların büdcə planlarının icrasına fəaliyyət istiqamətlərinə uyğun olaraq nəzarət edən orqan (qurum);
2.1.14. sektorda fəaliyyəti olan təşkilat – sektor üzrə strateji planın hazırlanmasında fəaliyyət istiqamətlərinə uyğun olaraq iştirak edən və büdcə planına daxil olan tədbirlərin (layihələrin) icrasına, həmin tədbirlərdən gözlənilən nəticələrə nail olunmasına görə məsuliyyət daşıyan və həmin sektordakı fəaliyyəti büdcə xərclərinin funksional təsnifatının müvafiq bölməsindən maliyyələşdirilən təşkilat, orqan (qurum), o cümlədən sektor üzrə aparıcı qurum;
2.1.15. təşkilatın sektor üzrə büdcə planı – sektorda fəaliyyəti olan təşkilat (o cümlədən sektor üzrə aparıcı qurum) tərəfindən hazırlanan, sektor üzrə strateji planda müəyyən edilən hədəflərə nail olmaq üçün ortamüddətli dövrdə həyata keçiriləcək tədbirləri və YST-ləri, onların maliyyələşmə mənbələrini, eləcə də icrasını qiymətləndirən nəticə göstəricilərini ehtiva edən sənəd;
2.1.16. proqram – sektor üzrə strateji planda müəyyənləşdirilmiş əsas strateji məqsəd və hədəflərə nail olmaq üçün sektorda fəaliyyəti olan təşkilatlar tərəfindən həyata keçirilən və qruplaşdırılaraq eyni hədəfə yönəlmiş tədbirlərin məcmusu;
2.1.17. tədbir – icrası nəticə göstəriciləri ilə qiymətləndirilən, mal və xidmətin keyfiyyətini və ya həcmini artırmaq məqsədilə həyata keçirilən müddətli və ya davam edən layihə, eləcə də sektor üzrə strateji plana daxil olan proqramlar üzrə müəyyənləşdirilmiş hədəflərə nail olmaq üçün həmin sektorda fəaliyyəti olan təşkilat (o cümlədən sektor üzrə aparıcı qurum) tərəfindən həyata keçirilən fəaliyyət;
2.1.18. baza proqnozları – hər hansı siyasət dəyişikliyi tətbiq edilmədən dövlət büdcəsi və icmal büdcənin gəlir və xərclərinin, o cümlədən mövcud və davam etməkdə olan proqram və tədbirlər üzrə cari, əsaslı və dövlət borcuna xidmətlə bağlı xərclərin (növbəti illərdə təkrarlanması nəzərdə tutulmayan tədbirlər üçün tələb olunan resurslar istisna olmaqla) proqnozlaşdırılan məbləğləri;
2.1.19. ssenarilər – müxtəlif fərziyyələrə əsaslanan, iqtisadi siyasət parametrlərinə və ölkənin sosial-iqtisadi inkişafına təsir edə biləcək xarici və daxili amillər, habelə ortamüddətli sosial-iqtisadi inkişafa dair məqsəd və hədəflər nəzərə alınmaqla baza, optimist və pessimist variantlar əsasında hazırlanan əsas makroiqtisadi göstəricilərin proqnozlarının məcmusu;
2.1.20. büdcə sifarişi – təşkilatın sektor üzrə büdcə planında nəzərdə tutulan tədbirlərin icrası üçün tələb olunan maliyyə vəsaiti;
2.1.21. fiskal risklər – ortamüddətli dövr ərzində dövlət büdcəsinin və icmal büdcənin icra göstəricilərinin proqnozlardan, habelə sektorda fəaliyyəti olan təşkilatların büdcə planlarında əks olunan tədbirlərin icrasından gözlənilən nəticələrdən kənarlaşmasına səbəb olan, habelə dövlət büdcəsinin və icmal büdcənin icrasına mənfi təsir göstərə biləcək risklər;
2.1.22. fiskal risklərin idarə edilməsi – fiskal risklərin mümkün təsirlərinin minimuma endirilməsi məqsədilə onların müəyyən edilməsini, qiymətləndirilməsini, qarşılanmasını və bununla bağlı təklif və tövsiyələrin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsini əhatə edən fəaliyyət.
2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.
3. Ortamüddətli xərclər çərçivəsinin məqsədi
3.1. OMXÇ-nin əsas məqsədləri aşağıdakılardır:
3.1.1. makroiqtisadi sabitlik və dayanıqlı iqtisadi artım üçün tələb olunan məcmu fiskal intizamın təmin edilməsi;
3.1.2. ortamüddətli resurs zərfi daxilində xərc istiqamətlərinin sektorlar arasında prioritetləşdirilməsi;
3.1.3. fəaliyyətin göstəricilər əsasında ölçülməsini nəzərdə tutan nəticəəsaslı büdcə tərtibi mexanizminin təşkili üçün zəruri şərait yaradılması.
4. Ortamüddətli iqtisadi və sosial inkişaf proqnozlarının hazırlanması
4.1. Ortamüddətli dövr üçün ilkin iqtisadi və sosial inkişaf proqnozlarının hazırlanması məqsədilə aşağıdakı məlumatlar cari il fevralın 5-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (bundan sonra – İqtisadiyyat Nazirliyi) təqdim edilir:
4.1.1. Maliyyə Nazirliyinin təqdim etdiyi aşağıdakı məlumatlar:
4.1.1.1. ötən ilin dövlət büdcəsinin gəlir və xərclərinin ilkin icra göstəriciləri, ortamüddətli dövr üçün isə dövlət büdcəsinin ilkin ssenarilər üzrə proqnoz göstəriciləri:
4.1.1.1.1. gəlirlər, o cümlədən neft və qeyri-neft gəlirləri (tədiyə növləri üzrə) və Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (bundan sonra – Neft Fondu) dövlət büdcəsinə transfertin yuxarı həddi;
4.1.1.1.2. xərclər, o cümlədən cari, əsaslı və dövlət borcuna xidmətlə bağlı xərclər (daxili və xarici, əsas borc və faiz ödənişləri olmaqla), habelə funksional və iqtisadi təsnifatın bölmələri səviyyəsində xərclər;
4.1.1.1.3. dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələri;
4.1.1.1.4. dövlət büdcəsinin xarici valyutada olan xərcləri barədə məlumat;
4.1.1.2. dövlət borcu və dövlət zəmanətlərinin həcmi barədə ötən ilin sonuna olan ilkin məlumat və növbəti ortamüddətli dövr üçün dövlət borcu barədə proqnoz;
4.1.2. Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) təqdim etdiyi aşağıdakı məlumatlar:
4.1.2.1. monetar sektor üzrə ətraflı faktiki statistik məlumatlar (pul bazası, pul aqreqatları, pul icmalı, Mərkəzi Bankın analitik balansı, həmçinin Mərkəzi Bankın əməliyyatları);
4.1.2.2. tədiyə balansı üzrə ötən ilin ətraflı faktiki statistik məlumatları (cari hesab, kapital hesabı, maliyyə hesabı, həmçinin xarici borc və onun dəyişməsi, xalis aktivlərdə dəyişmə və beynəlxalq ehtiyatlar);
4.1.3. Neft Fondu tərəfindən Fondun gəlir və xərclərinin ilkin icra göstəriciləri, cari il üçün gözlənilən, ortamüddətli dövr üçün proqnozlaşdırılan aşağıdakı məlumatlar:
4.1.3.1. Neft Fondunun xam neftin müxtəlif ortaillik ixrac qiymətlərinə uyğun hesablanmış gəlir və xərclərinin proqnozu;
4.1.3.2. neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən ödəyicilərin hasilat göstəriciləri;
4.1.3.3._Neft Fondunun vəsaiti hesabına həyata keçirilən layihələrin maliyyələşdirilməsi üçün sifarişçi təşkilatların vəsait ehtiyacı barədə proqnoz məlumatı;
4.1.3.4. Neft Fondunun aktivlərinin orta gəlirlilik dərəcəsi;
4.1.4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən İqtisadiyyat Nazirliyinin təqdim etdiyi formaya uyğun olaraq, əvvəlki il üçün ilkin statistik məlumatlar;
4.1.5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun gəlir və xərcləri barədə ötən il üzrə ilkin icra göstəriciləri, dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun gəlir və xərcləri, ortaaylıq əməkhaqqı, yaşayış minimumu, minimum əməkhaqqı, ehtiyac meyarı, məşğulluq, sosial və demoqrafik göstəricilər barədə cari ildə gözlənilən, ortamüddətli dövr üçün proqnozlaşdırılan məlumatlar;
4.1.6. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən idxal-ixrac əməliyyatları üzrə əvvəlki ilin faktiki göstəriciləri, cari ildə gözlənilən, ortamüddətli dövr üçün isə proqnozlaşdırılan məlumatlar;
4.1.7. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icbari tibbi sığorta fondunun ötən il üzrə ilkin icra göstəriciləri, cari ildə gözlənilən, ortamüddətli dövr üçün proqnozlaşdırılan gəlir və xərcləri barədə məlumatlar.
4.2. İqtisadiyyat Nazirliyi ölkənin ortamüddətli dövr üzrə proqnoz göstəricilərinin tərtibi üçün əlavə əsaslandırıcı materialları və hesablamaları mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, həmçinin onların struktur bölmələrindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq digər hüquqi şəxslərdən, o cümlədən büdcə və büdcədənkənar dövlət fondlarından və bələdiyyələrdən tələb edə bilər.
4.3._Aidiyyəti qurumların nümayəndələri ortamüddətli dövr üzrə proqnoz göstəricilərinin tərtibində iş qaydasında iştirak edir və hesablamalar üçün tələb olunan əlavə məlumatların təqdim edilməsini təmin edirlər.
4.4. Ortamüddətli iqtisadi və sosial proqnoz göstəricilərinin koordinasiyalı şəkildə hazırlanması üçün İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə Komissiya yaradıla bilər.
4.5. İqtisadiyyat Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə əsasən təqdim olunan məlumatları nəzərə alaraq, cari il üçün gözlənilən, ortamüddətli dövr üçün ilkin iqtisadi və sosial inkişaf proqnozlarını ssenarilərə uyğun olaraq hazırlayır və cari il martın 1-dək Maliyyə Nazirliyinə təqdim edir.
4.6. Bu Qaydanın 4.1.1 – 4.1.7-ci yarımbəndlərində qeyd olunan aidiyyəti dövlət qurumları həmin bənddə göstərilən məlumatları dəqiqləşdirərək cari il iyulun 15-dək İqtisadiyyat Nazirliyinə təqdim edir.
4.7. İqtisadiyyat Nazirliyi cari ilin altı ayının faktiki nəticələri nəzərə alınmaqla, cari il üçün gözlənilən, ortamüddətli dövr üzrə dəqiqləşdirilmiş iqtisadi və sosial inkişaf proqnozlarını ssenarilərə uyğun olaraq cari il avqustun 1-dək Maliyyə Nazirliyinə təqdim edir.
4.8. Bu Qaydanın 4.7-ci bəndinə əsasən Maliyyə Nazirliyi tərəfindən təqdim edilmiş ortamüddətli dövr üçün dövlət büdcəsinin və icmal büdcənin proqnozlarında dəyişiklik olduğu təqdirdə, həmin məlumatlar yenidən dəqiqləşdirilərək İqtisadiyyat Nazirliyinə təqdim olunur, İqtisadiyyat Nazirliyi tərəfindən isə təqdim edilən məlumatlara əsasən dəqiqləşdirilmiş iqtisadi və sosial inkişaf proqnozları Maliyyə Nazirliyinə təqdim edilir.
5. OMXÇ-nin hazırlanması
5.1. Maliyyə Nazirliyi bu Qaydanın 4.5-ci bəndində qeyd edilən göstəricilər, habelə tərtib etdiyi ortamüddətli resurs zərfi və baza proqnozları əsasında OMBÇ-ni hazırlayır və cari il aprelin 5-dək Azərbaycan Respublikasının İqtisadi Şurasına (bundan sonra – İqtisadi Şura) təqdim edir.
5.2. Maliyyə Nazirliyi İqtisadi Şuranın tövsiyələri nəzərə alınmaqla dəqiqləşdirilmiş OMBÇ-ni cari il aprelin 15-dək özünün rəsmi internet səhifəsində yerləşdirir.
5.3. Sektorlar üzrə aparıcı qurumlar aidiyyəti sektorlar üzrə ortamüddətli strateji siyasətlərini bu Qaydanın 5.2-ci bəndində qeyd olunan OMBÇ nəzərə alınmaqla hazırlayır və cari il mayın 1-dək həmin sektorlarda fəaliyyəti olan təşkilatları məlumatlandırır, yaxud öz rəsmi internet səhifələrində yerləşdirirlər.
5.4. OMXÇ və nəticəəsaslı büdcə mexanizminin tətbiqi məqsədilə Maliyyə Nazirliyi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə uyğun olaraq hazırlanan təlimat məktubunu cari il mayın 1-dək OMXÇ və nəticəəsaslı büdcə mexanizminə cəlb olunan sektorlarda fəaliyyəti olan təşkilatlara, o cümlədən həmin sektorlar üzrə aparıcı qurumlara və publik hüquqi şəxslərə göndərir. Təlimat məktubunda müvafiq sektorda fəaliyyəti olan hər bir təşkilat üçün dövlət büdcəsi hesabına xərclər, o cümlədən mövcud və davam etməkdə olan proqramlar üzrə xərclərin baza proqnozları, həmçinin YST-lər üzrə yuxarı hədlər aydın göstərilir.
5.5. Müvafiq sektorda fəaliyyəti olan təşkilatlar bu Qaydanın 5.4-cü bəndində qeyd edilən təlimat məktubunda müəyyən olunan hədlər nəzərə alınmaqla hazırladıqları müvafiq sektorlar üzrə ortamüddətli büdcə planlarını həmin sektorlar üzrə aparıcı quruma, büdcə (o cümlədən YST) sifarişlərini isə Maliyyə Nazirliyinə cari il iyulun 1-dək təqdim edir.
5.6. OMXÇ və nəticəəsaslı büdcə mexanizminə cəlb olunan sektorlarda fəaliyyəti olan təşkilatlar, o cümlədən həmin sektorlar üzrə aparıcı qurumlar və publik hüquqi şəxslər fiskal risklərin idarə edilməsi üçün tələb olunan məlumatları bu Qaydanın 5.4-cü bəndində qeyd edilən təlimat məktubuna uyğun olaraq cari il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim edir.
5.7. Sektorlar üzrə aparıcı qurumlar həmin sektorlarda fəaliyyəti olan təşkilatlar tərəfindən təqdim olunan büdcə planlarını icmallaşdıraraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan sonra – Nazirlər Kabineti) müəyyən etdiyi qaydada sektorlar üzrə strateji planları tərtib edirlər və bu Qaydanın 5.4-cü bəndində qeyd edilən təlimat məktubuna uyğun olaraq cari il avqustun 1-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim edirlər.
5.8. Maliyyə Nazirliyi müvafiq sektorlarda fəaliyyəti olan təşkilatlardan, o cümlədən sektorlar üzrə aparıcı qurumlardan əlavə məlumat, sənəd və izahatlar da tələb edə bilər.
5.9. Maliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilmiş bu Qaydanın 4.7-ci bəndində qeyd olunan dəqiqləşdirilmiş və ya bu Qaydanın 4.8-ci bəndində qeyd olunan yenidən dəqiqləşdirilmiş iqtisadi və sosial inkişaf proqnozları, habelə sektorlar üzrə aparıcı qurumlar tərəfindən təqdim edilmiş sektorlar üzrə strateji planlar, o cümlədən həmin sektorlar üzrə icmallaşdırılmış büdcə planları və sektorlarda fəaliyyəti olan təşkilatlar tərəfindən təqdim edilən büdcə (o cümlədən YST) sifarişləri əsasında OMXÇ-ni hazırlayaraq cari il sentyabrın 5-dək OMXÇ-ni və sektorlar üzrə strateji planları İqtisadi Şuraya, cari il sentyabrın 15-dək isə dövlət büdcəsinin layihəsi ilə birlikdə Nazirlər Kabinetinə təqdim edir.
5.10. Nazirlər Kabineti İqtisadi Şuranın tövsiyələrini də nəzərə almaqla, OMXÇ-ni dövlət büdcəsinin layihəsi ilə birlikdə cari il sentyabrın 25-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
5.11. Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, OMXÇ-ni cari il oktyabrın 15-dək özünün rəsmi internet səhifəsində yerləşdirir.
6. Hesabatlılıq və monitorinq
6.1. Sektorlarda fəaliyyəti olan təşkilatlar büdcə planlarının ötən il üzrə icrası barədə məlumatları Maliyyə Nazirliyinin müəyyən etdiyi formalara uyğun olaraq cari il martın 1-dək həmin sektorlar üzrə aparıcı qurumlara təqdim edirlər.
6.2. Sektorlar üzrə aparıcı qurumlar sektorlar üzrə strateji planlar çərçivəsində ötən il ərzində həyata keçirilən proqramlar üzrə müəyyən edilmiş hədəflərə nailolma səviyyəsini əks etdirən məlumatları İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə, sektorlar üzrə icmallaşdırılmış büdcə planlarının ötən il üzrə icrası barədə məlumatları isə Maliyyə Nazirliyinin müəyyən etdiyi formalara uyğun olaraq Maliyyə Nazirliyinə cari il aprelin 1-dək təqdim edirlər.
6.3. Sektorlar üzrə aparıcı qurumlar sektorlar üzrə strateji planların ötən il üzrə icrası barədə hesabatlarını, Maliyyə Nazirliyi isə sektorlar üzrə icmallaşdırılmış büdcə planlarının ötən il üzrə icrasına dair monitorinqin nəticələrini cari il iyulun 15-dək İqtisadi Şuraya, iyulun 30-dək İqtisadi Şuranın təklif və tövsiyələri nəzərə alınmaqla Nazirlər Kabinetinə təqdim edir.
6.4. Nazirlər Kabineti bu Qaydanın 6.3-cü bəndində qeyd olunan hesabatlara və monitorinq nəticələrinə əsasən aşkar olunmuş nöqsan və problemlərin aradan qaldırılması məqsədilə zəruri tədbirlər görülməsi üçün fəaliyyətində nöqsanlar aşkar edilmiş təşkilatlara, həmçinin sektorlar üzrə aparıcı qurumlara müvafiq tapşırıqlar verir və həmin tapşırıqların icrasına fəaliyyət istiqamətinə uyğun olaraq nəzarət edir.
6.5. Sektorlar üzrə aparıcı qurumlar sektorlar üzrə strateji planların ötən il üzrə icrası barədə hesabatlarını, Maliyyə Nazirliyi isə sektorlar üzrə icmallaşdırılmış büdcə planlarının ötən ilin icrası üzrə monitorinqinin nəticələrini cari il avqustun 15-dək öz rəsmi internet səhifələrində yerləşdirir.”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar