Dünən Moskvada Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında görüş olub, danışıqlar aparılıb.
Bu il Azərbaycanda keçirilmiş Prezident seçkilərində qələbədən sonra dövlət başçımızla V.Putin arasında ilk real təmas zamanı çoxsaylı məsələlər müzakirə olunub.
Təbii ki, nəzərdən keçirilmiş məqamlar arasında əsas yeri Rusiya Sülhməramlı Kontingentinin (RSK) Azərbaycandan çıxarılması və 32 ildən bəri Ermənistanda işğal altında olan 8 kəndimizin 4-nün azad edilərək vətənə qaytırlması ilə bağlı situasiya tutur.
Moskva hesab edir ki, səlahiyyət müddətinin 2025-ci ildə başa çatması təsbitlənmiş RSK-nın vaxtından əvvəl çıxarılması və 4 kəndlə bağlı vəziyyət Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına yönəlmiş danışıqlar prosesində Rusiyanın da iştirakını məntiqi edir.
Daha konkret olsaq, V.Putinin fikrincə, birbaşa ikitərəfli danışıqlar formatı üçtərəfli müzakirələr səviyyəsinə keçə bilər.
Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanın da səfərini gözləyirlər.
İrəvanın Qərbə meyllənmiş xarici siyasət doktrinası və ABŞ-Fransa-Avropa İttifaqı triosunun təlimatları əsasında reallaşdırılan strategiyası ilə bağlı Rusiyanın hakimiyyət dairələrinin Paşinyana bəlli sualları var.
Azərbaycan və Rusiyanın dövlət başçılarının bu ildə ilk görüşlərinin rəsmi səbəbi Baykal-Amur Magistralının (BAM) inşasına başlanmasının 50 illiyi idi.
Azərbaycanın sabiq Prezidenti, Ulu Öndər keçmiş SSRİ-nin baş nazirinin birinci müavini vəzifəsində çalışanda BAM-ın inşası ilə bağlı məsələlərə şəxsən nəzarət edirdi.
Vladimir Putinin dediyinə görə, iyulun 8-də Amur vilayətində BAM-ın təntənəli yubileyi ərəfəsində o, Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşməyi məqbul bilib.
Rusiya prezidentinin mətbuat xidmətinin danışıqlardan əvvəl yaydığı rəsmi açıqlamada deyilirdi: "Danışıqlar zamanı Rusya və Azərbaycan arasındakı strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin bundan sonrakı inkişafının önəmli məqamlarının müzakirəsi, habelə aktual regional problematika ilə bağlı geniş fikir mübadiləsi nəzərdə tutulub".
Təbii ki, bu açıqlama iki ölkə arasındakı qarşılıqlı əlaqələrlə yanaşı, bölgədə formalaşan geosiyasi və geostrateji situasiyanın diqtə etdiyi bütün nüansları ehtiva etmirdi.
Cənubi Qafqazdakı proseslər, xüsusilə də aprelin 5-də Brüsseldə ABŞ-nin dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı görüşlə müzakirələr və imzalanmış sənədlər bölgəmizdə Qərbin təsir imkanlarını mümkün qədər artırmaq niyyətində olduğunu əvvəl de-fakto aşkarlamışdısa, indi de-yure təsdiqlədi.
Vaşinqton-Paris-Brüssel triosu Ermənistan vasitəsilə Cənubi Qafqazda qüvvələr nisbətinə təsir etmək, Rusiya və İranın mövqelərini zəiflətmək, daha sonra isə onların hadisələrə təsir vasitələrini ifrat dərəcədə zəiflətmək niyyətindədir.
Dünən Kremldə keçirilmiş görüşdə də V.Putin bu amillərə işarə edib.
"Bu günlərdə BAM-ın (Baykal-Amur Magistralının) 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, hökumət komissiyasına rəhbərlik edən atanız dəfələrlə tikintiyə baş çəkərək bu məsələdə çox əhəmiyyətli rol oynayıb. Əslində o, bütün Sovet İttifaqı üçün mühüm olan bu nəhəng layihənin təşkilatçılarından biri olub. Biz təkcə bu barədə bilməklə kifayətlənmirik, həm də bunu xatırlayırıq və ona çox minnətdarıq, onun xatirəsini yad edirik.
İndi biz, yəqin ki, Siz bu barədə bilirsiniz, Şərq poliqonu adlı marşrutu inkişaf etdiririk, həm BAM, həm də Transsib onunla bağlıdır. Beləliklə, bütün bunlar bu gün də bizim üçün əhəmiyyətlidir, həm də çox böyük əhəmiyyətə malikdir.
Düşünürəm, hətta əminəm ki, atanızın bu nəhəng layihənin həyata keçirilməsinə sərf etdiyi bütün səylər, zəhmət çəkdiyi illər bu gün də təkcə Rusiya üçün deyil, həm də bütün Müstəqil Dövlətlər Birliyi üçün mühüm rola malikdir. Onu nəzərdə tuturam ki, bir çox tərəfdaşlarımız bu və ya digər dərəcədə bu nəqliyyat arteriyasından istifadə edirlər.
Əlbəttə, bizim yüksək səviyyədə olan və inkişaf edən ikitərəfli münasibətlərimizdən danışmaq imkanımız olacaq. Əmtəə dövriyyəmiz artır: o, artıq 4 milyard dollardan da çoxdur. Dollar ekvivalentində desək, Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya investisiyası 6 milyarddır. Hökumətlərarası komissiya fəal işləyir. İqtisadiyyatın real sektorunda, kooperasiyada, infrastrukturda əməkdaşlığın bir çox maraqlı istiqamətləri var, zənnimcə, onların bir neçəsi ölkələrimizin ictimaiyyətinə məlumdur", - V.Putin deyib.
Azərbaycan Prezidenti İlham Əliyev isə bəyan edib: "Əlbəttə, Heydər Əlirza oğlu Əliyevin xatirəsinə ehtiramla yanaşdığına görə Vladimir Vladimiroviç Putinə xüsusi təşəkkür sözləri ifadə edirəm. Biz yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasında dostluq, mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar. 2001-ci ildə Vladimir Vladimiroviç Putin Azərbaycana səfər etdi və bu, bizim birlikdə keçdiyimiz uzun bir yolun başlanğıcı oldu. Heydər Əlirza oğlu Əliyev vaxtilə Ümumittifaq tikintisi adlandırılan bu nəhəng layihənin həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib. Ona görə bizim üçün əlbəttə ki, bu tədbirdə iştirak etmək çox xoşdur və böyük şərəfdir. Bu gün bu qlobal layihənin həyata keçirilməsinə öz töhfəsini verən insanlarla da görüşəcəyik.
Tarixin yaddaqalan bu məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir. Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada, Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik.
Sizin də qeyd etdiyiniz kimi gündəlik kifayət qədər genişdir. Orada nəqliyyat komponenti də var, bu gün onu da müzakirə edəcəyik. Ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir.
Regional təhlükəsizlik məsələləri həmişə bizim görüşümüzün gündəliyindədir. Biz, həmçinin şadıq ki, onlar öz həllini tapır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Biz qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq".
Azərbaycanın və Rusiyanın dövlət başçılarının görüşünü postsovet məkanında, xüsusilə də Cənubi Qafqazdakı vəziyyətin yeni formasiyası və proseslərin sürətlənməsi şərtləndirib.
Moskva görür ki, Qərblə Ermənistan arasında siyasi kommunikasiyaların artması, İrəvanın faktiki olaraq satellitə çevrilməyə razılaşması və Nikol Paşinyanın bölgədə məhz Qərb narrativləri əsasında qarşılıqlı əlaqələr modeli qurmağa meylli olması Rusiyanın dayaqlarınnı zəiflədir.
Rusiyanın siyasi elitaları hesab edirlər ki, Nikol Paşinyanın yürütdüyü, Qərbə yarınmağa əsaslanan siyasət Cənubi Qafqaz bölgəsində hadisələrin inkişafı ilə bağlı bir neçə alternativ ssenari formalaşdırsa da, bütün ssenarilərdə geosiyasi rəqiblər Rusiya və Qərbdir.
Rusiya Sülhməramlı Kontingentinin (RSK) Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması Moskva və Bakı arasındakı münasibətlərin keyfiyyətcə yeni səviyyəyə keçməsindən xəbər verir. Belə ki, Moskva Azərbaycanın tərkib hissəsi olan Qarabağdakı vəziyyətə görə məsuliyyətin bundan sonra bütünlüklə Bakıya düşdüyünü, Bakının da bu missiyanın öhdəsindən tam gəlmək üçün bütün resurslara və imkanlara malik olduğunu etiraf edib.
Rusiya bölgədə təhlükəsizliklə bağlı məsələləri Azərbaycanla ayrı-ayrılıqda yox, birlikdə həll etməyin tərəfdarıdır.
Eyni zamanda, Moskva ermənilərin Avroatlantika strukturlarına inteqrasiya olmaq, Qərbin isə Ermənistanın təhlükəsizliyini Vaşinqton-Paris-Brüssel triosunun geosiyasi və NATO-nun hərbi-siyasi hamiliyi vasitəsilə təmin etmək niyyətlərindən narahatdır.
Son vaxtlaradək N.Paşinyan administrasiyası və Ermənistanın hakimiyyət elitaları Qərblə intensiv tərəfdaşlığı, xüsusilə də Avropa İttifaqının Ermənistandakı müşahidə-monitoriq missiyasının (EUMA) fəaliyyətini və xüsusilə də onun heyətinin fasiləsiz genişləndirilməsini Azərbaycanda rusiyalı sülhməramlıların mövcudluğu, RSK amilini tənzimləmək niyyətiilə əlaqələndirirdilər. Lakin artıq RSK Azərbaycandan çıxır və Qərb bundan sonra Ermənistanda EUMA pərdəsi altında hərbi-polis missiyasının fəaliyyətinə siyasi amillərlə pərdələyə bilməyəcək.
Ermənistanda işğalda olan 8 kənddən 4-nün azad edilərək Azərbayxana qaytarılması ilə bağıl qəar isə Moskva-Bakı-İrəvan geosiyasi uçbucağında yeni vəziyyətin formalaşmasına səbəb olub.
Rusiyanın XİMN başçısı Sergey Lavrov da son bəyanatlarında bildirib ki, Ermənistan Azərbaycanla şərti dövlət sərdəditnin delimitasiyasına başlamalıdır: "Yalnız bu proses başa çatandan sonra İrəvanın təkidlə vurğuladığı məsələ, yəni KTMT-nin məsuliyyət zonasının müəyyənləşməsi barədə danışmaq olar. Yaşanan situasiyanın vicdanlı müzakirəsi üçün Rusiya və Ermənistan arasında yüksək səviyyədə təmaslar davam etdirilməlidir. Ümid edirəm ki, Nikol Paşinyanla təmaslar olacaq və bu təmaslar zamanı bir sıra məsələləri Qərbdəki bədxahların Ermənistana təqditm etdiyi arqumentlər olmadan müzakirə edə biləcəyik".
... Azərbaycanla Rusiya arasında əlaqələr inkişaf edir və ciddi perspektivə malikdir.
Həmin əlaqələrin zəiflədilməsini istəyənlər, buna can atanlar isə Rusiyanın bölgədəki təsir rıçaqlarının minimallaşdırılmasını yox, Azərbaycana Qərbin təzyiq mexanizmlərinin güclənməsini arzulayırlar.
Azərbaycan isə Rusiya kimi, Qərblə də tərəfdaşlığın və əməkdaşlığın daha da aktivləşməsində, miqyasın artırılmasında maraqlıdır.
Rasional, praqmat və müstəqil siyasət də elə budur.
Elçin Alıoğlu
TREND
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar